Əhalisinin sayına görə dünyanın ən böyük müsəlman ölkəsi olan İndoneziyada böyük xristian, buddist icmaları da var. İndoneziya dünyəvi ölkədir. Xristianlar Milad bayramını təntənə ilə qeyd edirlər.
Polis isə bildirib ki, heç bir genişmiqyaslı əməliyyatdan söhbət gedə bilməz: «İctimaiyyət öz dini bayramlarını qeyd edən başqa icmalara hörmətlə yanaşmalıdırlar».
İslam Müdafiəçiləri Cəbhəsi bildirir ki, İndoneziya İslam Ruhani Şurasının 2016-cı ildə verdiyi fitvanın icrasına çalışacaq.
Həmin fitvada deyilir ki, şirkət rəhbərləri öz işçilərini Milad geyimləri geyməyə məcbur edə bilməzlər. Bu fitvanın icrası məcburi deyil və onun hüquqi qüvvəsi yoxdur.
İslam Müdafiəçiləri Cəbhəsi bildirib ki, şirkətlərə gedib onların rəhbərləri ilə söhbətlər aparacaqlar.
İndoneziyada Milad bayramı zamanı bir çox dükan, restoran və supermarketlərdə xüsusi dekorasiyalar qurulur, bəzi müsəlmanlar da Santa Klaus papağı geyirlər. İslam Müdafiəçiləri Cəbhəsi həm də hökuməti Milad şənliklərinin keçirilməsini maliyyələşdirməkdən çəkinməyə çağırıb.
Belə şənliklər paytaxt Cakartanın mərkəzində təşkil edilir və minlərlə turist cəlb edir. İslam Müdafiəçiləri Cəbhəsi əvvəlki illərdə Ramazan vaxtı alkoqol satan dükanlara da reyd edib.
Milad bayramı zamanı ölkə boyu 90 min polis təhlükəsizliyi qorumaq üçün səfərbər ediləcək.
2000-ci ildə Cakarta və başqa yerlərdə kilsələrə hücum zamanı 20 nəfər öldürülmüşdü.