Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini olan Namiq Quliyevin işdən çıxarılması barədə xəbərlər hələ dekabrın əvvəlində yayılmışdı. Bildirilirdi ki, dekabrın 5-də nazir işdən çıxarıldıqdan bir gün sonra Namiq Quliyev də ərizəsini yazıb.
Fazil Məmmədovun bacısının həyat yoldaşı olan Namiq Quliyev əvvəllər Vergilər Nazirliyində nazirin müşaviri vəzifəsində çalışıb. O, 2016-cı ilin fevral ayında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti rəisinin 1-ci müavini postuna gətirilmişdi.
Namiq Quliyev haqda zaman-zaman çox ilginc xəbərlər yayılıb. Məsələn, deyilirdi ki, Namiq Quliyev naziri son vaxtlar, ümumiyyətlə, saymırmış, nazirliyə kefi istəyəndə gəlirmiş. Hətta yeznənin iki lüks kabineti də varmış. Biri nazirlikdə əsas binada, digəri isə Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində. Namiq Quliyevin əsasən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentindəki kabinetində oturduğu deyilirdi. Bildirilirdi ki, «əsas pul burada yığıldığından» yeznə gününü bu binadakı kabinetində keçirirmiş.
Fazil Məmmədov yeznəsindən nazirlikdə oturmasını tələb etsə də, Namiq Quliyev onun sözünə baxmırmış.
Qeyd edək ki, 2015-ci ilin fevralında ölkə başçısının sərəncamı ilə Vergilər Nazirliyinin 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri xüsusi rütbəsi alanlar sırasında Namiq Quliyev də olub.
Fazil Məmmədov yeznəsinin Vergilər Nazirliyini ailə biznesinə çevirmək üçün hər şey etmişdi. Məsələn, nəzarət-kassa aparatlarını Fazil Məmmədovun bacısı oğlu, yəni Namiq Quliyevin oğlunun adına rəsmiləşdirilmiş «CASPEL» MMC-nin ölkəyə gətirdiyini bilməyən yox idi. Hələ 2011-ci ildən başlamış «kassa işi» o zaman böyük hay-küy də yaratmışdı.
Fazil Məmmədovun xeyir-duası ilə «CASPEL»ə «yaşıl işıq» veriləndən sonra iş adamlarının qara günləri başlamışdı. Vergi müfəttişləri obyekt sahiblərinə məhz «CASPEL» şirkətinin satdığı kassa aparatlarını quraşdırılmasını tələb edirdilər. Maraqlıdır ki, vergi müfəttişləri bunun səbəbini gizlətmir, həmin şirkətin vergilər nazirinin bacısı oğlunun olduğunu deyir, hətta «kim o aparatları alıb quraşdırmasa, vəziyyəti pis olacaq», - xəbərdarlığını da edirdilər. Məsələn, 2012-ci il qiymətləri ilə «4613-XXX» tipli aparatın qiyməti 1980 manat, quraşdırılma xərci isə 520 manat olub. Bir kassa aparatı üçün sahibkarlardan 2500 manat alınıb. Yanacaqdoldurma məntəqələrindən isə hər kolonkaya bir aparat qoyulmasını təmin ediblər ki, bu da bir YDM-dən 10 min manat qazanc deməkdir. Hansı ki, kassa aparatlarının satışı ilə məşğul olan digər 20-dək şirkətlər vaxtilə bu aparatları cəmi 240 manata satırmışlar. «Mini-T 400 ME» markalı aparatı yeznənin şirkəti sahəsi 50 kvadrat metrə qədər olan obyektlərə quraşdırıb ki, onu «CASPEL» 700 manata, digər şirkətlər isə 150 manata satırdılar. Adi statistikaya görə, ölkə üzrə təxminən 4 min şadlıq evində quraşdırılmış bu aparatlardan (hər biri 2500 manat) nazirin yeznəsinin şirkəti 10 milyon manat əldə edib. Orta hesabla bütün ölkə üzrə Fazil Məmmədov və yeznəsi bu əməliyyatdan 50 milyon manat əldə edib. Şübhəsiz ki, bu hələ bilinən bir maxinasiyadır ki, yeznə vaxtı gələndə bunlara cavab verməli olacaq.
Gələn bilgilərə görə, F.Məmmədovla bağlı iqtidarın tavrı onun yaxın çevrəsində şok effekti yaradıb. Birbaşa sabiq nazirlə bağlı olan bir çox iri şirkətlərdə, müəssisələrdə qeyri-müəyyənlik yaranıb, müəssisələrə rəhbərlik edən şəxslərin çoxu işə çıxmır. Hamının «burnunda» bir həbs təhlükəsi «qoxusu» var...
Yeni vergilər naziri Mikayıl Cabbarov isə «təmizləmə» aparılan nazirlikdə bir sıra yeni təyinatlar edib. Musavat.com «Report»a istinadən xəbər verir ki, nazir özünə iki müşavir və köməkçi təyin edib. Məlumata görə, Camal Qasımov və Elnur Əliyev nazirin yeni müşavirləri təyin ediliblər. C. Qasımov bundan öncə Təhsil Nazirliyinin aparat rəhbəri, E.Əliyev isə Nazirliyin informasiya şöbəsinin müdiri olub. O, həm də bir müddət Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini və müdir əvəzi olub.
M.Cabbarovun köməkçisi isə Ceyhunə Muxtarova təyin olunub. C.Muxtarova M.Cabbarovun «İçərişəhər» Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində və Təhsil Nazirliyində köməkçisi olub.