Vaxt.Az

Zəlzələnin səbəbi


 

«Hazırda Günəşdə aktivlik maksimum səviyyədədir, zəlzələlərin də sayı artıb»

Zəlzələnin səbəbi Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası son vaxtlar Günəşdə baş verən proseslərin Yer səthinə təsiri və ötən gün baş verən zəlzələ ilə əlaqəsinin olub-olmamasına aydınlıq gətirib.

Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, dünyanın inkişaf etmiş ölkələrində zəlzələlərin əvvəldən proqnozunu müəyyən etməyə həddindən artıq çox vəsait sərf olunur. Lakin hələlik buna heç kimin nail olmadığını deyən N.Cəlilovun sözlərinə görə, Günəş aktivliyi ilə proqnozlar arasında statistik kollerasiya (asılılıq) müşahidə olunur: «Amma bu asılılıq hansı formadadır, fizikası nədir, bunu bilən yoxdur. Hazırda Günəşdə aktivlik maksimum həddədir, Yer kürəsində də zəlzələlərin artıb. Deməli, Günəşdə aktivlik çoxdursa, zəlzələlərin də sayı artır, azalanda o da azalacaq. Bütün zəlzələlərin statistikasını ümumiləşdirib Günəşin aktivliyi ilə müqayisə edəndə, birbaşa asılılıq olduğu təsdiqlənir. Amma bunun səbəbləri bilinmir. Günəşin yerə birbaşa təsiri olmasa da, dolayısı yolla var. Görünür, Günəş aktivliyi maqnit sahəsini silkələyir, Yerin daxilində baş verən proseslərin dinamikasına təsir edir, sonra bu, artaraq güclənir, yığılan enerji çoxalır, nəticədə təkanlara səbəb olur».

Ayın yerdə olan proseslərə təsirinə gəlincə, N.Cəlilov qeyd edib ki, onun yerə təsiri qabarma və çəkilmə nəticəsində olur. Şöbə müdirinin sözlərinə görə, Ayın da qabarma və çəkilmə hadisəsi ilə zəlzələlər arasındakı asılılıq axtarılır: «Ayın yerə təsiri də istisna olunmur. Qabarma və çəkilmə qüvvələri birbaşa yerin nüvəsində gedən proseslərə, onların sürətinə təsir edə bilər. O da son nəticə etibarilə enerjinin yığılması və sonra da yerin səthinə çıxması nəticəsində zəlzələnin baş verməsi ilə nəticələnə bilər».

 





11.02.2014    çap et  çap et