Vaxt.Az

Seçki aktiv mərhələyə keçdi


 

Əli Əhmədov seçkiyə görə baş nazirin müavini vəzifəsinin icrasını dayandırdı; bir neçə şəxs namizədliyini açıqladı...

Seçki aktiv mərhələyə keçdi 11 aprel prezident seçkisi ilə bağlı siyasi partiyalar mövqelərini dəqiqləşdirməkdə, qərar verənlər isə seçki hazırlıqları istiqamətində işlərə başlamaqdadırlar.

Hakim Yeni Azərbaycan Partiyasının bütün rayon təşkilatlarında seçki ilə bağlı toplantılar keçirilir. Baş nazirin müavini, YAP sədrinin müavini, icra katibi Əli Əhmədov prezident seçkisində partiyanın səlahiyyətli nümayəndəsi təyin edilib. YAP-dan verilən məlumata görə, Ə.Əhmədov Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, 2018-ci il fevral ayının 12-dən aprel ayının 11-nə qədər baş nazirin müavini dövləti vəzifəsində ödənişsiz məzuniyyətə çıxıb.

Digər məlumata görə, YAP bu dəfə seçki kampaniyasını əsasən gənclərin aktiv iştirakı ilə aparacaq. Yerlərdə gənclərin seçki kampaniyasında aktiv iştirakına nail olunacaq.

Zahid OrucFevralın 12-də deputat Zahid Oruc prezident seçkisində namizəd olacağını açıqlayıb. Bu barədə Z.Orucun özü məlumat yayıb. Z.Oruc bununla bağlı Azərbaycan vətəndaşlarına müraciətində qeyd edib ki, partiya mənsubiyyətinə malik deyil, lakin Azərbaycan parlamentində böyük fəaliyyət təcrübəsi qazanıb, sadə, əliqabarlı ailənin övladı kimi zəhmətkeş insanların, ölkənin maddi sərvətlərini yaradan çoxluğun təmsilçisidir: «Hakimiyyətə qarşı fərqli ideya-siyasi düşərgədə olduğunu deyənlərdən kənarda milyonla insan heç bir partiyalı vəsiqə daşımır. Elə isə onların birgə səsinə çevrilə bilərik. Ona görə biz heç bir inqilabi yola, düşmənçilik və qisasçılıq yayan baxışlara, müharibəni hakimiyyət dəyişikliyi üçün arzulayan kəsimlərin niyyətlərinə meydan aça bilmərik. Yaxud xarici müdaxilə vasitəsilə ölkənin taleyini müəyyənləşdirməyə və siyasi münasibətləri aydınlaşdırmağa çalışanlarla bir yerdə olmaq da çətindir.

Beləliklə, ötən 27 ildə mətinləşən və böyük siyasi yetkinlik məktəbi keçən xalqımızın ləyaqətli övladlarına güvənərək, bir qrup işıqlı insanı vahid platformada birləşdirmək və onların qiymətli təklif və ideyalarını səfərbər etmək naminə şəxsi təşəbbüsümüzlə prezident seçkilərinə qatılmaq üçün öz namizədliyimizlə çıxış etməyi qərara alırıq. Biz yüzlərlə insanın məsləkdaşımıza çevriləcəyini inanırıq və ümid edirik ki, rəsmi bəyanatımızdan sonra yaradılacaq təşəbbüs qrupuna qoşulan bacı və qardaşlarımızın sayı artacaq».

O, Azərbaycan vətəndaşlarını seçkidə fəal iştiraka çağıraraq bildirib ki, seçkilərin nəticələri birinci növbədə xalqa lazımdır.

Fevralın 11-də müxalif Vətəndaş və İnkişaf  Partiyası (VİP) Məclisinin seçkilərlə bağlı iclası keçirilib. Müzakirələrin əvvəlində VİP-in 2017-ci il mayın 28-də keçirilmiş IV Qurultayında partiyanın sədri Əli Əliyevin prezidentliyə namizədliyinin elan olunduğu bildirilərək, 11 aprel seçkilərində iştirak etmək və ya etməmək haqqında qərar vermək səlahiyyətinin Məclisə aid olduğu diqqətə çatdırılıb.

Əli ƏliyevÇıxış edən Məclis üzvlərinin bir qismi Əli Əliyevin namizədliyinin artıq elan olunduğunu və cəmiyyətə bununla bağlı qəti mesajlar verildiyini əsas götürərək, 11 aprel seçkilərinə qatılmağın zəruriliyini vurğulayıblar. Bununla belə, Məclisin bir sıra üzvləri ölkədə normal siyasi fəaliyyət imkanlarının məhdudlaşdırıldığını, seçki mühitinin olmadığını və müxalifət düşərgəsinin mühüm hissəsinin 11 aprel seçkilərinə qatılmadığını önə çəkərək, boykot qərarının verilməsinə çağırıblar. İclasda seçkidə iştirak və boykot tərəfdarlarına öz mövqelərini daha dərindən əsaslandırmaq üçün əlavə çıxışlara şərait yaradılsa da, 11 aprel seçkilərinə münasibətdə konsensusun əldə edilməsi mümkün olmayıb. Tərəflərin öz mövqelərində qəti dayandıqlarını və VİP sədri Əli Əliyevin hazırda ölkə xaricində olduğunu nəzərə alan Məclis üzvləri iclasın fevralın 18-də davam etdirilməsini məqbul sayıblar.

Hakimiyyətyönlü Ana Vətən Partiyası Ali Məclisinin də iclası keçirilib. Partiyanın mətbuat xidmətindən verilən məlumata görə, iclasda prezident seçkisində partiyanın iştirakı müzakirə edilib. Toplantıda 11 apreldə keçiriləcək prezident seçkisində YAP-ın namizədi İlham Əliyevin namizədliyinin müdafiə edildiyi ilə bağlı qərar qəbul olunub və seçkidə İlham Əliyevin qələbəsi uğrunda fəal mübarizə aparılacağı bəyan edilib.

Müxalif KXCP-nin sədr müavini Xəzər Teyyublu isə bildirib ki, KXCP nin növbədənkənar prezident seçkisində iştirak, yoxsa imtina ilə bağlı yekun qərarı 17 fevralda saat 11-də keçiriləcək Ali Məclisin iclasında veriləcək.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti isə növbədənkənar prezident seçkisi ilə bağlı dünən bəyanat yayıb. Sənəddə BAXCP İdarə Heyəti partiyanın sədri, millət vəkili Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyini irəli sürdüyünü bəyan edib.

Qüdrət HəsənquliyevQeyd olunub ki, bir sıra radikal müxalifət partiyalarının sonuncu seçkilərdən keçən 4 il 6 ayda nail ola bilmədiyi dəyişikliklərə son 6 ayda  nail ola biləcəyini iddia edərək növbədənkənar prezident seçkilərinə qatılmadığını, bununla da bəzi xarici dairələrə Azərbaycan əleyhinə təbliğat kampaniyalarını genişləndirmələrinə zəmin yaratdığı təəssüf yaradır. Bəyanatda sonra deyilir ki, seçkilərdə vahid namizədlə iştirak dair bir sıra partiyalarla aparılan müzakirələr hələlik yekun nəticəyə varmayıb: «BAXCP seçkilərin rəsmən elan olunduğunu və bu səbəbdən partiyanın seçkilərdə iştirakla bağlı qərar qəbul etməsi və seçkilərə hazırlığı üçün vaxtının məhdud olacağını önə çəkərək, Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərinə öz namizədi ilə qatılır. BAXCP İdarə Heyəti prezidentliyə namizədlərin öz namizədliklərini geri götürmələri üçün Seçki Məcəlləsində nəzərdə tutulmuş son müddətədək vahid namizədin müəyyənləşdirilməsi ilə bağlı müzakirələri davam etdirəcəyini bildirir».

İdarə Heyətinin qərarına əsasən, partiya sədrinin müavini Elçin Mirzəbəyli BAXCP-nin səlahiyyətli nümayəndəsi, maliyyə şöbəsinin müdiri İlqar Məmmədxanov isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin ediliblər.

Fevralın 12-də BAXCP sədri Qüdrət Həsənquliyevin prezidentliyə namizədliyinin irəli sürülməsinin təsdiqi üçün sənədlər Mərkəzi Seçki Komissiyasına təqdim olunub.

 Razi NurullayevYeni AXCP-nin sədri Razi Nurullayev isə məlumat verib ki, növbədənkənar prezident seçkisində iştirak üçün «AXC» Təşəbbüs Qrupu adından sənədlərin tamamlanması işləri gedir: «Ağır yol olsa da, bunu seçdik, çünki Əbülfəz Elçibəyin də yolu heç zaman hamar və rahat olmayıb. Təşəbbüs Qrupunun adı «AXC» müəyyənləşdi. Bu ad hamımız üçün əzizdir. Bir çoxumuz üçün bu, Azərbaycan Xalq Cəbhəsi, bir çoxumuz üçün isə Azərbaycan Xalq Cümhuriyyətini özündə ehtiva edir».

R.Nurullayev bildirib ki, seçkilərə inamla gedir: «Qışqırmağa, bağırmağa yox, xalqa aydın yol göstərməyə, siyasi və seçki mədəniyyəti sərgiləməyə, xalqın ürəyinə yol tapmağa, Azərbaycanı düşündürən, narahat edən qlobal çağırışlara həll yolunu göstərməyə gedirik. Biz müasir, azad, stereotiplərdən və xarici asılılıqdan uzaq bir cəmiyyətin tərəfdarıyıq. Elçibəy davamçılarıyıq. Azərbaycanın siyasi səhnəsində 25 il boş-boşuna «at sürən», xalqın ümidlərini puça çıxaran uğursuz siyasətçilərə meydan oxuyan intellektual, mədəni, sivil, ölkəsinə, torpağına son nəfəsinə qədər sədaqətlə bağlı bir nəslin nümayəndəsiyik».

 





13.02.2018    çap et  çap et