Vaxt.Az

Gürcüstan NATO yolunda


 

Tiflisin alyansa üzvlüyü rəsmi Bakı üçün də əhəmiyyətlidir

Gürcüstan NATO yolunda Gürcüstanın müdafiəsinin gücləndirilməsi və NATO-ya inteqrasiyası istiqamətində səs-küysüz, amma qərarlı addımlar atılır.

NATO-nun 2016-cı il Varşava zirvəsinin qərarına uyğun olaraq Fransa Gürcüstanın hava hücumundan müdafiəsini qurmağa başlayıb. Bu məsələnin detalları gizli saxlanılır, amma güman olunur ki, söhbət Gürcüstanın VL MICA «Mistral» sistemləri və mobil RLS ilə təchiz olunmasından gedir. ABŞ Konqresi isə 2 gün əvvəl Gürcüstana tank əleyhinə «Javelin» raket kompleksləri verilməsini təsdiqlədi.

Açıq görünür ki, 2008-ci il müharibəsində Gürcüstanın müdafiəsindəki ən kritik boşluqlar və çatışmazlıqlar nəzərə alınıb. O zaman Gürcüstan ordusu Rusiya aviasiyasının və zirehli hərbi texnikasının qarşısında aciz qalmışdı. Gürcülər "Buk" vasitəsilə bir neçə təyyarə vura bilsələr də, Rusiya aviasiyası ciddi maneəyə rast gəlmədən Gürcüstanın bütün vacib hərbi infrastrukturuna, o cümlədən paytaxt Tiflisdə yerləşən obyektlərə havadan zərbələr endirməyə nail olmuşdu.

Deyilə bilər ki, Gürcüstanın əlində hansı silahlar olursa olsun, onun Rusiya ilə bacarması mümkün deyil. Doğrudur. Amma müdafiə planlaşdırılması bu cür bəsit yanaşma əsasında qurulmur. Kiçikliyindən və böyüklüyündən asılı olmayaraq, hər dövlətin müəyyən müqavimət potensialının və çəkindirici gücünün olması vacibdir. Məsələn, Gürcüstan 2008-ci ildə özünün hava məkanını etibarlı şəkildə bağlaya bilsəydi və tank hücumuna effektiv müqavimət imkanına malik olsaydı, rus ordusu bəlkə də Tiflis istiqamətində o cür «marş-brosok» edə bilməzdi və gürcü ordusu onları bir qədər ləngidərdi. Bu ləngitmə çox həyati məsələdir – beynəlxalq siyasi müdaxilə, dost-müttəfiq ölkələrin köməyə gəlməsi (yaxud kömək göndərməsi) üçün zaman qazanmaq baxımından...

Məsələnin digər tərəfi ondan ibarətdir ki, Gürcüstanda hərbi islahatlar, ordunun strukturlaşması, təlimi və silahlandırılması bu ölkənin NATO-ya üzvlük prosesinin tərkib hissəsidir. Məsələn, fransızların qurmaqda olduğu hava hücumundan müdafiə sistemi NATO-nun HHM sisteminə inteqrasiya olunacaq.

Yəni bu addımlar göstərir ki, Qərb Gürcüstanı ciddi şəkildə NATO-ya hazırlaşdırır və üzvlüyün gerçəkləşməsi sadəcə, zaman məsələsidir. Qonşumuzun NATO-ya qoşularaq etibarlı təhlükəsizlik təminatı əldə etməsinin Azərbaycanın maraqları baxımından əhəmiyyətini izah etməyə isə lüzum görmürəm, bu barədə dəfələrlə yazmışıq.

 





21.12.2017    çap et  çap et