Vaxt.Az

«Bəxt üzüyü - 2» ekranlara çıxır


 

«Çəkilişdə mümkün qədər ilk filmdəki aktyorların iştirakına çalışılıb»

«Bəxt üzüyü - 2» ekranlara çıxır Xalq şairi Vaqif Səmədoğlunun 80 illik yubileyi ilə bağlı «Bəxt üzüyü 2» filmi çəkilib. Modern.az-ın məlumatına görə, bu barədə Xalq artısti Afaq Bəşirqızı bildirib.

Aktrisa deyib ki, filmin çəkilişinə görə Seda rolunun ifaçısı Firəngiz Rəhimbətova Amerikadan Azərbaycana dəvət olunub. Filmin çəkilişində mümkün qədər ilk «Bəxt üzüyü»ndə oynamış aktyorların iştirakına çalışılıb.

A.Bəşirqızı bildirib ki, Vaqif Səmədoğlunun həyat yoldaşı Nüşabə Vəkilova bu filmdən çox razı qalıb.

«Nüşabə xanım deyib ki, möhtəşəm bir film alınıb. Film yaxın vaxtlarda tamaşaçıların seyrinə veriləcək».

«Bəxt üzüyü - 2» filminin çəkilişlərini «Planet Parni iz Baku» komandası həyata keçirib. Filmin ssenarisi Tahir və Cabir İmanovlara aiddir.

Birinci filmin davamı olan yeni versiyada Moşu Göyəzənlinin oğlanlarından biri Rasim və Seda cütlüyünün qızına aşiq olur. Hadisələr isə bu dəsti-xətt üzrə davam edir.

Ekran əsərində Xalq artistləri Afaq Bəşirqızı, Valeh Kərimov, Rafael Dadaşov, Firəngiz Rəhimova və başqaları çəkilib.

«Bəxt üzüyü» Azərbaycan kinematoqrafiyasının ən maraqlı komediyalarından biri sayılır.

 





04.01.2018    çap et  çap et