Vaxt.Az

Hansı dələ ağıllıdır …?


 

... boz dələmi, yoxsa qırmızımı?

Hansı dələ ağıllıdır …? Britaniya mətbuatında ölkədə yaşayan iki dələ növü və onların rəqabəti barədə yazılar tez-tez dərc olunur. Bu yazıların əksəriyyətində boz dələlərin sayca artması, qırmızı dələlərin isə getdikcə azalmasından söhbət açılır.

«The Telegraph» qəzeti isə alimlərin yeni araşdırmasına istinadən yazır ki, boz dələlərin qırmızı dələlərdən daha sürətlə artması onların daha ağıllı olması ilə əlaqələndirilə bilər.

Bu mülahizəni təsdiqləmək üçün alimlər qırmızı və boz dələlərə biri asan, digəri isə çətin olmaqla iki tapşırıq veriblər.

Sadə tapşırıq zamanı dələlər fındığı əldə etmək üçün şəffaf qapağı qaldırmalıydılar.

Hər iki növdən olan dələlər sadə tapşırığın öhdəsindən tez və asanlıqla gəliblər.

Lakin ikinci tapşırıq daha mürəkkəb idi. Bu zaman fındığı əldə etmək üçün qulp və dəstəklərdən istifadə olunmalıydı. Təcrübə göstərib ki, boz dələlər çətin tapşırığın öhdəsindən qırmızı dələlərdən daha yaxşı gəliblər.

«Exeter» və «Edinburgh» universitetlərindən olan alimlər məhz bunun əsasında belə bir nəticəyə gəliblər ki, boz dələlərin getdikcə daha geniş ərazidə yayılmasının səbəbi onların daha zirək və daha tədbirli olmasında ola bilər.

19-cu əsrdə Şimali Amerikadan gətirilmiş boz dələlər hazırda Britaniyada yerli qırmızı dələləri sayca çox geridə buraxıblar. Statistikaya görə indi ölkədə 1 qırmızı dələyə 15 boz dələ düşür.

«Exeter» Universitetinin Heyvan Davranışı Araşdırmaları Mərkəzindən professor Pizza Ka Yi Çou (Pizza Ka Yee Chow) deyib ki, indiyədək boz dələlərin yeni yaşayış ərazisində qırmızı dələlərdən daha uğurlu olmasının bir çox səbəbləri göstərilib.

Bura boz dələlərin həm xəstəliklərə qırmızı dələlərdən daha müqavimətli və immunitetli olması, həm də onların qırmızı dələlərdən ölçücə böyüklüyü kimi faktorlar daxildir.

Necə olursa olsun, ikinci, daha mürəkkəb tapşırığı boz dələlərin 91, qırmızı dələlərin isə 62 faizi yerinə yetirə bilib.

Alimlərin fikrincə bu nəticələr boz dələlərin həm də yemi daha asanlıqla əldə etməsini və buna görə də daha tez yayılmasını sübut edir.

Professor bunu da bildirir ki, hətta bu təcrübədən sonra da hələ bir çox suallar açıq qalır: Məsələn, boz dələlərin çətin məsələni daha tez həll edə bilməsinin səbəbi onların daha ağıllı olmasında, yoxsa sadəcə olaraq gəlmə olmasındadır. Bir qayda olaraq gəlmələr problem həllinə daha çox can atırlar.

Lakin alim qırmızı dələlərin də tam fərsiz olmadıqlarını deyib. Məsələn aydın olub ki, çətin məsələni uğurla həll edə bilən qırmızı dələlər fındığı əldə etməyin metodlarını dəyişməkdə daha böyük çeviklik göstəriblər.

 





21.02.2018    çap et  çap et