15 üzvü olan Təhlükəsizlik Şurası hazırda Yerusəlimin statusu haqqında müxtəlif ölkələr tərəfindən qəbul edilmiş bütün qərarları etibardan salacaq qətnamə layihəsini nəzərdən keçirir.
Bu qətnamə layihəsində bütün ölkələrdən Müqəddəs şəhər Qüds/Yerusəlim barədə qərarları BMT-nin qətnamələrindən çıxış edərək qəbul etmək tələb edilir. Bu qətnamə layihəsində Trampın adı xüsusi olaraq çəkilmir.
«Reuters» agentliyinin məlumatına görə, cəmi bir səhifəlik qətnamə layihəsi «Müqəddəs Yerusəlim şəhərinin xarakter, status və demoqrafik tərkibini dəyişməyə yönəlmiş bütün qərarları qeyri-legitim, etibarsız və hüquqi gücü olmayan qərarlar kimi xarakterizə edir».
Qətnamə layihəsində habelə BMT-yə üzv öklələrdən Yerusəlimdə səfirlik açmamaları istənir. BMT hesab edir ki, Yerusəlimin «son və qəti statusu» İsrail və fələstinlilər arasında aparılacaq danışıqların məhsulu olmalıdır.
«The Independent» yazır ki, diplomatların dediyinə görə, Misir tərəfindən tərtib edilmiş qətnamə layihəsi geniş dəstəyə malikdir, amma çox güman Vaşinqton tərəfindən veto ediləcək.
Təhlükəsizlik Şurasının beş daimi üzvü - ABŞ, Fransa, Britaniya, Rusiya və Çin veto hüququna malikdirlər, bu isə o deməkdir ki, bu ölkələrin razılığı olmadan heç bir qətnamə qəbul oluna bilməz.
Cənab Tramp Yerusəlimin İsrailin paytaxtı kimi tanınmasına dair qərarını bu ayın əvvəllərində verib. Bu onun öz elektoratına seçki kampaniyası zamanı verdiyi əsas vədlərdən biri idi.
Trampın qərarında habelə ABŞ səfirliyinin Tel-Əvivdən Yerusəlimə köçürülməsi nəzərdə tutulub.
İsrail müsəlmanların Qüds adlandırdıqları Yerusəlimi öz dövlətinin əbədi və bölünməz paytaxtı hesab edir. Fələstinlilər isə şəhərin şərq sektorunun öz gələcək dövlətlərinin paytaxtı olmasını istəyirlər.
İsrail Yerusəlimi tam olaraq 1967-ci il müharibəsində işğal və daha sonra ilhaq edib. İsrailin bu aktı dünya birliyi tərəfindən qəbul olunmayıb.
Cənab Tramp özünün Yerusəlim qərarı ilə Birləşmiş Ştatların 70 ildən çox müddətdə davam edən siyasi xəttini dəyişib və Amerikanın müttəfiqlərini hiddətləndirib.
Fransa, Almaniya və Səudiyyə Ərəbistanı və Birləşmiş Krallıq Trampın qərarını kəskin tənqid ediblər. Avropa İttifaqının xarici işlər komissarı Federika Moqerini qəti şəkildə bildirib ki, ittifaq cənab Tramp-ın addımından nümunə götürməyəcək.
Trampın qərarı elan ediləndən bəri Qərb sahilində və Qəzza zolağında etirazlar başlayıb.
Bu bölgələrdə üç min insan etiraz yürüşü keçirərək Amerika və İsrail bayraqlarını yandırıb, Trampın portretlərin tapdalayıb. Əmman, Rabat, Beyrut, Qahirə və İslamabadda da etiraz mitinqləri olub.
50-dən çox müsəlman ölkəsi Trampın qərarına birgə bəyanatla etiraz bildirib.
Fələstin prezidenti Mahmud Abbas deyib ki, Birləşmiş Ştatlar Trampın bu addımından sonra İsrail-Fələstin danışıqlarında vasitəçi rolunu oynaya bilməz.
Türkiyə prezidenti Ərdoğan isə bu qərara etiraz olaraq Şərqi Yerusəlimdə öz ölkəsinin səfirliyini açacağı ilə hədələyib.
«The Independent» Ağ Ev və ABŞ-ın BMT-dəki missiyasından şərh ala bilmədiyini yazır.