Lakin bu dəfə kommunistlər köhnə ənənələrə geri qayıdıblar, partiya sovxoz direktorunun namizədliyini irəli sürməyi qərara alıb. Doğrudur, bu sovet dövründə fəaliyyət göstərən adi sovxozlardan deyil, əsl aqroholdinqdir və onun direktoru-prezidentliyə namizəd Qrudinin də sovxoz direktoru maaşına dolanan zəhmətkeş deyil, milyonçu, hətta multimilyonçudur. Onu əsl oliqarx da adlandırmaq olar.
Virtualaz.org xəbər verir ki, Qrudinin hazırda Rusiya mətbuatında ən çox müzakirə olunan (təbii ki, Putindən sonra) siyasətçidir. life.ru onun bioqrafiyasını və biznes karyerasını araşdırıb. Pavel Qrudinin 1960-cı ildə Moskvada Lenin adına sovxozun mühəndisinin ailəsində anadan olub. 1982-ci ildə Moskva kənd təsərrüfatı istehsalatı İnstitutunu bitirərək həmin sovxoza qayıdıb. Orada direktor müavini vəzifəsinə qədər yüksəlib.
1995-ci ildə Qrudinin əmək kollektivinin ümumi yığıncağında sovxozun direktoru seçilib. Deyilənlərə görə həmin yığıncağın iştirakçılarını ələ almışdılar və Qrudininə yerli «bratva»- kriminal qruplaşmalar da kömək etmişdi.
Direktor olandan az sonra-1995-ci ildə Qrudinin sovxozun Moskva Dairəvi Avtomobil Yolunun Kaşirsk şosesi ilə kəsişməsində yerləşən 6 hektar torpaq sahəsini sonradan məşhurlaşan azərbaycanlı biznesmen Araz Ağalarovun «Crocus İnternational» şirkətinə satıb. O da həmin torpaq sahəsində 90-cı illərin sonlarında «Tvoy dom» ticarət mərkəzini tikib. Hazırda ərazidə «Vegas» ticarət-əyləncə kompleksi də yerləşir.
O vaxt Qrudinin torpaq sahəsinin Ağalarova satılmasını belə əsaslandırmışdı ki, əldə olunan vəsaitlə sovxozun borclarını ödəyib, yeni texnika alıb və müasir texnologiyalara əsaslanan istehsalat sahələri qurub. Torpaq sahəsinin bir sotunu azərbaycanlı biznesmenə 5200 dollara satsalar da ekspertlər hesab edir ki, həmin vaxt bu ərazidə torpağın bir sotu 100 min dollardan az deyildi. Beləliklə, Qrudinin bu torpaq satışından yaxşıca qazandığı təxmin edilir.
Qeyd etmək lazımdır ki, Qrudinin namizədliyi irəli sürən kimi onun əleyhinə istifadə olunacaq mümkün kompromatlardan biri kimi dərhal 1995-ci ildə Ağalarova torpaq satması faktı gündəmə gəlib. Ekspertlər hesab edirlər ki, seçki kampaniyasında bu faktdan Qrudinin əleyhinə hökmən istifadə edəcəklər. Göründüyü kimi təbliğat kampaniyası hələ başlamasa da «Lenin adına sovxoz»un direktorunu artıq bu faktla «vurmağa» başlayıblar.
Əslində SSRİ-nin dağılması ilə kollektiv mülkiyyətçilik forması kimi kolxoz və sovxozlar Rusiyada da dağılmışdı. 1993-cü ildə prezident Yeltsin torpağın kəndlilərə verilməsi haqda fərman vermişdi. Lakin Qrudinin «Lenin adına sovxoz»un torpaqlarını alan kəndliləri inandıra bilib ki, həmin torpaqları sovxozun əsasında yaradılan QSC-nin mülkiyyətinə verib əvəzində bu səhmdar cəmiyyətin səhmdarlarına çevrilsinlər. Nəticədə həmin vaxt 526 nəfər öz pay torpaqlarını «Lenin adına sovxoz» QSC-yə verib onun səhmdarları oldular. Hazırda isə holdinqin 40-a yaxın səhmdarı var, onların da əksəriyyəti rəhbərliyə daxil olan şəxslərdir. Qrudinin özü holdinqdə 40 faiz paya malikdir.
Mənbələr bildirirlər ki, Qrudinin biznesinin çiçəklənməsinin əsas sirri onun Moskva Dairəvi Avtomobl Yolunun yaxınlığında yerləşməsidir. Çünki «Vegas», StarLight Cash & Carry, "Veymart" kimi bir çox ticarət nəhəngləri həmin ərazidə yerləşir. Nəticədə «Lenin adına sovxoz»un anbalarının, ərazisinin icarəsinə görə hər il Qrudininə bir neçə yüz milyon dollar gedir.
2017-ci ildə sovxozun təmiz gəliri 1.4 milyard rubl təşkil edib. Qrudinin biznesi arasında çiyələk plantasiyaları da mühüm yer tutur. Bu məqsədlə sovxoz 2 min hektar ərazi ayırıb. Lakin Qrudinin plantasiyalarından ancaq iyun-iyul aylarında çiyələk yığılır. Baxmayaraq ki, o, il boyu çiyələk satışı ilə məşğuldur və deyilənlərə görə sovxoz əslində Türkiyə, Mərakeş, Misir və digər ölkələrdən çiyələk idxal edərək onu yerli istehsal adıyla ticarət şəbəkələrinə satır. Sovxozun özündə isə bu iddiaları mənasız adlandırırlar və rəqiblərin işi olduğunu deyirlər. Hərçənd 2015-ci ildə bu iddialara görə «Aşan» və «Metro» supermarketlər şəbəkəsi Qrudinin sovxozundan çiyələk almağı dayandırmışdı.
Moskva regionu polisindəki mənbələr deyirlər ki, Qrudinin plantasiyalarında Orta Asiyadan olan qastarbayterlər qeyri-leqal işçi kimi işlədilir. Nəticədə miqrasiya xidməti dəfələrlə sovxozda reyd keçirib. Qrudinin isə hər il çiyələkdən azı 1.5 milyon dollar qazanır. Habelə onun və ailə üzvlərinin digər biznes sahələrində də aktivləri var.
Qeyd etmək lazımdır ki, kommunistlərin prezidentliyə namizəd kimi adında «sovxoz» sözü olan uğurlu, yüksək gəlirlə işləyən aqroholdinqin direktorunun namizədliyini ( əlbətdə ki, fəxri ikinci yeri qazanmaq üçün) irəli sürməsi PR-gediş kimi pis deyil. Bu, Züqanovdan yorulmuş kommunist elektroratın, eləcə də kənd yerlərində yaşayan seçicilərin səslərini qazanmaq üçün işə yaraya və onun seçkilərin digər ənənəvi iştirakçısı Vladimir Jirinovskiyə qalib gələrək ikinci yeri tutmasına imkan verə bilərdi. Ancaq Qrudinin adi sovxoz direktoru deyil, əsl oliqarx olduğunu öyrənəndə seçicilər ondan üz döndərə bilər. Çünki rusların başı oliqarxlardan çox çəkib, onlar Qrudinin və Kseniya Sobçak kimi alternativləri görəndə Putinin ətrafında daha sıx birləşməli olacaqlar...