General deyib ki, qanunsuzluqların baş verdiyi əsas üç vilayətdə - İsfahan, Luristan və Həmədanda inqilab keşikçilərinin qüvvələri yerləşdirilib. Lakin «The Independent» yazır ki, azı 21 nəfərin ölümünə və 450 nəfərin həbsinə səbəb olmuş yürüş və nümayişlər ölkədəki dərin parçalanmaları üzə çıxarıb.
İndi getdikcə daha çox aydın olur ki, etirazlara səbəb heç də təkcə iqtisadiyyatın ağır vəziyyəti yox, həm də sərt xətt-hərəkət tərəfdarları ilə islahatpərəstlər arasındakı hakimiyyət çəkişməsi olub.
Bu da məlum olub ki, prezident seçkisində Ruhaniyə uduzmuş mühafizəkar Əli Rəisinin qayınatası Əhməd Aləmolhoda İran Milli Təhlükəsizlik Şurasına çağırılaraq Məşhəd nümayişindəki mümkün rolu ilə bağlı sorğu-sual edilib. Ayətullah Aləmolhoda Şuraya çağırıldığı barədə xəbərləri təkzib edir.
Rəisinin və Aləmolhodanın doğma şəhəri Məşhəddə başlanmış ilk etirazlarda Ruhaniyə və onun hökumətinə qarşı şüarlar səsləndirilirdi. Liberallar iddia edirdilər ki, bu nümayiş mühafizəkarlar tərəfindən başladılsa da, sonradan nəzarətdən çıxıb. Etirazçılar qəzəblərini mollalara, ali rəhbər Ayətullah Xameneyiyə, inqilab keşikçilərinə və Bəsicə qarşı yönəldiblər.
General Cəfəri onu bildirib ki, ölkədəki nizamsızlıqlara görə həm də «bir keçmiş rəsmi «məsuliyyət daşıyır. Təhlilçilər onun keçmiş prezident Mahmud Əhmədinejada işarə etdiyini düşünürlər. O həm mühafizəkarları, həm də Ruhaninin liberallarını tənqid edirdi.
Bu arada İran təhlükəsizlik qüvvələri son etirazlarda fəallıq edənlərin bəzilərinin fotolarını yayıb, onların «təxribatçılar» kimi axtarıldığını bildirib. Hakimiyyətə yaxın sayt və sosial media hesablarında yayılan fotolarda bu şəxslərin bir çoxunun üzü bağlıdır, yaxud eynək taxıblar.