Bu il xəstəxanalara düşənlərin 51 faizi qrip və onunla əlaqədar fəsadlara görə xəstələnib. Amerikada artıq indiyədək 50 uşaq qripdən vəfat edib. Görəsən bu qışın qripi niyə bu qədər sərtdir?
«The Economist» yazır ki, adətən ağır qrip mövsümlərindən danışarkən, 1918-1920-ci illərin qrip epidemiyaları yada düşür. O epidemiyalarda qripə dünya üzrə 500 milyon insan yoluxmuş, bunlardan 1918-ci ildə 50, 1920-ci ildə isə 100 milyon insan tələf olmuşdu. O vaxtlar qrip elə bir miqyas almışdı ki, insanları dəfn etmək üçün tabut çatışmırdı.
Məqalədə deyilir ki, builki pandemiyanın belə sərt olması qripin bu virusunun yeni olması ilə bağlıdır. Adətən qrip virusunun yeni ştamlarını onlar əhalini «vuranadək» tanımaq olmur.
Bir çox ağır xəstəliklərin müalicəsi və praktikasını bacaran müasir təbabət elmi qripi hələ də proqnozlaşdıra bilmir.
1918-ci ilin pandemiyasından zəif olsa da, bu mövsümün qripini ağırlaşdıran bir sıra faktorlar mövcuddur. Bu qripi törədən virus ştammı köhnə ştammın «H3N2» kimi tanınan alt tipidir.
Məqalədə deyilir ki, ilk dəfə 50 il əvvəl müəyyən edilmiş bu virus çevik mutasiya qabiliyyətinə malikdir. Bu isə o deməkdir ki, virus bədənin əvvəlki ştamlara hazırladığı müdafiə sistemini asanlıqla yarıb keçir. Nəticədə ötən ilin əvvəllərində hazırlanmış vaksin artıq bu qrip üçün işləmir.
Avstraliya və Kanadadan alınmış məlumatların təhlili göstərir ki, vaksinlər indiki qripin qarşısını yalnız 10 faiz hallarda ala bilib. Halbuki normal zərdablar üçün bu rəqəm adətən 30-60 faiz arası olmalıdır.
Lakin ən pis hallarda da vaksinlər qripin ən azı sərtliyini ala bilir.
Alimlər bildirirlər ki, vaksinləri gücləndirməyin yollarından biri də onların virusun başının yox, gövdəsinin hədəfləməsi ola bilər. Çünki virus ən çox gövdə hissəsində mutasiyaya məruz qalır.
Digər bir yol genetik dəyişdirmə üsulu ilə alınmış viruslar ola bilər. Belə viruslardan alınmış vaksinlər insanın immun sisteminin daha çevik reaksiyasını təmin edərdi.