Vaxt.Az

Gələn il gərginlik artacaq


 

ABŞ-Rusiya münasibətləri soyuq müharibə dövrünə qayıdır

Gələn il gərginlik artacaq Dekabrın 18-də Tramp ABŞ-ın yeni milli təhlükəsizlik strategiyasını açıqlayacaq. Mətn hələ dərc edilməyib, amma sənədin fəlsəfəsi və mühüm məqamları ümumi şəkildə məlumdur.

Tramp seçilərkən onun özünütəcrid (izloyasionist) siyasəti aparacağına dair gözləntilərin əksinə olaraq, yeni strategiyada ABŞ-ın dünyada mövqelərini möhkəmləndirmək məqsədi qarşıya qoyulub. Bu məqsədi reallaşdırmaq yönündə həyata keçiriləcək siyasət Reyqanın adıyla bağlı olan «güc vasitəsilə sülh» formulu ilə ifadə edilir. Əslində bu formul ilk dəfə ABŞ-ın məşhur dövlət katiblərindən və NATO-nun yaradıcılarından olan Açeson tərəfindən 1950-ci ildə ifadə olunmuşdu. Açeson bildirmişdi ki, SSRİ ilə danışmağın yeganə yolu güc nümayişidir.

Reyqan 1981-ci ildə hakimiyyətə gələndə «soyuq müharibə»də nisbi üstünlük SSRİ-nin tərəfinə keçmişdi. Qərb ölkələrinin sərhədlərində orta mənzilli «Pioner» raketlərinin yerləşdirilməsi, Əfqanıstana hərbi müdaxilə, ABŞ yaxınlığındakı Qrenadada marksistlərin hərbi çevriliş edərək hakimiyyətə gəlməsi və s. hadisələri buna misal göstərmək olar. Reyqan «iqtisadi güc və hərbi güc» dualizminə əsaslanan strategiyası ilə qısa müddətdə tarazlığı bərpa edib, üstünlüyü ələ aldı - Əfqanıstanda SSRİ ilə döyüşən mücahid qruplar dəstəkləndi, Qrenadaya hərbi müdaxilə həyata keçirildi, SSRİ silahlanma yarışına cəlb olunaraq iflasın astanasına gətirildi...

Trampın elan edəcəyi yeni strategiyada Moskva yenə əsas hədəflər sırasındadır. (Çinlə bərabər.) Rusiya 2-ci dünya müharibəsindən sonra formalaşmış dünya düzənini dağıdaraq sərhədləri zorla dəyişdirməkdə ittiham olunur. (Ukrayna və Gürcüstan nəzərdə tutulur.) Çin isə mövcud iqtisadi düzənə meydan oxumaqda, «iqtisadi aqressiya»da günahlandırılır. Digər düşmən dövlətlər kimi Şimali Koreya və İranın adları çəkilir.

Bir neçə gün əvvəl imzalanan yeni hərbi büdcə (692 milyard dollar) yeni milli təhlükəsizlik strategiyasında nəzərdə tutulan hədəflərə uyğun hazırlanıb: əsgərlərin sayının artırılması, yeni hərbi gəmi və təyyarələrin istehsalı, Avropada Rusiya ilə mübarizə üçün 4,6 milyard dollar ayrılması, Ukraynaya 350 milyon $ hərbi yardım və s... ABŞ-ın Krım məsələsini qəflətən aktuallaşdırmasına - Rusiyadakı ABŞ səfirinin «Krım kimindir?» sualına cavab verdiyi video yaymasına, dövlət katibi Tillersonun «baxmayaraq ki, Putin Krımın müzakirə mövzusu olmayacağını çox aydın bildirib, amma bu məsələ müzakirə olunacaq» şəklində açıqlamasına məhz yeni strategiyanın işığında baxmaq lazımdır.

NATO çərçivəsində atılan addımlar da buna paraleldir. Ötən ay NATO 2 yeni komandanlığın yaradılması barədə qərar qəbul etdi: bir komandanlıq transatlantik dəniz yollarının, hərbi logistikanın təhlükəsizliyinin təmin edilməsinə, digəri isə ABŞ-dan Avropaya hərbi qüvvə və texnikanın göndərilməsinin koordinasiyasına məsul olacaq. Avropadakı NATO ölkələrinin infrastrukturu (yollar, körpülər, limanlar, dəmir yolları) qısa müddətdə ABŞ-dan lazımi miqdarda canlı qüvvə və hərbi texnikanın qəbuluna və nəzərdə tutulan məntəqəyə çatdırılmasına uyğun hala gətiriləcək.

ABŞ-Rusiya münasibətlərində gərginlik yaradacaq növbəti məsələ Konqresin qəbul etdiyi sanksiya qanununun (CAATSA) müddəalarının mərhələ-mərhələ həyata keçirilməsidir. Gələn ilin fevralına qədər ABŞ hökuməti Rusiyanın aqressiv xarici siyasətində rolu olan, Putinin yaxın çevrəsindəki oliqarxlar, iş adamları, dövlət rəsmiləri, eləcə də onların ailə üzvləri, övladları barədə geniş məlumatların əksini tapdığı siyahını Konqresə təqdim etməlidir. Bu siyahı əsasında Konqresdə həmin şəxslərə səyahət qadağası və Qərbdəki aktivlərinin dondurulması başda olmaqla, sərt sanksiyalar tətbiq olunacaq. Digər sanksiya aləti qlobal «Maqnitski Aktı»dır və bu qanun çərçivəsində də Rusiya və digər ölkə vətəndaşlarına qarşı personal sanksiyaların tətbiqi planlaşdırılır.

Uzun sözün qısası, 2018-ci ildə dünyada gərginlik artacaq.

 





14.12.2017    çap et  çap et