Bu açıqlama «Zirə»nin baş məşqçisi Ayxan Abbasova məxsusdur. Onun belə danışması anlaşılandı – imicini düşünərək, «döyülən adam» damğasından yayınmaq üçün belə deyib.
Amma ortada fakt, olayı görən şahidlər, jurnalistlər var. AFFA da bu gün cəzaları açıqlayacaq və döyülmə faktı təsdiqlənəcək. Ola bilsin, döyülmə yox, kiminsə kəlləsi, silləsi və yumruq zərbəsi olub – bu, mahiyyəti dəyişmir. Əsas olan «Zirə»nin baş məşqçisinin vurulmasıdır.
«Qəbələ» rəhbərliyi bu kimi məsələlərdə çox həssasdır. Yəqin ki, həmin yolverilməz hərəkətin səbəbkarı olan mühafizəçi artıq cəzasını alıb. Klubun vitse-prezidenti Fariz Nəcəfovun Abbasovu otağına dəvət edib, operativ şəkildə söhbətləşməsi, jurnalistlərə günahı olanların cəzalanacağını deməsi təsadüf deyil. Ortada anlaşılmazlıq, səhv və kiçik gərginliyin xoşagəlməz nəticəsi var.
Ayxanın da çılğın olduğu üçün meydanda düşən davaya biganə qalmadığı aydındır. Yəqin ki, mübahisə stadionun koridorlarında da davam edib və mühafizəçi ona zərbə endirib. Abbasovun bir neçə dəfə öz oyunçularının üzərinə yeriməsi, hətta boğazından yapışaraq hədələməsi xarakterinin nümunəsidir. Çox güman, bu dəfə də oyunçularını müdafiə etmək üçün hadisələrin episentrində olub və talesizlik yaşayıb.
Bəli, «Qəbələ» klub daxilində intizam tədbirləri görəcək və bildiyimizə görə, bunu edib də. AFFA da cəzalarını açıqlayacaq. Burada ən qəribə olan «Zirə» rəhbərliyinin mövqeyidir. Ayxan sanki meydanda tək qalıb, arxasında heç kim yoxdur. Futbolçuları oyuna da o çıxarır, lazım olanda onlar üçün davaya da girişir.
Abbasov həqiqətən bacarıqlı, perspektivli məşqçidir və bunu qısa zamanda sübut etdi. İndi onun arxasında dayanmaq, dəstək vermək lazımdı. Amma bunu kim edir?
Bildiyimizə görə, «Zirə»nin Orxan Məmmədov kimi iddialı yiyəsi, Rəşad Sadıqov kimi pərdəarxası idarəçisi, Balababa Rzayev kimi hamisi, Natiq İsmayılov kimi prezidenti və s. və i. var. Lakin bu proseslər göstərdi ki, klub yiyəsizdi, heç kim məşqçisini müdafiə etməyi bacarmadı. Abbasovun komandasını uddular, özünü də döyüb Bakıya göndərdilər və klub buna rəsmi münasibət bildirməyə cəsarət etmədi. Nə bəyanat gördük, nə də anlaşılmazlıq olduğu və problemin yoluna qoyulduğu ilə bağlı bir açıqlama.
Deməli, klub rəhbərliyi yalnız büdcəni müəyyənləşdirib və onu vaxtında çatdırmaqla işini bitmiş sayır. İstəyirsən döyül, söyül, amma oyunlara çıx, büdcəyə uyğun nəticə göstər. Bir üzünə tüpürsələr, digərini çevir. Bunun başqa adı yoxdur.
Qəbələ hadisəsi göstərdi ki, «Zirə» məşqçi və futbolçulardan ibarət yaxşı komandadır, iddialı klub deyil. İstənilən adam bu komandanın üzvlərini döyə, sonra çağırıb kabinetdə işi sülhlə bitirə bilər.
Klubun yiyəsiz, iddialı rəhbərsiz olduğunu Abbasovun son sözləri də sübut edir: «Kimə şikayət edəcəyəm ki? Heç bir şikayətim yoxdur. Bunu hamı görür. Qəbələdə PFL-in də əməkdaşı var idi. O işlərə mən baxmıram».
Nöqtə! Bu gün həmin mühafizəçi cəzalanmasa, «Qəbələ»yə xəbərdarlıq edilməsə, yenə «Zirə»dən kimsə ortaya çıxıb, hüquqlarını tələb edə bilməyəcək. Çünki cəsarətləri, ürəkləri, peşəkar bacarıqları, özünümüdafiə instinktləri yoxdur.
CAVAD