Vaxt.Az

Pulları hansı bankda və necə saxlamaq lazımdır?


 

«Reklamlarına inanmayın, ən sərfəli təkliflər çətin vəziyyətdə olanlarda olur»

Pulları hansı bankda və necə saxlamaq lazımdır? Azərbaycanda bankların bağlanması və bundan sonra müştərilərin öz əmanətləri üçün bankın qapısına dayanması artıq alışılan haldır. İndiyədək bağlanan banklarda vətəndaşların bəziləri əmanətlərini geri alsalar da, bəziləri buna nail olmayıb. Çünki bəzi vətəndaşlar bankların əmanətlər üçün təklif etdiyi yüksək illik faizə aldanaraq əmanətlərini sığortasız sistemlə banka yerləşdirir. Bu isə bankın bağlandıqdan sonra əmanətinin qaytarılmasıda böyük risk daşıyır.

İqtisadçı ekspertlər həm qanunvericiliyi, həm də son illər bank sektorunda baş verənləri əsas gətirərək əmanətçilər üçün məsləhətlərini təqdim ediblər.

 

«Bankın səhmdarları kimdir, pulu kimə etibar edirsiniz?»

 

Müştəri əmanət yerləşdirən zaman bankı düzgün seçməlidir. Bilməlidir ki,  hazırki vəziyyətdə bankların əksəriyyətinin vəziyyəti yaxşı deyil. Buna görə də, ilk növbədə bankın maliyyə hesabatlarına baxmalı, bankın səhmdarları kim olduğunu bilmədir (müştəri bilməlidir ki, əmanətini kimə etibar edir). Mətbuatda və sosial şəbəkələrdə bank haqqında danışılanlara fikir verməlidir. Bundan sonra  bankın rəsmi internet saytına daxil olub bankın fəaliyyəti ilə yaxından tanış olmalıdır.

 

«Əmanət müqaviləsi həmin tarixi keçməməlidir»

 

Bütün bunları etdikdən sonra vətəndaş  müəyyən etməlidir ki, əmanəti tam sığortalanma sisteminə düşür ya yox. Məsələ bundadır ki, Azərbaycanda əmanətlərin tam sığortalanma sistemi 2019-cu ilin martın 1-nə kimi qüvvədədir. Tövsiyə edirik ki, vətəndaşlarımız banka tam sığortalanmış əmanət qoysunlar. Yəni, illik faiz dərəcəsi milli valyutada 15 faizi, xarici valyutada isə 3 faizi keçməsin. Bundan sonra isə fikir versinlər ki, müqavilə 2019–cu ilin martın 1-ni ötməsin. Çünki, bu müddətdən sonra tam sığortalanma sistemi yoxdur.

 

«Kassa sənədi mütləq alınmalıdır»

 

Bundan sonra əmanəti yerləşdirərkən müştəri əmanət müqaviləsi bağlayır və düşünür ki, bu müqavilə kifayət edir. Pulunu verdikdən sonra kassa sənədini almır. Mütləq qaydada kassa sənədi alınıb saxlanmalıdır. Çünki, bankla əmanət müqaviləsi bağlanması hələ o banka əmanətin qoyulması demək deyil. Çox zaman vətəndaşlar bunu başa düşmür. Bəzən o sənədlər atılır ya da kassadan tələb edilmir. Vətəndaşın banka əmanət yerləşdirməsini təsdiq edən yeganə sənəd kassa sənədidir. O sənəd mütləq alınmalı və möhürünə diqqət yetirilməlidir ki, möhür həqiqətən də banka aiddir.

 

«Ən sərfəli təkliflər çətin vəziyyətdə olan banklarda olur»

 

Bankların reklamına baxıb əmanət yerləşdirmək qətiyyən düzgün deyil. Dediyimiz meyarlar üzrə seçilən banklar arasında reklamlarına baxmaq lazımdır ki, onlar nə vəd edir. Banklar bəzən tam reallığa uyğun olmayan reklam verirlər. Ən sərfəli şərtləri adətən çətin vəziyyətdə olan banklar təklif edirlər.

 

«Bankların reklamlarına inanmayın»

 

Ötən il 11 bankın və bir neçə gün öncə «Dəmirbank»ın müflis olması bir daha onu göstərir ki, vətəndaşlar əmanət yerləşdirən zaman diqqətli olmalıdır. Çünki, əvvəlki müflis olmuş bankların təcrübəsi onu göstərir ki, banklar üzrə qorunan əmanətlər geri qaytarılsa belə qorunmayan əmanətləri geri qaytarmaq mümkün olmayıb. Qorunmayan əmanət o vaxt geri qaytarılır ki, bankın aktivləri həmin əmanəti geri qaytarmağa imkan versin. Bu baxımdan vətəndaşlar seçim edən zaman əmanətləri elə yerləşdirməlidilər ki, bank müflis olan zaman həmin əmanətləri geri qaytarmaq mümkün olsun. Əvvəla müflisləşmə təhlükəsi olan banklarda əmanətlərin saxlanılması arzu olunan deyil.

 

«Hesabatını açıqlamayan banka əmanət yatırmayın»

 

Ona görə də, vətəndaş əmanətini yerləşdirən zaman birmənalı şəkildə bankın internet səhifəsinə daxil olmalı, bankın mənfəət və zərərləri, aktivləri və digər məlumatlarını əldə edərək müqayisə etməlidir ki, bankın mövcud maliyyə göstəriciləri onun müflisləşməsinə gətirib çıxaracaq ya yox. Eyni zamanda əgər bankın internet səhifəsində onun hesabatları yoxdursa, o zaman həmin bankda əmanətin yerləşdirilməsi arzu olunan deyil. Qanunvericiliyə əsasən, bankların internet səhifəsində hesabatların yerləşdirilməsi məcburi xarakter daşıyır.

Əgər bank maliyyə hesabatlarını rəsmi internet səhifəsində yerləşdirmirsə, o zaman həmin bank problemi var, şəffaf deyil və məlumatları müştərilərlə bölüşməkdə maraqlı deyil.

 

«Əmanətiniz 3-15 faizi keçməməlidir»

 

Əmanət yerləşdirilən zaman sığortalı əmanətlərə diqqət yetirmək lazımdır. Mövcud qaydalar çərçivəsində əmanətləri yerləşdirməyə ehtiyac var. Bəzi hallarda vətəndaş yüksək faiz əldə etmək üçün sığortalanmayan əmanət yerləşdirir. Bu da müflis olan bütün banklarda var. Çünki vətəndaş yüksək faiz üçün əmanətini sadəcə 1-3 faiz gəlirə görə, qorunmayan əmanət kimi yerləşdirir. Bank işçisinin vədinə aldanaraq qorunmayan əmanət növünü seçir. Manatla 15 faizdən artıq divident təklif edən  banklarda əmanət yerləşdirilməsi vətəndaş üçün risklidir. Çünki bu əmanətlər artıq sığortalanmır.

Bankların reklamlarına inanmayın. Bir qədər əvvəl bağlanmaq ərəfəsində olan «Dəmirbank» belə reklam yayaraq vəziyyətinin yaxşı olduğunu bildirmişdi. Amma bu prosesin necə nəticələndiyi məlumdur. Bunun yerinə bankın digər müştəriləri ilə tanış olub məsləhət almaq daha yaxşıdır.

V.Bayramov qeyd edib ki, qorunmayan əmanətlərin də qaytarılmasının tərəfdarıyıq və bununla bağlı təkliflərimizi hökumətə təqdim etmişik. Amma reallıq bundan ibarətdir ki, qorunmayan əmanətlərin geri qaytarılması hökumət zəmanət vermir.

 





26.12.2017    çap et  çap et