Nə isə, şələ-küləmizi yığdıq və getdik Berlinə. Yedik, içdik, gəzdik və görəndə ki, burada artıq monitorinq etmədiyimiz kol qalmayıb, dedik gedək başqa şəhərə.
Qatara bilet alıb, gəldik vağzala. Vaqonumuzu tapdıq və nə qədər ki, camaat gəlməmiş bütün rəfləri çantalarımızla doldurub, oturduq rahat.
Yerlər də elədir ki, iki kreslo üzü istiqamət tərəfə, ikisi üzbəüzdə və aralarında balaca masa. Bizim yerimiz yaxşı oldu, üzü yola tərəf oturduq. Özümüz kimi, gözləyirik üzbəüzdə kim gələcək.
Bir-iki dəqiqə keçdi və bir cütlük gəlib oturdu qarşımızda. Oğlan hündürboylu, sarışın, mavi gözlər – lap cavanlığım yadıma düşdü. Qız da həmçinin, sarışın, mavi gözlər, üzlərində yazılıb ki, əsl «nemes»dilər. Bizdən uzaq.
Xülasə, bunlar gəldilər, baxdılar rəflər doludur bizim əşyalarımızla, lal-dinməz çantalarını ayaqlarının altına qoyub oturdular yerlərinə.
Oğlan o dəqiqə noutbukunu açıb başladı nəsə yazmağa. Qız da telefonunu əlinə alıb barmaqları ilə keçdi iş başına. Fikirləşdik ki, yəqin bir-birləriylə yazışırlar, danışmağa həvəsləri yoxdur.
Nə isə, qatar yola düşdü, yarım saat, bir saat, dostumla bütün dünya problemlərini müzakirə edib həllini tapdıq və gördük ki, mövzu yoxdur, darıxırıq.
Adə!! Birdən yadımıza düşdü ki, azərbaycanlıyıq, dedik gəl qonşularımızın qeybətini qiraq, başladıq oğlandan. Saçını lağa qoyduq, çəkmələrinə güldük doyunca Sonra keçdik qıza.
Ay bunun yuyulmamış saçına bax, ay bunun manikürsüz dırnaqlarına bax, ay qurban olaram özümüzünkülərə, koftasında ləkə görəndə isə lap sevindik ki, Az.TV düz deyir, Almaniya çökür.
Nə başınızı ağardım, belə məzələnə-məzələnə çatdıq mənzil başına, qatar dayandı, oğlan gülümsəyərək çıxdı, qız isə yerindən qaldı və birdən bizə qayıdasan ki: «Мальчики, я вам обещаю сегодня вечером я и волосы помою, и маникюр сделаю, и кофту постираю. (Oğlanlar, mən sizə söz verirəm ki, bu axşam saçlarımı da yuyacam, dırnaqlarımı manikür də edəcəm, koftamı da yuyacam!)»
Vaxsey!! Sən demə, bunlar rus imiş, biz də «russkoyazıçnı çuşkalar» rusca danışırdıq. Bu sözdən əməllicə pərt olduq. Başladıq üzrxahlıq etməyə - «ay izvinite, ay prostite, ay Qitler kaput!» filan. Amma sözüm onda yox.
Nəyi soruşacaqdım, o düz söhbətdir ki, ayda 130 manata babat dolanmaq olur?