Məsələ bundadır ki, Rusiya nəşrləri ABŞ-ın Suriyada tamam uduzduğunu və Yaxın Şərqdə bu ölkənin konkret siyasətinin olmadığını yazsa da, təbii ki, belə deyil. D.Trampın Yerusəlimlə bağlı qərarı əslində ABŞ-ın bölgədə siyasətinə xeyli aydınlıq gətirdi - Vaşinqton siyasətinin ağırlıq mərkəzini İsrailə tərəf yönəltdi və hətta bu yaxınlarda Tramp bir daha bildirdi ki, qərarından qəti peşman deyil.
Ola bilsin, bu siyasət həqiqətən də bir müddətdən sonra düzgün addım kimi dəyərləndiriləcək, çünki vaxtında o qərarla bağlı bir neçə mətləblə bağlı həm də onu yazmışdıq ki, bəzən elə siyasətdə də Qordiy düyününü kəsməkdən savayı yol qalmır.
Amma BMT-dəki müzakirələr göstərdi ki, xristian dünyası da Qüdsə biganə deyil və onun bütünlüklə İsrailin nəzarəttinə keçməsini qəti istəmir. O ki qaldı Suriyaya, burada cəmi bir baza qurmuş Kreml Yaxın Şərqdə təkcə altı hərbi aviasiya bazası olan ABŞ-ın bölgədən getməsini müjdələməyə tələsməməlidir.
Zənnimcə, əslində ABŞ-ın Suriyada yaxın müddətli planları yox idi. Ərəb dünyasında bir neçə dövlət və ya rejim vardı ki, onlar ABŞ-a indiki birmənalı siyasətini həyata keçirməyə mane olurdu.
İndi onlar faktiki olaraq yoxdur, üstəlik, ərəblərin ABŞ-dan başqa umacaqları da yaranıbdır ki, bunlar istər-istəməz Qüds məsələsini arxa plana keçirir.
Türkiyə və kürd məsələsinə gəldikdə, ABŞ kürdlərin köməyi ilə dörd dövlətdə (Türkiyə, Suriya, İraq, İran) vəziyyəti qarışdırmaq üçün «rıçaq» yaradıb. O, bundan asanlıqla imtina edərmi?
Bəziləri soruşur ki, bəs NATO üzvü olan Türkiyəyə qarşı «dəyənək» ABŞ-ın nəyinə lazımdır? Bir özünüzü diqqət edin. D.Trampın Qüdslə bağlı qərarına qarşı müsəlman dünyasını kim səfərbər etdi? Bunu Səudiyyə Ərəbistanı və ya İran etmədi, Türkiyə etdi! ABŞ-ın bölgədəki «kürd kartı»na da illərdir ki, maneçilik edən əsas dövlət yenə Türkiyədir!
Hələ B.Obama deyəndə ki, Ərdoğan yaxşı müsəlman idi, bununla Türkiyənin daxili həyatındakı bəzi məqamlara yox, məhz ona işarə edirdi ki, daha Ankara Vaşinqtonu eşitmir.
O səbəbdən Türkiyəyə qarşı «dəyənəy»ə ehtiyac duyulur. Digər bir tərəfdən, görürlər ki, kürdlər Türkiyə ilə bacarmaz və həm də Türkiyəni tamam itirmək də istəmirlər, sadəcə, onu bir vaxt olduğu kimi Vaşinqtonun buyruqları ilə oturub-duran ölkəyə çevirmək istəyirlər. Elə ona görə də bir az çabalama içindədirlər...
Böyük siyasətdəki ziddiyyətlər bəzən elə həddə çatır ki, onları nəinki birqiymətli Aristotel, hətta rəhmətlik Lütfü Zadənin yaratdığı qeyri-səlis məntiqin köməyilə belə anlamaq olmur. Həm də belə bir detal var ki, NATO-nun geostrateji maraq sferası bir başqa arealı əhatə edir, bura isə Yaxın Şərqdir - bəli, bir ara ABŞ-ın alınmaz qalası sayılan Yaxın Şərq.
Kim nə deyir-desin, düşünürük ki, nə ABŞ, nə də onun bu bölgədə konkret siyasətinin olmadığını deyən Rusiya tez bir zamanda Suriya adlı düyünün açılmasında maraqlı deyil. ABŞ bir tərəfə, Rusiya özü nə etdi? Bəli, Bəşər Əsəd artıq tamamilə çökməkdə idi, Rusiya onu bu vəziyyətdən çıxardı, amma problem həll olundumu? Əksinə Suriya içrə savaş «ikinci nəfəs» aldı, necə deyər, hər şey yenidən başladı.
Konkret siyasətin olmadığına nə dəlalət edir? Ümumi hədəf yoxdursa, səylərin koordinasiyasına da ehtiyac duyulmur. Baxın, ABŞ guya Əsədə və İŞİD-ə qarşı vuruşur, Türkiyə kürdlərlə çarpışır, həm də Əsədi özünə düşmən sayır, Rusiya və İransa Əsədi qoruyur! Bu çaxnaşmada konkret nəticə ola bilərmi?..
Doğrusu, Suriya məsələsi bir problem olaraq bizi yalnız Türkiyə kontekstində maraqlandırır. Həm də istəmirik ki, ABŞ-la Türkiyə arasındakı ixtilaf dərinləşsin, çünki bunun böyük fəsadları da ola bilər.
Hamımız maraqlıyıq ki, Türkiyə NATO ölkəsi kimi qalsın. Bilirsiniz, bəlkə də Türkiyənin NATO-ya üzvlüyü bir az gec, tutaq, Avropa Birliyi kimi «soyuq savaş»dan sonra diskussiya olunsaydı onu heç halda Bloka üzv etməzdilər. Ona görə də «soyuq savaş»ın hədiyyəsinə gəlin sayğısız olmayaq, hər halda, NATO kimi institutda olmaq elə də önəmsiz məsələ deyil...