Və həmin Büronun başçısı, elə bil ki, oranın turizm naziri köməkçisinə göstəriş verdi ki, bəs Azərbaycandan Azər Qərib gələcək, ona yaxşı proqram, yaxşı qulluq, demaqoq adamdır, yıxıb sürüyər bizi, imkan vermə qələmi alsın əlinə.
Oralarda isə bizdəki kimi deyil ki, nazir göstəriş versin köməkçisinə, sonra göstərişi verən də, alan da unutsun bu sehrli anları, Roman adlı köməkçi dedi oldu, «yes».
Yerli «nazirin» özü ilə birinci gün şam etdik, sonra isə 3 gün həmin bu Romanla gəzdik, fərqli şəhərçiklərdə olduq, maşını ilə aparırdı bizi, amma 90-dan yuxarı sürmürdü, «pavarotnik»i yandırmadan yerindən tərpənmirdi, bir gözü də həmişə məndə idi ki, birdən təhlükəsizlik kəmərini taxmaram, necə deyərlər «adın çıxınca, gözün çıxsın».
Yəni, çox belə pedant adam idi, Allah rəfiqəsinə səbir versin.
Nə isə, bu zalım oğlu Roman etməyib tənbəllik, burada nə baxılası yer var, üzr istəyirəm, doldurub hamısını proqrama, burdan çıxıb ora gedirik, oradan çıxıb bura gedirik, nə baş qaşımağa vaxt var, nə təzə pencək almağa.
Gah o şampan zavodu, gah bu şampan zavodu, o qədər şampan içirdim ki, yolu keçəndə sadəcə bir balaca attanırdım bu səkidən və içərimdəki şampan qazları məni yolun o biri tərəfinə uçurdurdu, sadəcə olaraq gərək vaxtında qazı sızdıraydın ki, uzağa uçmayasan, amma çox rahat idi yolu keçmək, nə gizlədim.
Uzun sözün qısası, deməli sabah sonuncu günümüzdür və Roman qayıtdı ki, səhər 8-də çıxırıq, lobbidə görüşərik.
Nə?! Səhər?! 8-də?!
Dedim, Roman, qaqaş, çaşma, mən səhər 8-də çıxmaq üçün, gərək saat 5-də durum, təkcə corabın rəngini seçmək məndə 38 dəqiqə aparır, sən ümumiyyətlə görürsən kimlə danışırsan? Mən səhər 8-də evdən çıxana oxşayıram?
Bu əməlli başlı oldu dilxor, amma dirəndi ki, yox, proqramda belə yazılıb, bizdə proqramda dəyişiklik etmək olmaz. Dedim, Roman, ola bilsin ki, sizdə olmaz, amma biz gözümüzü açandan ildə bir proqram dəyişirik, sən gəl tərslik etmə, bu yox ki yox.
Baxdım buna, ə, Roman, mənə düzünü de, təsadüfən sənin qohumlarında «nemes» filan olmayıb? Dedi sən nə danışırsan? Allah eləməsin, qulaqlara qurğuşun «nemes» nədir? 41-ci ildə babamı «Gestapo» güllələyib.
Dedim, onda elə «nemes» mən özüm, məni doğrasan da, mən səhər 8-də çıxan deyiləm, bu saat sənin rəisinə zəng edirəm, bir şüvən salmışam, gəl görəsən. Özüm özümdən xoşum gəlir.
Sən demə, səhər 9-da Reyms şəhərində bizi rusdilli gid gözləyəcək. Reymsə isə buradan 40 dəqiqəlik yoldu.
Sonra isə, yenə 40 dəqiqə sərf edib qayıtmalıyıq həmin kəndə, burada saat 11.30-da «Trüfel» fermasına gedəcəyik. Tanınmış yerdir, abidəmiz var orada.
Yəni, biz 40 dəqiqə səhər gedirik Reymsə şəhərə baxmağa, sonra 40 dəqiqə qayıdırıq bura, göbələk yeməkləri filan və yenidən dönürük 40 dəqiqə Reymsə, çünki son gecəmiz oradadır.
Yəni, nahara qədər burada qalıb, fermada nahar edib, sonra bir dəfəlik gedib Reymsdə oteldə yerləşib bələdçi ilə görüşmək - bu bunların ağlına gəlməyib.
Dedim, Roman, gəlsənə məni bu proqramı yazanla tanış edəsən, bir onun gözlərinin içinə baxım, soruşum ondan ki, ə, səndə bu qədər qəddarlıq haradandır, sadist köpək oğlu? Roman, bəlkə sənin babanı elə onun babası güllələyib? Başladım intriqalara, Roman getdi fikrə.
Nə başınızı ağrıdım, mən etiraz aksiyası, icazəsiz yürüş filan və qələbə çalıb proqramı dəyişdirdim, səhər durub rahat səhər yeməyi yedim, sonra bir az gəzişdim, şelfi-melfi və saat 11-də çıxıb getdik fermaya. Mən deyən kimi oldu, hamı da qaldı razı, Roman da.
Romanla isə axırda dostlaşdıq, artıq məndən məsləhət istəyirdi ki, yeni ildə rəfiqəmə nə hədiyə edim. Dedim onu tərk et, amma sözüm onda yox.
Nəyi soruşacaqdım, o düz söhbətdir ki, tez duranla tez evlənənin əli bala batır?