Vaxt.Az

İsmayıllı Fazil Məmmədovun kurasiyasında


 

İcra başçısı Mirdamət Sadıqov vergilər nazirinin kadrıdır və rayona nazirin idarəçiliyində olan «Ata-Holdinq» vasitəsilə sərmayələr yatırılır

İsmayıllı Fazil Məmmədovun kurasiyasında Məlum İsmayıllı olaylarından sonra rayon sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun nüfuz dairəsindən çıxarılaraq vergilər naziri Fazil Məmmədovun kurasiyasına verilib. Rayonun qeyri-rəsmi xərclərini qarşılamaq və bölgəyə investisiya yatırmaq vergilər nazirinə həvalə edilib. Bu barədə nazirlikdəki mənbələrdən məlumat daxil olub.

Mənbənin məlumatına görə, İsmayıllıya vergilər nazirinin idarəçiliyində olan «Ata-Holdinq» vasitəsilə sərmayələr yatırılır: «Rayonun iqtisadiyyatının inkişaf etdirilməsi və bununla bağlı xərclər «Ata-Holdinq»in üzərinə qoyulub. Holdinqdə İsmayıllı ilə bağlı xüsusi qrup var. Bu qrup rayonda həyata keçirilən sosial-iqtisadi layihələri qiymətləndirir və nə qədər vəsait ayrılması ilə bağlı rəy verir. Son qərarı isə Fazil Məmmədov qəbul edir. Özü də F.Məmmədov kurasiyasında olduğu başqa rayonlarla (Şəmkir, Gədəbəy) müqayisədə İsmayıllıya daha çox diqqət yetirir, investisiya xərclərində heç bir xəsisliyə yol verilmir».

Mənbə İsmayıllının yeni icra başçısı Mirdamət Sadıqovun da F.Məmmədovun kadrı olduğunu və bu posta onun təqdimatı ilə təyin edildiyini deyir. M.Sadıqov F.Məmmədovun işçisi olub və son 15 ildə onun çətiri altında vəzifə pillələrində irəliləyib.

Əslən İsmayıllının Lahıc qəsəbəsindən olan 1950-ci il təvəllüdlü M.Sadıqov Dövlət İqtisad Universitetinin müəllimi, Maliyyə-İqtisad Kollecinin direktoru işləyib.

1999-cu ildə - F.Məmmədov vergilər naziri təyin edildikdən dərhal sonra vergi sisteminə transfer edilib. 1999-2000-ci illərdə Nəsimi Rayon Vergilər İdarəsinin rəisi vəzifəsində çalışıb. 2000-2007-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin tədris işləri üzrə prorektor vəzifəsində çalışıb. 2007-ci ildə yenidən vergi sisteminə keçib və Vergilər Nazirliyinin Vergi Siyasəti və Vergi Qanunvericiliyi İdarəsinin rəisi olub.

Mənbənin iddiasına görə, F.Məmmədovun qeyri-rəsmi təqdimatı ilə M.Sadıqov 2008-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru vəzifəsinə təyin edilib. Və nəhayət, İsmayıllı hadisələrindən sonra F.Məmmədov onu rayona icra başçısı təyin etdirə bilib.

İsmayıllı rayonuna 2006-2013-cü illərdə sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərovun qardaşı Nizami Ələkbərov rəhbərlik edib. Rayon 7 il F.Ələkbərovun kurasiyasında olub. Ötən il yanvarın 23-də İsmayıllıda məlum hadisələr baş verib, sakinlər başçıya itaətsizlik göstəriblər. Bundan az sonra - fevralın 14-də prezidentin sərəncamı ilə N.Ələkbərov işdən çıxarılıb və onun yerinə M.Sadıqov təyin edilib. Prezident seçkisindən sonra formalaşan yeni kabinetdə F.Ələkbərov da yer almayıb və beləliklə, İsmayıllı hadisələri Ələkbərov qardaşlarının siyasi karyerasını bitirib.

 





05.02.2014    çap et  çap et