Vaxt.Az

Bomba xəbəri yalan çıxdı


 

Bakı Dəmiryolu Vağzalında həyəcan - insanlar təxliyə olundu

Bomba xəbəri yalan çıxdı Bu gün Bakı Dəmiryolu Vağzalında həyəcanlı anlar yaşanıb. APA TV-nin məlumatına görə, polisə vağzalda partlayıcı aşkarlanması barədə məlumat daxil olub. Məlumat əsasında Fövqəladə Hallar Nazirliyinə müraciət edilib. Vətəndaşlar dərhal təxliyə edildikdən sonra Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələrinin iştirakı ilə dərhal əməliyyata başlanıb.

Məlum olub ki, naməlum şəxs vağzalın ikinci mərtəbəsində şübhəli əşya aşkar edilməsi barədə vağzalın məlumat mərkəzinə məlumat verib. «Azərbaycan Dəmir Yolları» QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova bildirib ki, məlumat daxil olan kimi müvafiq qurumların iştirakı ilə əməliyyata başlanıb: «Bu gün təxminən 12.00 radələrində vağzalın məlumat mərkəzinə məlumat daxil olub. Cavan oğlan vağzal ərazisində yerləşən restoranlardan birinə bomba qoyulması barədə məlumat verib. Saat 12.00-da başlanan əməliyyat artıq bitib. FHN və polis əməkdaşlarının araşdırması nəticəsində məlum oldu ki, daxil olan məlumat yanlışdır».

Hadisə ilə əlaqədar vağzalda bilet satışı dayandırılıb. Əməliyyat bitdikdən dərhal sonra vağzalın əməkdaşları binaya buraxılıb.

Bakı Dəmiryolu Vağzalı fəaliyyətini adi rejimdə bərpa edib. Yalan məlumatı verən şəxsin kimliyi araşdırılır.

 





21.12.2017    çap et  çap et