Tunisin Nəqliyyat Nazirliyi bildirir ki, hava şirkəti bu problemə «beynəlxalq qanunlara və razılaşmalara» uyğun şəkildə həll tapanadək bütün uçuşlar dayandırılır.
Bir çox Tunis qadınları bildiriblər ki, onların Dubaya səfərləri əlavə yoxlamalara görə xeyli ləngidilib.
Bu hadisə Tunisin sosial media şəbəkəsində hiddət partlayışı törədib.
BƏƏ-nin xarici işlər naziri Ənvər Qarqaş «Twitter»də yazıb: «Biz xüsusi prosedurlara görə əlavə təhlükəsizlik tədbirləri ilə bağlı tunisli qardaşlarımıza izahat vermişik. Biz yanlış cəhdlərdən uzaq olmalıyıq».
Xarici işlər nazirinin bu «çox qeyri-spesifik» izahatından elə bir şey başa düşülmür.
Ötən cümə günü Tunis BƏƏ-nin ölkədəki səfirindən izahat istəyib. Səfir bildirib ki, əlavə təhlükəsizlik tədbirləri yalnız qısa müddət üçün nəzərdə tutulub.
Buna baxmayaraq, Tunis insan haqları təşkilatları tədbirləri «ayrıseçkiçilik və irqçilik» adlandırır.
«The Guardian» yazır ki, Tunis BƏƏ ilə münasibətlərini 2011-ci ildə baş vermiş inqilabdan bu yana yaxşılaşdırmağa çalışır.
Bu inqilabın ardınca Tunisdə Qətərlə güclü bağları olan islamçı ən-Nəhda partiyası hakimiyyətə gəlmişdi.
Qətərlə Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər ötən iyundan bəri kəsilib. BƏƏ, Bəhreyn və Misir də Riyadın bu hərəkətinə qoşulublar.
Ərəb ölkələri Qətəri terrorçu təşkilatları dəstəkləməkdə ittiham edir.
Bir sıra ərəb saytları bundan əvvəl tunisli qadınların Birləşmiş Ərəb Əmirliklərinə səfərlərinə qadağan qoyulduğunu yazırdılar.
Maraqlıdır ki, hər iki tərəf bu qadağanın səbəbləri barədə susmağa üstünlük verir.