Lepin bildirib ki, yeni nəsil zenit-raket sisteminin dövlət sınaqları uğurla tamamlanıb. «Sistem nəinki bizdə, eləcə də bütün dünyada reaktiv yaylım atəşi sistemlərinin inkişafına yeni vektor verib», - Lepin deyib.
«SPLAV» elm-istehsalat birliyinin rəsmi saytında göstərilir ki, «Tornado-S» onun bənzəri olan «Smerç» reaktiv yaylım atəşi sistemlərindən daha uzaq məsafəni vura bilir. Bu sistemin bir yaylım atəşi ilə yüz futbol meydançası böyüklükdə olan ərazini əhatə etmək olur.
Lepinin bildirdiyinə görə, «Tornado-S» tamamilə avtonom sistemdir və kabinəni tərk etmədən heyətin işini təmin edir. Döyüş meydanında maşın bir dəqiqədən də az qalır, bu müddət ərzində «Tornado-S» 12 raketi yaylım atəşi ilə hədəfə «göndərir» və cavab zərbələrinə tuş gəlməmək üçün mövqeyini tərk edir.
«Tornado-S» bir yaylım atəşi zamanı hədəfə bir neçə ton ağırlığında partlayıcı maddə «göndərə» bilir və bu da həmin silahı dağıdıcı gücünə görə atom bombasından sonra ikinci ən dəhşətli silaha çevirir. «Smerç» reaktiv yaylım atəşi sistemləri 70-90 km məsafədə hədəfləri vurur, «Tornado-S» isə 120 km. mənzilə malikdir. Perspektivdə raketlərin mənzili 200 kilometrə qədər artırılacaq. «Tornado-S» kompleksi 12 istiqamətləndirici ilə təchiz edilmiş əsas döyüş maşınından, eyni sayda raketlərdən ibarət konteyner daşıyan nəqliyyat-doldurucu maşından, komanda məntəqəsindən və raketlərin hədəfi vurmasını yoxlamaq üçün pilotsuz uçan aparatdan ibarətdir.
«Tornado-S» sistemlərinin ilk partiyası «Motovilixinsk zavodları» tərəfindən Rusiya qoşunlarına bu ilin avqust ayında yola salınıb. Ehtimal edilir ki, Rusiya Müdafiə Nazirliyi yeni silahı dərhal Suriya hərbi əməliyyatlar teatrında sınamaq qərarına gəlib. Bu ilin aprelində Rusiya müdafiə naziri Sergey Şoyqu bildirmişdi ki, Suriya hərbi əməliyyatlarında Rusiya tərəfindən 162 yeni və modernləşdirilmiş silah növü sınaqdan keçirilib. Onlardan 9-u təyin edilmiş xarakteristikaya uyğun gəlməyib və operatorların özlərinə təhlükə yaradıb.
Gözlənilir ki, 2020-ci ilə qədər «Tornado-S» sistemləri Rusiya ordusundakı «Smerç» reaktiv yaylım atəşi sistemlərini əvəzləyəcək. Qeyd edək ki, Azərbaycan ordusu reaktiv yaylım atəşi sistemlərinin geniş çeşidinə, o cümlədən «Smerç»lərə malikdir.