Deputat Siyavuş Novruzov belə təkliflərə cavab olaraq deyib ki, Azərbaycanda Silahlı Qüvvələrə nəzarət Ali Baş Komandan tərəfindən həyata keçirilir. Hər hansı nöqsan baş verdikdə Ali Baş Komandan tərəfindən struktur dəyişikliyi və ya digər məsələlər həyata keçirilir. «Belə olan halda, orduya nəzarətin hər hansı qeyri-hökumət təşkilatı tərəfindən həyata keçirilməsi təklifini irəli sürmək düzgün deyil», - o deyib.
S.Novruzov qeyd edib ki, bəzən hərbi xidmətə getməyənlər hərbi xidmətdən danışır. Onun fikrincə ordu nəzəriyyə deyil, praktikadır: «Ali Baş Komandanın tapşırığı budur ki, əsgər yemək bişirməməli, döşəmə yumamalı, döyüşə hazır olmalı, taktikanı öyrənməlidir. Bunun üçün digər işlərə başqa şəxslər cəlb olunur. Lakin həqiqi hərbi xidmətə çağırılan şəxslərə ictimai nəzarət lazım deyil. Ümumiyyətlə, ordu cəmiyyətə qapalı olmalıdır ki, işinin öhdəsindən gələ bilsin».
Birinci vitse-spiker, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsi sədri Ziyafət Əsgərov da ordu üzərində ictimai nəzarət təkliflərinə qarşı çıxıb. O deyib ki, mətbuatın ordudan yazmasına Müdafiə Nazirliyinin mətbuat xidməti vasitəsi ilə lazımı şərait yaradılır və bundan artığını etmək düzgün deyil.
O, ABŞ-ın İraqdakı əməliyyatları zamanı yaranmış vəziyyəti nümunə gətirib: «ABŞ-ın İraqda müharibə zamanı etdiyi kimi, biz də deyək ki, ümumiyyətlə, ordudan yazmaq lazım deyil? Belə edək istəyirsiniz? İndi ABŞ kimi deyək ki, «gedin, işinizlə məşğul olun, biz müharibə aparırıq?»
Vitse-spiker zaldakı jurnalistlərə üzünü tutaraq, «Eşitdiniz, hörmətli jurnalistlər? Nə var, onu yazın!» söyləyib.
Müdafiə Nazirliyinin şəxsi heyət üzrə müavini, general-leytenant Kərim Vəliyev isə müzakirələrdə çıxış edərək deputatları və jurnalistləri ordu barədə danışarkən diqqətli olmağa çağırıb. K.Vəliyev qeyd edib ki, ötən dəfə müzakirələr zamanı deputat Qüdrət Həsənquliyev Tərtərdə hərbi hissələrin birində baş verən özbaşınalıqla bağlı məsələyə toxunub.
«Bu məsələ dərhal bütün mediada yayılmağa başladı. Mən məlumat əldə edən kimi dərhal Qüdrət müəllimlə telefon vasitəsilə əlaqə saxladım. Onun özü də bu məlumatın getməsinə təəccübləndi. Bildirdi ki, media onun nə vaxtsa səsləndirdiyi fikirləri işıqlandırıb. Ordu haqqında nəsə deyəndə diqqətli olmalıyıq. Bu, həssas məsələdir. Müharibə şəraitindəyik. Hər neqativ hal düşmən təbliğatında bizə qarşı işlənilir. Biz də ictimai nəzarət də var. Bir sıra şəxslər, deputatlar gəlib ordudakı şəraitlə tanış olurlar. Kim müraciət edirsə, onu qəbul etməyə hazırıq. 50-dən çox akkreditə olunmuş jurnalist var. Lazım olanda onlar ön cəbhədə çəkiliş edirlər. Ombudsman Aparatı, Baş Prokurorluq da Silahlı Qüvvələrə nəzarət edir».
Generala reaksiya verən spiker Oqtay Əsədov onu narahat olmamağa çağırıb: «Cənab general, unutmaq lazım deyil ki, burada tənqidi fikir səsləndirən hər deputat Azərbaycan Ordusundakı hər məsələyə görə özünü məsuliyyətli sayır, cavabdeh hesab edir. Düzdür, Milli Məclisdə çıxışlar var. İndi Qüdrət müəllimin çıxışını araşdıraq. Bəzən jurnalistlər məsələni kontekstdən çıxarıb yayırlar. Tənqid həmişə olur». (İnformasiya agentliklərinin materialları əsasında)