Vaxt.Az

«Onun ölümü teatr üçün faciədir»


 

Yalqızlığı seçərək, tənhalıqda dünyasını dəyişən aktrisa...

«Onun ölümü teatr üçün faciədir» Fevralın 8-də Azərbaycanın sevimli teatr və kino aktrisası, xalq artisti Zərnigar Atakişiyevanın yaşadığı evində vəfat etdiyi məlum oldu. Sonradan ekspertizanın nəticələrindən məlum oldu ki, 72 yaşlı aktrisa əslində fevralın 8-də deyil, azı 2-3 gün öncə dünyasını dəyişib. Onun ürək tutmasından keçindiyi bildirilir. Qeyd edək ki, aktrisa ailə həyatı qurmayıb və ömrünün sonuna qədər tənha yaşayıb.

Məşhur aktrisa tamaşaçılara daha çox «Təhminə» filmindəki Zivər, «Kökdən düşmüş piano» kino-tamaşasındakı ana, «Qara Volqa» filimdəki Solomonovna, «Ölsəm... bağışla» filmindəki Yusifin anası obazından, müxtəlif məşhur teatr tamaşalarından tanışdır. 1973-cü ildə Akademik Milli Dram Teatrına gələn aktrisa təxminən 1992-ci ildə səhnədən uzaqlaşıb. Səbəb isə son illərdə aktrisaya səhnədə cəmi 2 rol verilməsi olub. Lakin 7 ildən sonra mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyevin dəvəti ilə yenidən teatra qayıdıb. Bundan sonra 2000-ci ildə isə Xalq artisti fəxri adına, 2014 ci ildə «Şöhrət ordeni»nə, Cəfər Cabbarlı mükafatına layiq görülüb. Aktrisa prezident təqaüdçüsü idi.

Xalq artisti ilə dəfələrlə tərəf müqabili olmuş Firəngiz Mütəllimova həmkarının ölümü ilə bağlı öz təəssüratlarını bölüşüb: «Zərnigar xanım son zamanlarda zənglərə cavab vermir, heç kəsə qapı açmırdı. Təkcə bizə deyil, öz  qohumlarına da bu cür davranırdı. Yəni, özünə qapanmmışdı. Səbəbini bilmirdik. Bəlkə də xəstəliyi ilə bağlı idi. Amma bilirəm ki, şəkər xəstəliyindən, ürək ağrılarından əziyyət çəkirdi. Hər kəs onun ölümündən şoka düşdü... Biz ondan çox nigaran idik. Hər tamaşaya gedəndə bir-birimizdən soruşurduq ki, bunun axırı necə olacaq, məşqlərə gəlmirdi, zənglərimizə cavab vermirdi. Bir sözlə hamı narahat idi. O isə cavabında deyirdi ki, «mən belə istəyirəm, məni narahat etməyin».

Uzun illər onunla tərəf müqabili olmuşam, xüsusən də «Təhminə və Zaur» tamaşasında. Həmin tamaşada Zaurun anası obrazında çıxış edirdi. Çox gözəl aktrisa idi. Əvvəllər mən onu deyib-gülən insan kimi tanıyırdım. Qastrollarda dəfələrlə bir yerdə olurduq. Əgər hamı bir neçə çamadanla gedəndə Zərnigar xanım bir kiçik zənbillini götürürdü. Deyirdi ki, «özümə niyə yük edim?». Çox qəribə, özünə məxsus xarakteri  var idi. Yəni, mən bu insandan özümüzə qarşı pis bir  rəftar görməmişdim, əksinə, hər kəsə dəstək olurdu. Daim onu  yerin bilən, edilən hörmətə iki qat cavab verən, yaxşı insan kimi xatırlayıram.

Ümumiyyətlə, bu peşənin insanları həmişə həssas olur. Bir zamanlar teatrdan küsəndə, nazir müavini Ədalət Vəliyev onu yenidən teatra qaytardı. Dedi ki, «Zərnigar xanım, siz lazımsız, qayıdın». Xatırlayıram ki, onu təmtəraqlı teatra qaytardılar, 2014-cü ildə «Şöhrət ordeni»nə layiq gördülər. Həmçinin prezident təqaüdü alırdı, prezidentin verdiyi evdə yaşayırdı, ən gözəl rolları oynayırdı. Yəni o, diqqətdən kənarda qalan aktrisa olmayıb. İstər teatrın kollektivi, istərsə də rəhbərlik tərəfindən həmişə hörmətlə qarşılanıb. Onun nədən küsə biləcəyindən xəbərsizəm. Bəlkə də xəstəlikləri ilə barışmayıb...»

Mərhum aktrisa ilə dəfələrlə tərəf müqabili olmuş xalq artisti Rəfael Dadaşov da öz təəssüratlarını bölüşüb: «Zərnigar xanım səhhəti ilə əlaqədar olaraq teatrdan uzaqlaşmışdı. Bu da hamımızı məyus etmişdi. Onun ölümü teatrımız üçün faciədir. Onunla tərəf müqabili olmaq mənim üçün şərəf idi. Mən teatra gələndə Zərnigar xanım artıq teatrda çalışırdı. Əlbəttə onun təkidi ilə mən «Mehmanxana sahibəsi» tamaşasında Sinyor Kavaler rolunu oynadım. Doğrusu, mən roldan imtina edirdim. Lakin Zərnigar xanımın inadı ilə mən o tamaşada oynadım. Buna görə mən Zərnigar xanıma ömür boyu minnətdaram. Çünki tamaşa məni olduqca populyar etdi. Zərnigar xanımla bir çox tamaşalarda tərəf müqabili olmuşuq. Deyim ki, bu aktrisa həm özünə qarşı, həm də tərəf müqabillərinə qarşı tələbkar olub. O, öz rolunu elə-belə oynamayıb. Bu da onun özünün professionallığından irəli gəlib.

Mən çox məyusam son zamanlar onunla bir səhnədə ola bilmədik... Biz aktyorlar axı səhnədə oynamaqdan başqa həm də qidalanırıq. Tərəf müqabilimizə baxır, ondan öyrənir, yeri gələndə tətbiq edir, oynamaq üsulu qazanırıq. Ona görə də açığı deyim ki, Zərnigar xanımın teatrdan getməsi bizim üçün, həm də özü üçün pis idi. Hamımız çox pərişanıq... Elə aktyor, aktrisalar var ki, sadəcə teatr aləminə gəlib-gedir. Amma Zərnigar xanımın izi, rolları həmişə yaşayacaq, qəlblərdə yeri olacaq. Allah ona rəhmət eləsin... Onsuz da biz itirə-itirə gedirik. Bunu qəbul etməliyik...»

Xalidə GƏRAY

 





09.02.2018    çap et  çap et