Vəkil qeyd etdi ki, bu şirkət neft layihələrində iştirak edir: «Şirkətin rəhbərliyi haqqında bütün məlumatlar gizli saxlanılır. «İntertek-Azeri» şirkətində də yerli işçilərlə əcnəbi fəhlələr arasında fərq qoyulur. Əcnəbi fəhlə azəribaycanlı mühəndisdən çox əməkhaqqı alır».
Vəkil vurğuladı ki, «SOCAR CAPE» qanunsuz işdən çıxarılmalarla yanaşı əlavə iş saatlarını ödəməməkdə də ittiham edilir: «Bu şirkətdən şikayətçi olanlar da məhkəmədə iddia qaldırıb».
Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatının sədri Mirvari Qəhrəmanlı virtualaz.org saytına bildirib ki, «SOCAR CAPE» şirkəti azərbaycanlı işçiləri ingilis dilini bilmədiyi üçün aşağılayıb işdən çıxarır: «Əmək Məcəlləsində göstərilir ki, əmək münasibətlərində vətəndaşlığına, irqinə, dininə, milliyyətinə, dilinə, yaşayış yeri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında ayrı-seçkiliyə yol verilməməlidir. Amma bu şirkətlərdə yerli işçilərdən ingilis dilini bilmək tələb edilir, əməkhaqları xarici vətəndaşlardan bir neçə dəfə aşağıdır. «Əmək miqrasiyası haqqında» qanunun 4-cü maddəsində göstərilir ki, əcnəbilərin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları üçün iş yerinin tələblərinə cavab verən peşə hazırlığına və ixtisasa malik Azərbaycan vətəndaşının iddia etmədiyi boş iş yerləri mövcud olmalıdır. Amma «SOCAR CAPE»də yerli işçilərin iddia etdiyi iş yerlərində xarici işçilər işləyirlər».
Xatırladaq ki, «SOCAR CAPE»də şikayət ərizəsi yoxlanarkən məlum olmuşdu ki, orada çalışan 62 xaricidən yalnız 2-nin işçi kimi ölkədə çalışmaq icazəsi var.
M.Qəhrəmanlı hazırda azərbaycanlı mütəxəssislər olduğu halda xaricdən işçi gətirən xarici şirkətlərlə bağlı araşdırmalara başlayıb.