VAXT.AZ xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Turizm Şurasının fəaliyyətə başlamasından bir illiyi münasibəti ilə təşkil olunan tədbirdə deyib.
Nazir bildirib ki, ötən müddətdə Turizm Şurası tərəfindən aşağı büdcəli aviareyslərin açılması istiqamətində də işlər görülüb: «Yay turizm mövsümündə bir sıra ölkələrin aviaşirkətləri tərəfindən Azərbaycana aşağı büdcəli uçuşlar təşkil olunub. Bu istiqamətdə atılan addımlar davam etdiriləcək. Ölkəmizdə sağlamlıq turizminin inkişaf etdirilməsi, Qalaaltı, Naftalan və Duzdağda müvafiq beynəlxalq sertifikatların əldə olunması istiqamətində Mədəniyyət və Turizm Nazirliyi ilə birgə işlər görülməkdədir. Beynəlxalq səviyyədə qəbul edilən həmin sertifikatların əldə olunması ölkəmizin sağlamlıq turizmi potensialının xaricdə daha geniş tanınmasına və xarici turist axınına yardımçı olacaq. Görülən işlərin nəticəsidir ki, 2017-ci ildə ölkəmizə gələn xarici turistlərin sayında da ciddi artım qeydə alınıb. Bu ilin on bir ayı ərzində ölkəmizə gələn xarici vətəndaşların sayı 20 faiz artaraq, 2 milyon 477 min 908 nəfər olub. Ölkəmizdən xaricə gedənlərlə ölkəmizə gələnlər arasında bu il ilk dəfə müsbət saldo qeydə alınıb».