Vaxt.Az

Razılaşmanın şərtləri


 

İsrail Türkiyəyə nə verib, əvəzində nə istəyəcək?

Razılaşmanın şərtləri İsrailin ingilis dilində nəşr edilən «Haaretz» qəzeti Türkiyə və arasında razılaşma mərhələsinə gələn danışıqların detallarını açıqlayıb. Publika.az-ın verdiyi xəbərə görə, qəzet üst səviyyə bir israilli səlahiyyətliyə istinad edərək Türkiyə ilə İsrailin razılaşmanı imzalamağa çox yaxın olduğunu yazıb.

«Qarşıdakı bir neçə gün içində iki ölkə arasındakı əlaqələr irəliləyəcək», - mənbə bildirib. O, İsrailin «Mavi Mərmərə» gəmisinə hücum zamanı ölən 9 Türkiyə vətəndaşına 20 milyon dollar təzminat ödənilməsini təklif etdiyini söyləyib.

Razılaşmanın Türkiyə Böyük Millət Məclisində ratifikasiya olunmasının vacibliyini qeyd edən «Haaretz» qəzeti razılaşma qarşılığında İsrailin də tələb etdiklərinin olduğunu bildirib. Belə ki, razılaşma Türkiyə parlamentində təsdiqlənərsə, İsrail əsgərlərinə qarşı Türkiyənin qaldırdığı iddialar qüvvədən düşəcək, əsgərlərə verilməsi gözlənilən cəzalar ləğv ediləcək.

Yazıda həmçinin qeyd edilir ki, İsrail, iki ölkə arasındakı normallaşmanın simvolik olaraq qalmamasını tələb edir. İsrailin tələbləri arasında iki ölkə səfirlərin yenidən vəzifələrinə qayıtması, yeni bir dialoqun başladılması, dövlət rəsmilərinin qarşılıqlı səfərlərinin təşkil edilməsi də yer alıb. İsrailin bir başqa tələbi isə beynəlxalq arena və mediada alçaldıcı bəyanatların dayandırılmasıdır.

Qeyd edək ki, «Haaretz» qəzeti iki gün əvvəlki sayında Türkiyənin İsraildən 30 milyon dollar təzminat tələb etdiyini, İsrail baş naziri Benyamin Netanyahunun isə 20 milyon dollar təklif etdiyini bildirmişdi. Qəzetin yazdığına görə, baş nazir təzminat məbləğinə daha 3 milyon dollar əlavə edilməsi ilə bağlı nümayəndə qrupa səlahiyyət verib.

 





05.02.2014    çap et  çap et