Vaxt.Az

İslam aləmində qadına münasibət dəyişir


 

Atatürkün 100 il əvvəl qurduğu cəmiyyəti Şərq aləmi indi başa düşür

İslam aləmində qadına münasibət dəyişir İrandakı hadisələri bölgədəki proseslərdən ayrı dəyərləndirmək doğru olmaz.

Səudiyyə Ərəbistanında başlayan dəyişiklik və yumşalmanın bütün müsəlman dünyasına, o cümlədən İrana təsirləri qaçılmazdır. Diqqət etdinizsə, İranda etirazların başlamasından 1-2 gün əvvəl Tehran polisinin rəisi bundan sonra islami qaydalara uyğun geyinməyən qadınların polis məntəqələrinə aparılmayacağını və cəzalandırılmayacağını, sadəcə olaraq, onlara necə geyinmək lazım olduğu barədə məsləhət veriləcəyini bəyan etdi. Bu qərarda Səudiyyə Ərəbistanında qadınlara yavaş-yavaş bəzi hüquqların verilməsinin rolu olduğuna şübhə etmirəm. Düzdür, İranda qadınların hüquqları ərəb monarxiyaları ilə müqayisədə daha çoxdur, lakin iranlı qadın (təbii ki, narazılardan söhbət gedir) düşünə bilər ki, əgər qadının az qala insan yerinə qoyulmadığı Səudiyyə dövlətində onlara müəyyən hüquqlar verilirsə, biz niyə var olan haqlarımızı genişləndirməyək?

Həm İranda, həm də Səudiyyə Ərəbistanında gənclər əhalinin 65-70 faizini təşkil edir. Gənc nəsil (əksəriyyət etibarilə) dindən siyasi basqı aləti kimi istifadə olunmasından, dinin hakim ideologiya halına gətirilməsindən, sosial həyatın dini doqmalar əsasında tənzimlənməsindən məmnun deyil. Türkiyədəki son mürtəce Anayasa dəyişiklikləri referendumunda da gənclərin yarıdan çoxu «yox» demişdi. Səudiyyə vəliəhd şahzadəsi artıq dövlət siyasətini radikal vəhhabilik cizgisindən ayırmaq niyyəti barədə işarələr verir, məsələn, Mədinədə islamı, peyğəmbərin hədislərini yenidən yorumlamaq, islamın radikalizmdən uzaq olduğunu gənc nəsilə izah etmək üçün xüsusi mərkəz yaradıb. Əgər Səudiyyədəki bu yumşalma, o cümlədən elmi-texnoloji tərəqqiyə yönəlmə siyasəti davamlı olarsa, bunun bütün islam dünyasının çöhrəsini dəyişdirəcək etkiləri gözləniləndir. Şəxsən bu məsələdə ümidli deyiləm, amma siyasi islamçılığın gerilədiyi də göz önündədir. Cənub qonşumuzda rejimin tezliklə dəyişməsini gözləmirəm, lakin etirazların Məşhəd, Qum kimi İran teokratiyasının əsas mərkəzlərindən başlayıb yayılmasının, ali liderin portretlərinin yandırılmasının mühüm simvolik önəmi olduğunu düşünürəm. Bunun mütləq ölkənin və bölgənin gələcəyinə təsirləri olacaq.

Regionda müşahidə olunan bu hadisələr pozitiv bir dalğadır, ən azı ona görə ki, İrandakı, ərəb dünyasındakı siyasi modelləri, həyat tərzlərini bizə örnək göstərənlərin inandırıcılığı azalır. Türkiyədə Ərdoğanın timsalında siyasi islamçılığın da dinamizmini itirdiyini, böhrana üz tutduğunu düşünürəm və türk mühafizəkar sağında hərəkətlənmənin başlaması da əsasən buradan qaynaqlanır.

«Ərəb baharı»nın neqativ nəticələri oldu, bölgə qan gölünə döndü, amma Tunisin timsalında müsbət nümunə də var. Tunisdə islamçılar və laiklər anlaşaraq yeni, demokratik Konstitusiya qəbul etdilər. Konstitusiya hüququn üstünlüyünə, fikir və vicdan azadlığına təminat verir. Tunisdə keçirilən son prezident seçkilərində sekulyar «Nida Tunis» Partiyası qalib gəldi, islamçı «Ən Nahda» isə seçkinin nəticələrini qəbul edib, qalibi təbrik etdi. Bu baxımdan Tunis həm ərəb monarxiyaları, həm də İran üçün çox yaxşı modeldir.

Eyni zamanda, bu proseslərin işığında Atatürkün böyüklüyü bir daha ortaya çıxdı və türk xalqı öz qurucu atasını daha yaxşı tanımağa, anlamağa başladı. Atatürkün 90-95 il əvvəl göstərdiyi yola bölgə hələ indi gəlməyə, onun islahatlarının bir qismini indi həyata keçirməyə cəhd edirsə, deməli, Ərdoğanın Atatürk Türkiyəsinin demontajını nəzərdə tutan «Yeni Türkiyə» konsepsiyası səfsətədən ibarətdir və zərərlidir, sadəcə olaraq, var olan Türkiyəni daha da demokratikləşdirmək, təkmilləşdirmək lazım idi. (Ərdoğandan sonra gələcək olan liderləri ağır rekonstruksiya işləri gözləyir).

Bizim qurucu atalarımız isə doğru yolu Atatürkdən də əvvəl göstəriblər. Azərbaycan Xalq Cümhuriyyəti bataqlıqda açan bir çiçək idi və sonda bataqlığın girdabına gömüldü, amma onun irsi, ortaya qoyduğu ənənə qiymətli bir xəzinə kimi bu gün əlimizdədir. Cümhuriyyət iliniz mübarək!

 





02.01.2018    çap et  çap et