Hesabımı bloklayıblar
İ.Zərbəliyevin açıqlamasına görə, 2016-cı ilin dekabr ayında «DəmirBank»ın Nəsimi filialına əmanət qoymaq üçün müraciət edib. Bu zaman onun əmanət müqaviləsi belə rəsmiləşdirilib ki, əsas müqavilədə 12 500 dolların 3 faiz ilə götürüldüyü və qorunan olduğu, müqaviləyə əlavədə isə dollar əmanətinə 2 faiz əlavə bonus hesablandığı qeyd edilib.
«DəmirBank»ın lisenziyası ləğv edildikdən sonra isə əmanətlərin qaytarılması Əmanətlərin Sığortalanması Fondu tərəfindən həyata keçirir. Bundan sonra Bankın baş ofisinə gedən İ.Zərbəliyevə bildirilib ki, onun hesabına blok qoyulub. Beləliklə, bağlanan bankın müştərisi öz pulunu ala bilmir: «Qorunan hissəni belə vermirlər. Deyirlər ki, əmanət ümumilikdə 5 faiz ilə qoyulub və qorunmayan əmanətlər kateqoriyasına düşə bilər».
Qanun çərçivəsində addım atılacaq
Bununla bağlı şikayətçi ilə yanaşı tərəflərin də mövqeyini öyrəndik. Beləliklə, Əmanətlərin Sığortalanması Fondunun mətbuat xidmətinin rəhbəri Fuad Hüseynəliyev bildirdi ki, fond bütün əmanətçilərin öz pullarını almasına çalışır. Konkret olaraq İ.Zərbəliyevin vəziyyətinə gəlincə, ADİF bu məsələnin qanun çərçivəsində və əmanətçinin xeyrinə həllinə tərəfdardır.
Bank rəhbərini məhkəməyə verin
Hüquqşünas Əkrəm Həsənov isə məsələnin qanuni tərəflərini izah etdi. Onun sözlərinə görə, «DəmirBank» həmin bonus kampaniyası ilə xeyli sayda insanı aldadıb və bu məsələdə cavabdeh tərəflər var: «Faktiki olaraq vətəndaşın əmanəti 5 faizlə yerləşdirilib. Bu məsələdə ADİF-i günahlandırmaq olmaz. Adını başqa cür qoymaq da olayın mahiyyətini dəyişmir».
Hüquqşünas çıxış yolu kimi təklif etdi ki, kreditorlar aldadılıb və onlar bankın həmin vaxtkı rəhbərini məhkəməyə versinlər: «Çünki «DəmirBank»ın rəhbərliyi «sığortalıdır» adı ilə faktiki olaraq vətəndaşları aldadıblar».
Qeyd edək ki, «DəmirBank»ın Müşahidə Şurasının sədri Rəhman Hacıyev olub.2016-cı ilin aprelindən isə İdarə Heyətinin sədri vəzifəsinin Fərid Abuşov icra edib.