Vaxt.Az

İran rejiminin əsl mahiyyəti


 

Qədim sivilizasiya müasir geosiyasi savaşda dindən necə istifadə edir və Çinlə oxşarlığı nədən ibarətdir?

İran rejiminin əsl mahiyyəti Dünən İrandakı son hadisələr haqda yarıciddi-yarızarafat xarakterli status yazmışdım. Bəzi şərhlərdən görünür ki, İran haqda stereotip düşüncə tərzi üstünlük təşkil edir. Əslində, Çin necə kommunizm qurursa, İran da eləcə İslam (şiə və ya sünni fərqi yoxdur) dövləti qurur. Çin də, İran da qədim tarixə, möhkəm dövlətçilik ənənələrinə və zəngin mədəniyyətə malik olan sivilizasiyalardır. Sadəcə müasir dünyada millətçilik aktual olmadığı üçün qlobal ambisiyalarını təmin etmək üçün müəyyən ideologiyanı (kommunizm, din) əllərində alət ediblər (elə bu səbəbdən də Ərdoğan əksəriyyəti rusca danışan türk dünyasına deyil, İslam dünyasına xitab edir). Reallıqda isə Çində bazar iqtisadiyyatı hökm sürür, İranda isə şiəliyin (orada hökmran olan İslam təriqəti) rolu günü-gündən azalır.

İranlılar Şəriətin (şiə versiyasında) qadağan etdiyi çox şeyi edir (şərab içməkdən tutmuş), sadəcə açıqda deyil, gizlincə (get-gedə xəlvət üçün elə də ciddi tədbirlər görmək də lazım gəlmir). Qadınlar da faktiki olaraq çoxdan hicab tələblərinə riayət etmir: məsələn, saçları da, qamətləri (fiqurları) də görünür. Pozuntulara görə cəzalar da çox nadir hallarda olur (lap ağ edəndə). Beləliklə, İran sadəcə şiəlikdən geosiyasi alət kimi istifadə edir, ilk növbədə rəqib hesab etdiyi ərəb dövlətlərinə qarşı. Bu alət olmasa, İranın nəinki geosiyasi ambisiyaları, hətta ərazi bütövlüyü də sual altında olacaq. Digər qədim və ambissiyalı sivilizasiya olan Yunanıstanın gününə düşə bilər.

İran xalqı da bunu gözəl başa düşür. Buna görə də son etirazların əsas mənası ondan ibarətdir ki, iranlılar daha çox məişət azadlıqları, hökumətin Şəriət pozuntularına daha çox göz yummasını istəyir. Məsələn, təxmini Birləşmiş Ərəb Əmirlikləri əhalisi kimi sərbəstlik istəyirlər. Əslində, hökumət də bunu gözəl başa düşür. Buna görə də böyük ehtimalla güzəştlərə gedəcək. Yəni rəsmi olaraq şiəlik hökmran ideologiya kimi qalacaq, amma real həyat ondan daha çox uzaqlaşacaq.

Əlbəttə, sosial tələblər də aktualdır. Həmişə olduğu kimi (amma hər bir halda birbaşa dini məhdudiyyətlərin əleyhinə getmək mümkünsüz olduğu üçün sosial şüarlardan istifadə də istisna deyil). Amma gəlin unutmayaq ki, İran nəinki elmdə və incəsənətdə, həmçinin iqtisadiyyatda da uğurlu dövlətlərdən biridir (illərdir sanksiyalara məruz qalmasına baxmayaraq). Adambaşına düşən ümum daxili məhsul göstəricisinə görə bizdən xeyli irəlidir. Orada korrupsiyanın bizdən aşağı olduğunu nəzərə alsaq, deməli, əhalinin real gəlirləri bizdən daha da yüksəkdir. İranda qayda-qanun, ədalətli məhkəmə sistemi var. Ən az iqtisadi hüquqlar, mülkiyyət hüququ və s. yaxşı qorunur (sıravi vətəndaşları və sahibkarları da ilk növbədə bu maraqlandırır). Özünəməxsus tərzdə seçki sistemi də var və onun nəticələri, bir qayda olaraq, ciddi şübhə doğurmur. Buna görə də ciddi sosial narazılığın olması iddiası şübhə doğurur. Əlbəttə, mövcud qlobal siyasət müstəvisində etirazçıların bir qisminin xaricdən motivasiya olunduğu ehtimalı da çox yüksəkdir.

Bir sözlə, demək istədiyim odur ki, iranlılar rejimdən narazı olsalar belə, onu yıxmağa qalxmaları ehtimalı aşağıdır: dövlətçilik ənənələri buna yol verməyəcək. Hökumət də tədbirlidir və güzəştlərə gedib rejimi yumşaldacaq ki, geosiyasi məramlarına nail ola bilsin. Vaxtilə şah rejimi də o cümlədən elə ona görə süquta uğradı ki, şah İranı Qərbin oyuncağı etmişdi, bu isə iranlıların xoşuna gəlmədi.

Odur ki, İrandakı molla rejiminin yaxında süqutunu gözləməyə dəyməz. Cənubi azərbaycanlıların da kütləvi olaraq İrandan vaz keçmələri xülyadır. Çünki, əvvəldə dediyim kimi, millətçilik ideologiyası aktual deyil. Rusiyanın rəhbəri azəri olsaydı, biz Rusiyanın tərkibindən çıxardıqmı? İnanmıram. Bəs onda Güneyli soydaşlarımız niyə azəri olan Xameneyinin başçılıq etdiyi dövlətə qarşı çıxsınlar ki? Həm də bunu kimə görə etsinlər axı? Bizə görə? Bakıya gələndə çoxumuzun onlara (ərəblərlə yanaşı) yuxarıdan aşağı baxdığımıza görəmi?..

 





03.01.2018    çap et  çap et