Vaxt.Az

Baş nazirin «qurtuluşu»nun sirri


 

Rəsizadənin bütün iddialara rəğmən vəzifədə qalması onun özünə bağlı məsələ deyil, zamanını gözləməyə məcburdur

Baş nazirin «qurtuluşu»nun sirri Dekabrın 13-də Artur Rəsizadənin köməkçilərinin sayının azaldılması ilə bağlı qərarı diqqətləri yenidən baş nazirin personasına yönəldib. Dəyişikliyə əsasən, baş nazirin köməkçilərinin sayı 7-dən 3-ə endirilib. Əvəzində baş nazirin birinci müavini Eyyub Yaqubovun köməkçilərinin sayı artırılaraq 2-yə çatdırılıb və 4 baş məsləhətçi ştatı əlavə edilib ki, bu da başa düşüləndir. Sirr deyil ki, Nazirlər Kabinetinin əsas ağırlığı uzun illərdir ki, birinci müavinin üzərinə qoyulub.

Başa çatmaqda olan 2017-ci ilin hələ əvvəllərindən Artur Rəsizadənin istefaya göndəriləcəyi ilə bağlı iddialar olsa da, belə görünür ki, baş nazir 2017-ci ildə özünü qoruya bildi. Rəsizadənin istefaya göndərilə biləcəyi daha çox sentyabr ayında keçirilən konstitusiya dəyişikliyini özündə ehtiva edən referendumun nəticələri bəlli olandan sonra gündəmə gəlmişdi. Məlumdur ki, referendumun əsas nəticəsi ölkədə birinci vitse-prezidentlik institutunun formalaşması ilə bağlı oldu. Bu institutun formalaşması ilə səlahiyyətlərinə görə ölkənin ikinci şəxsi baş nazir deyil, birinci vitse-prezident oldu. Baş nazir postu əvvəlki statusunu itirdiyi üçün Rəsizadənin yola salınacağı gözlənilən idi.

Fevral ayında ölkənin ən iri oliqarx nazirlərindən biri hesab olunan nəqliyyat naziri Ziya Məmmədovun vəzifəsindən çıxarılması və Nəqliyyat Nazirliyinin başqa bir dövlət qurumuna birləşdirilməsi ilə ölkədə yeni struktur islahatlarına start verildi. Bundan sonra Nazirlər Kabinetinin də ləğv edilə biləcəyi ilə bağlı çoxsaylı iddialar üzə çıxdı, hətta bəzi deputatlar səviyyəsində baş nazir və onun kabinetinə ehtiyac olmadığı fikirləri səsləndi.

Avqust ayında prezident Nazirlər Kabinetinin Aparatında struktur dəyişikliyi edilməsi ilə bağlı sərəncam imzaladı. Sərəncamda bildirilirdi ki, baş nazirin rəhbərlik etdiyi strukturda ştat sayı 200 nəfər olmalıdır. Sentyabr ayında Rəsizadənin göstərişi ilə bəzi şöbələr ləğv edildi və ya birləşdirildi. Struktur islahatları nəticəsində 8 şöbə müdiri işdən çıxarıldı.

Rəsizadənin özündən hətta yaşca kiçikləri pensiyaya göndərməsi dərhal diqqət çəkdi və ilin sonunadək özünü də vəzifəyə əlvida deyəcəyi iddialarını yenidən çoxaltdı. Rəsizadənin istefasına gözləyən media ilin sonunda daha bir sürprizlə qarşılaşdı. Heç kimin gözləmədiyi halda daha bir məmur-oliqarx, elə vəzifədə baş nazir qədər stajı olan vergilər naziri Fazil Məmmədov işdən çıxarıldı.

Baş nazirin 2017-ci ildə «sirli qurtuluşu» təbii ki, onun özünə bağlı məsələ deyil. Baş nazir getməyə çox istəklidir, amma zamanı gözləməyə də məcburdur...

İqtidar 21 ildir baş nazir olan, 82 yaşlı Artur Rəsizadənin məhz qocaldığına görə tez-tez hətta yaxın ölkələrin mediasında da gündəmə gəldiyinin fərqindədir. Digər tərəfdən, yeni baş nazirin işlək, enerjili, ölkənin daxili situasiyasına dərindən bələd olan birisinin olmasının vacibliyini iqtidar da bilməmiş deyil.

2013-cü il prezident seçkilərindən ötən 5 il müddətində də baş nazir hər hansı fəallığı, fəaliyyət və proqramı ilə deyil, ancaq istefaya nə zaman göndərilə biləcəyi ilə bağlı iddialarla gündəmə gəldi.

2018-ci il prezident seçkisi ilidir. Gələn il isə təkcə Rəsizadə deyil, bəzi nazirlərin də vəzifədən uzaqlaşdırılacağı ilə bağlı müzakirələr artıq indidən başlayıb. Gözlənilir ki, cəmi bir neçə aydan sonra hakim komanda əsaslı şəkildə dəyişdiriləcək, çox əhəmiyyətli vəzifələrə gənc kadrlar təyin ediləcək. Bunu 2017-ci ildə baş vermiş kadr dəyişikliklərindən də görmək mümkündür. Xaricdə təhsil almış, bir neçə əcnəbi dil bilən, nanotexnologiyaların ən son yeniliklərini mənimsəmiş kadrların önə çəkilməsinin növbəti ildə də daha sürətli davam edəcəyini proqnozlaşdırmaq mümkündür.

Prezidentin iqtidarı gəncləşdirməsini zəruri edən siyasətinin arxasında dayanan daha bir mühüm amil həm də hakimiyyət komandasının yaş həddidir.

Belə olduğu təqdirdə isə Rəsizadənin baş nazir kimi qala bilmək şansı yoxdur.

 





15.12.2017    çap et  çap et