Bəs Bakı-Tiflis-Qars dəmir yolu ötən ilin oktyabrında istifadəyə verildiyi halda 2018-ci ildə bu layihəyə daha 176 milyon manat (101 milyon dollar) ayrılmasının səbəbi nədir? Dövlət Neft Fondu BBC Azərbaycanca-nın bu barədə sorğusuna cavab verib. Fond bildirir ki, bu vəsait Gürcüstana ayrılmalı olan kreditin qalığı və qonşu ölkə ərazisində dəmiryolu boyu bəzi yarımçıq tikinti işlərinin tamamlanması ilə bağlıdır.
Fond xatırladır ki, bu layihə çərçivəsində Azərbaycanın Gürcüstana 775 milyon dollarlıq kredit xətti açıb. «Layihənin əvvəlindən bu günə qədər Dövlət Neft Fondu tərəfindən ümumilikdə 642.3 milyon dollar ödənilib, kredit xətti üzrə qalıq məbləğ 132,7 milyon dollardır», - fond bildirir.
Habelə Dövlət Neft Fondu bildirir ki, dəmiryolu xəttinin istifadəyə verilməsinə baxmayaraq, Gürcüstanın yeni dəmiryolu boyu inşa edilən ərazisində layihəyə aid köməkçi və bəzi infrastruktur obyektlərin, o cümlədən yeni dəmiryolu stansiyasının tikintisi ilə bağlı işlərin tamamlanması nəzərdə tutulur.
«Kreditor tərəfindən verilmiş proqnoza əsasən, bu işlərin həyata keçirilməsi üçün Neft Fondunun 2018-ci il üçün büdcəsində 102,4 milyon ABŞ dolları və yaxud 176.1 milyon manat məbləğində vəsait nəzərdə tutulub», - açıqlamada bildirilir.
Bakı-Tiflis-Qars yeni dəmiryolu xətti ötən il oktyabrın 30-da Azərbaycan, Gürcüstan və Türkiyə prezdientlərinin iştirakı ilə işə salınıb.