Vaxt.Az

«İran ikiqat dalandadır»


 

Qərb mətbuatı: «Biz onları düzgün yola gətirməliyik»

«İran ikiqat dalandadır» Son günlər İranda baş verən hadisələr Qərb mətbuatının əsas diqqət yetirdiyi mövzuların başında gəlir. Ekspertlər və jurnalistlər Yaxın Şərqin güclü oyunçularından birinə çevrilən İranın daxili siyasi və iqtisadi vəziyyəti ilə bağlı fərqli mühakimələr yürüdürlər.

«İrandakı etiraz dalğasını İslam respublikasının ikiqat, yəni həm siyasi, həm də iqtisadi dalanda olması ilə izah etmək olar», - Beynəlxalq strateji araşdırmalar institutunun (İİSS) eksperti Kleman Term Fransada çıxan «Le Monde» qəzetində yazıb.

Ekspertin fikrincə, əsasən işçilər və orta sinif həyat səviyyəsinin düşməsinə etiraz edirlər.

«Tehran olduqca böyük təhdidlə qarşı-qarşıya qalıb. İndi o, qayda-qanunu tezliklə bərpa etməli, həmçinin uzunmüddətli perspektivdə 1979-cu il inqilabının yaşamasına çalışmalıdır.

Rejim əleyhinə olan mitinqlər isə həm ani, həm də struktur səbəblərlə bağlıdır.

Ani səbəblərə qiymətlərin artmasını (məsələn, yumurtanın qiyməti 40 faiz artıb-red.), kasıb əhaliyə aylıq ödəmələrin kəsilməsini və bankların iflas olmasını aid etmək olar.

İranlılar 2015-ci il nüvə sazişinin həyat səviyylərini artırmadığından məyus olublar. Bundan başqa, onlar ölkənin neft sərvətlərinin İranın bölgədəki «müştəri»lərinə (Hizbullah, Həməs, İraqdakı və Suriyadakı şiə qruplaşmaları) deyil, ölkə daxilində xərclənməsini istəyirlər.

Sosial etirazların struktur səbəblərinə gəlincə isə, buraya korrupsiya və neft gəlirlərinin qeyri-bərabər şəkildə bölüşdürülməsini daxil etmək olar ki, bunu da indiki rejim həll etməyə qadir deyil. İndi İranda bu gəlirlərlə istədiyi kimi davranan və onu əhalinin autsayderlərinə (yəni kasıb təbəqələrinə) paylanması üçün heç bir şey etməyən üstünlərin kastası hökm sürür. Bu isə ədalətsizlik duyğusunun güclənməsinə yol açır», - Kelman Term iddia edir.

Almaniyanın «Die Welt» qəzetinin jurnalisti Françeska Kafferi İranlı hüquq müdafiəçisi, 2003-cü ildə Nobel mükafatı almış Şirin Ebadinin son hadisələrlə bağlı fikirlərini öyrənib.

Ebadi 2009-cu ildəki aksiyaları 2018-cu ildəki nümayişlərlə müqayisə edərkən, həmin vaxt insanların ən çox siyasi tələblərlə küçələrə çıxdığını deyib. O, bugünkü etirazların «hansısa böyük bir hadisənin başlanğıcı ola biləcəyini» versiyasını irəli sürüb. Ebadinin fikrincə, bu gün etirazları doğuran bir çox təcili iqtisadi problem həll edilsə belə, proses bununla bitməyəcək.

«İran ağır iqtisadi durumdadır. Korrupsiyanın bütün ölkədəki miqyası dəhşət doğurur. Bundan başqa, İranın hərbi xərcləri həddindən artıq yüksəkdir. İnsanlar orduya xərclənən pulların həcmini bilmirlər. Ən çox isə gənclər narazıdır. Çünki ölkədə fövqəladə dərəcədə yüksək işsizlik hökm sürür. Varlılar və kasıblar arasında uçurum dərinləşib. Bu isə baş verənləri anlamaq üçün açar rolunu oynayır», - Ebadi qeyd edib.

Jurnalist ABŞ prezidenti Donald Trampın etirazçılara dəstək mesajının insanların yenidən rejimi dəstəkləməyə sövq edəcəyi ilə bağlı ehtimalları soruşub.

Hüquq müdafiəçisinin bu suala cavabı qəti olub: «Bugünkü etirazlar insanların hökumətdən nə dərəcədə məsafəli olduğunu və onu tənqid etmədən dəstəkləməyəcəklərini göstərir. Özü də Tramp kimi adamın «dəstəyinə» rəğmən...»

Ebadi Avropanın İranla hansısa sazişə getməzdən qabaq ölkədəki insan haqlarının vəziyyətini nəzərə almağa çağırıb.

«10 il bundan öncə İranın mühafizəkar prezidenti Mahmud Əhmədinecada qarşı çıxan tələbələri sonuncu «kül və palçıq» adlandıraraq, onlara qarşı təhlükəsizlik güclərini göndərmişdi. İndi onun guya «liberal» sayılan xələfi Həsən Ruhani daha böyük çətinliklə üzləşib», - «The Times» qəzetindən Rocer Boyz yazır.

«Times» yazarı İranın indiki rejiminə qarşı aqressiv mövqeyini hər sətirdə hiss etdirir.

Müəllifin fikrincə, Qərb 2015-ci ildə Ruhani ilə nüvə anlaşmasını imzalayan və İrana qarşı sanksiyaları aradan qaldıran zaman bu prosesin ölkəni modernləşdirəcəyi, habelə bölgəni daha təhlükəsiz hala gətirəcəyi barədə düşüncəsində səhv edib. Çünki əldə olunan vəsait Əsəd rejiminin, Hizbullahın və digər hərbi avantüra siyasətinin dəstəklənməsinə xərclənib.

Boyz İranın daxilində işsizlik probleminin artmasının, habelə yanacaq və ərzaqla bağlı dövlət subsidiyalarının azaldılmasının, həmçinin xaricdə səyahət edənlər üzərində vergilərin artırılmasının əhali arasında böyük narazılq doğurduğunu qeyd edir.

«İranın indiki vəziyyəti mənə 1980-ci il Polşasını xatırladır. Həmin vaxt «Solidarnost» hərəkatı da fəhlələrin narazılığından istifadə edərək müxtəlif ictimai qrupları ətrafında toplaya bilmişdi. Bütün bunlar cəmi 8 il sonra kommunizmin hakim ideologiya kimi yox olmasına gətirib çıxardı», - müəllif yazır.

Boyzun fikrincə, Ruhaninin, hətta bütün teokratik sistemin daha az vaxtı qalıb.

Müəllif indi İrandakı vəziyyəti dəyişmək üçün Qərbin əlinə fürsət düşdüyünü iddia edib. «Bu vaxta qədər Tehran nüvə anlaşması ilə əlaqədar Avropa ölkələrini Trampla toqquşdura bilmişdi. İndi Trampın komandası ilə əsl razılığa gəlməyin vaxtıdır. Məgər İranın bölgənin hərbi liderinə çevrilməsi Qərbin ümumi maraqlarına cavab verirmi...? Biz sıravi iranlılara müraciət etməli və onlara öz hökumətlərinin fəaliyyətinin İranın dünyadakı statusuna ziyan vurduğunu başa salmalıyıq. Bu gün İranlılar ya «top» (artilleriya) ya da «ət» seçimi qarşısında qalıb. Biz onları düzgün yola gətirməliyik», - məqalədə qeyd olunur.

 





04.01.2018    çap et  çap et