Vaxt.Az

«Kreml seçkidən sonra Ermənistanı alt-üst edəcək»


 

Rusiyanın yeni postsovet hədəfləri və planları

«Kreml seçkidən sonra Ermənistanı alt-üst edəcək» 2018-ci il 18 mart tarixində Rusiyada keçiriləcək prezident seçkilərindən sonra Vladimir Putin post-sovet məkanında fəallaşacaq. Qərb ekspertləri Ukrayna və Yaxın Şərqdə «ilişən» Rusiyanın post-sovet məkanına qayıdacağını hesab edirlər.

İddialara görə, Kreml post-sovet məkanında yeni müdaxilələrə əl ata bilər. Xüsusilə post-sovet məkanında respublikalar Avrasiyaya inteqrasiyada həvəssiz davranırlar. Misal üçün, Qazaxıstan prezidenti Nursultan Nazarbayev Mərkəzi Asiyanın beş ölkəsi adından ABŞ prezidenti Donald Trampdan regionda təhlükəsizliyin qorunmasına diqqət ayırmasını xahiş etdi.

Ukrayna və Moldovanın Rusiyanın orbitinə qayıtması ehtimalı artıq aradan qalxıb. Belə vəziyyətdə ekspertlər Rusiyanın Cənubi Qafqaza yönələcəyini hesab edirlər. İddialara görə, Rusiya Cənubi Qafqazda yeni müharibəni alovlandıra bilər.

Gürcüstan potensial hədəf olaraq görünür. Xüsusilə bu ölkənin NATO-ya sürətli inteqrasiyası Moskvanın sərt addımlar atmasına səbəb ola bilər. Lakin Qərbin Tbilisini öz qanadları altına alması bunu çətinləşdirir. Ermənistan Rusiyanın «müttəfiqi» olaraq çıxış edir, bu baxımdan, İrəvanda təhlükənin onlardan yan keçəcəyi fikri hakimdir. Amma erməni ekspertlər bunun əksini hesab edirlər.

Erməni siyasi şərhçi Naira Ayrumyan Rusiyanın seçkilərdən sonra Ermənistana müdaxilə edə biləcəyini yazıb. Onun fikrincə, rəsmi İrəvanın Moskva qarşısında mərkəzdənqaçma meylləri bu müdaxiləyə ciddi səbəb verə bilər.

«Bu yaxınlarda NATO-nun saytında Alyansın mayda Ermənistanda təlim keçirəcəyi haqda məlumat yayıldı, lakin Müdafiə Nazirliyi bu informasiyanı təkzib etdi. Görünür, pərdəarxasında Rusiyanın xoşuna gəlməyən proseslər gedir və seçkidən sonra bunun mənfi nəticələri ortaya çıxa bilər», - deyə o, qeyd edib.

Erməni politoloq Levon Şirinyan isə Azərbaycanın aprel seçkisindən sonra Dağlıq Qarabağın azad edilməsi prosesinə başlaya biləcəyini, Rusiyanın buna dəstək verəcəyini diqqətə çatdırıb.

 





09.02.2018    çap et  çap et