Vaxt.Az

İndi də Xameneyi tərəfdarları küçələrdə


 

GAMOH: «Azərbaycanlılar bu etirazlara qoşulmayacaq»

İndi də Xameneyi tərəfdarları küçələrdə İranda 2017-ci il dekabrın 28-dən başlayan etiraz hərəkatının Cənubi Azərbaycan şəhərlərinə də keçdiyi barədə xəbərlər yayılsa da mühacirətdəki GAMOH (Güney Azərbaycan Milli Oyanış Hərəkatı) təşkilatı bunu təsdiq etmir.

Türkiyə KİV-i xəbər verir ki, hərəkatın başqan yardımçısı Elyar Makouizad özünün sosial media hesabından yaydığı bəyanatında azərbaycanlıların bu etirazlara qoşulmaycağını bildirib. Onun fikrincə İrandakı hadisələr islahatçılarla mühafizəkarlar arasında çəkişmənin nəticəsidir.

Makouizad qeyd edib ki, onun məlumatlarına görə İrandakı etirazlar o qədər də kütləvi deyil və küçələrə kütlələr çıxmayıb. Bu səbəbdən İran İnqilab Keşikçiləri Korpusu etirazlara müdaxilə etməyə ehtiyac görmür, nümayişçilərə qarşı ancaq polis və «Bəsic» könüllüləri mübarizə aparır. Makouizad bildirib ki, 2009-cu il prezident seçkilərindən sonra Cənubi Azərbaycandakı etirazlar kifayət qədər genişmiqyaslı olduğu üçün İnqilab Keşikçiləri Korpusu bu hərəkatı xüsusi amansızlıqla yatırmışdı.

«Azərbaycanlılar bu hadisələrdə yer almır. Biz hansısa hərəkat və ya etiraz başlatmalı olsaq bunu müstəqil Cənubi Azərbaycan üçün edəcəyik», - GAMOH rəhbərinin müavini bildirib.

Türkiyə hökumətinin müşaviri, azərbaycanlı keçmiş universitet rektoru Aygün Attar isə «Yeni Şafak» qəzetinə açıqlamasında deyib ki, təbrizli ailəsinə gəlin köçmüş biri kimi İrandakı hadisələri, bu hadisələrin Cənubi Azərbaycana da yayılması perspektivlərini diqqətlə izləyir. Onun fikrincə İrandakı hadisələrin sosial-iqtisadi səbəblərdən başladığını, lakin sürətlə məcrasından çıxdığını və rejimə qarşı olanların, habelə xaricdən dəstəklənən qızışdırıcı elementlərin bu aksiyalara qoşulduğunu deyib.

Aygün Attar qeyd edib ki, ABŞ və İsrail 25 ildir İranda daxili çaxnaşmalar yaratmaq üçün fəaliyyətdədir. O, ABŞ–ın dəstəyi ilə Cənubi Azərbaycanın Urmiyə, Xoy və Doğubeyazit kimi şəhərlərinə kürdlərin köçürüldüyünü, bu bölgələrdə demoqrafik vəziyyəti dəyişdirmək cəhdlərinin olduğunu bildirib.

«Etirazların sonrakı gedişinin necə olacağı Tehran və Təbrizdən asılıdır. İrandakı 35 milyonluq türk əhali hadisələrin gedişində əsas həlledici element olacaq. Cənubi Azərbaycanın hadisələrə münasibəti Türkiyənin münasibəti ilə paralel olacaq», - Attar deyib.

Bu arada İranda Ali dini lider Əli Xameneyinin hadisələrlə bağlı çıxışından sonra hakimiyyət tərəfdarlarının küçələrə çıxdığı bildirilir. İnqilab Keşikçiləri Korpusuna bağlı «Press TV» xəbər verir ki, minlərlə hakimiyyət tərəfdarı əllərində Xamneyinin portretlərini turaraq Tehran küçələrində yürüş edib.

Son məlumatlara görə iğtişaşlarda ölənlərin sayı 30-a çatıb, mindən çox nümayişçi həbs olunub.

 





03.01.2018    çap et  çap et