Dünya erməniliyi və onun tərkib hissəsi olan üçüncü Ermənistan Respublikası daim formasını dəyişir və dünya düzəni qaydalarına, geosiyasi koordinatlar sisteminə uyğun mimikriya edir və bütün qüvvəsini müasir tarixi dövrdə Azərbaycan və Türkiyənin ərazilərinin hesabına Qafqazda erməni dövlətçiliyinin genişləndirilməsi və möhkəmləndirilməsində ifadə edilən erməni milli ideyasının və geostrateji konsepsiyasının həyata keçirilməsinə yönəldir.
Lazım gələndə, erməniliyin təmsilçiləri mauzerə və bombaya müraciət edir, lazım da gələndə əllərinə kağız və qələm alır, zaman da yetişir ki, Qərbin və Rusiyanın ən mötəbər kürsülərindədirlər.
«Əzabkeş erməni xalqı» formatına gizlədilmiş bu xəyanətkar konsepsiyanın hərəkətverici qüvvəsi hələ də Ay data komissiyası olaraq qalır ki, həmin qurum «erməni soyqırımı»nın 50 illiyi ərəfəsində yaradılıb və «Müstəqil Ermənistan üçün Amerika komitəsi» ilə «Ermənistan Respublikasının nümayəndələri»nin missiyasını davam etdirir.
Səhnə arxasından Karampetyan çıxır
Son illərdə «Ədalət və demokratiya uğrunda Avropa erməni federasiyası»nın rəhbəri Kaspar Karampetyanın timsalında Ay datanın Avropa ofisi getdikcə daha çox fəallıq nümayiş etdirir.
Rusiya erməniliyinin şaxələnmiş şəbəkəsi və onun rus dünyasına, Kremlin «şərq siyasəti»nə zərərli təsiri, Bakı – Moskva – Ankara sistem təşkil edən geosiyasi üçbucağına ayrılıq toxumları səpmə cəhdləri barədə ətraflı olaraq dəfələrlə yazmışıq... Lakin bu gün söhbət ümumdünya erməniliyinin Avropa qanadı barədə gedəcək, ələlxüsus da dünya erməniliyinin əsas kölgə oyunçularından biri Kaspar Karampetyanın əsl simasını açmağa çalışacağıq.
Geniş oxucu kütləsi üçün, ola bilsin, Qarabağa adəti səfərlərindən, Qarabağ separatçıları ilə mütəmadi görüşlərindən, Daşnaksütunun liderləri ilə məsləhətləşmələrindən və işğalçı «Bako Saakyan rejimi» üçün pul toplamasından başqa bu ad heç bir məna kəsb etməsə də, Avropanın siyasət salonlarında işğalçı rejimin legitimləşdirilməsi baxımından K.Karampetyan vacib və əgər belə demək mümkünsə, başlıca rol oynayır.
Bir az da irəli getsək, K.Karampetyan sosial şəbəkədəki səhifəsində özü də etiraf edib ki, ötən il Brüsseldə bircə axşam ziyafətində işğalçı separatist rejimin dəstəklənməsi üçün 3 milyon 800 min avro toplaya bilib.
Gizli konspirator Karampetyan səhnə arxasındadır. Ola bilsin, məhz buna görə də, diaspordakı yüksək statusuna baxmayaraq, cəmiyyət onun barəsində heç bir məlumata malik deyil. O, jurnalistlərdən qaçır, daimi sual barədə quru və şablon ifadələrlə kifayətlənir. Onun şəxsi həyatı və ailəsi barədə informasiya yox dərəcəsindədir. Heç Vikipediyada da Karampetyan haqqında tutarlı heç nə yoxdur.
Lakin biz Ay datanın rəhbərinin keçmiş və bugünkü qaynar fəaliyyəti barədə kifayət qədər maraqlı təfərrüatlar əldə edə bilmişik. Bu barədə Karampetyanın özü də indiyə qədər inadla susur.
Ermənistan pasportlu Yunanıstan vətəndaşı olan 70 yaşlı Kaspar Karampetyan Avropa siyasətinin mərkəzi sayılan Brüsseli özünün fəaliyyət meydançası kimi yalnız erməni məsələsi baxımından deyil, həm də sırf dar çərçivəli işgüzar maraqları üzündən seçib.
Karampetyan kütbeyin şovinist, qatı daşnak və yeniyetmə çağlarından ekstremist yunan və erməni təşkilatlarında fəal iştirak etmiş şəxsdir. Yeniyetməlik illərini o, erməni terrorçuluğunun məbədi olan Beyrutda keçirib. Görünür, onun ASALA terror təşkilatı ilə sıx əlaqələrinin mənbəyi də həmin dövrlərə gedib çıxır. Yeri gəlmişkən, həmin ASALA terrorçuluğun populyarlığının azaldığı və dünya düzəni qaydalarının dəyişməsi ilə (erməniliyin mimikriyası yada düşür) qəflətən siyasi səhnədən yoxa çıxıb. Hazırda Avropa miqyaslı nüfuzlu siyasətçi olan Karampetyan vaxtilə Yaxın Şərq bombaatanlarına da yaxın olub. Lakin illər keçdikcə Yaxın Şərqə olan marağını da itirməyib. Karampetyan tez-tez Yaxın Şərq regionu ölkələrində və Pakistanda yerli xristianların hüquqlarının müdafiəçisi kimi meydana çıxır.
Karampetyan dəridən-qabıqdan çıxır ki, mömin obrazı yarada bilsin. O, Rumıniyada kilsələr tikir, Serbiyada din xadimlərinin əhatəsində görünür və hətta işğal edilmiş Şuşadakı erməni kilsəsində kürsü qarşısında diz çökür. Lakin o, görünmək istədiyi və Katolikosun taxtı qarşısında özünü göstərdiyi kimi yoxsul deyil.
Qanlı çirkabda sayrışan brilyantlar
Bir vaxtlar, artıq unudulmuş gənclik illərində Karampetyan Yunanıstanda alverlə məşğul olurdu. Daha sonralar Belçikada zərgərlik köşkləri alır. Təmiz, sayrışan bahalı daş-qaş avropalı daşnakın çirkin biznesinin yalnız görünən hissəsidir. Qanlı erməni məsələsindən savayı, Karampetyan şaxələnmiş və bir o qədər də qanlı «almaz biznesi» şəbəkəsi yaradıb. Afrikanın münaqişəli regionlarından o, qaçaqmalçılıq yolu ilə Belçikaya rəngarəng və uzunsov almazları gətirir, və onlar burada cilalanır. Belə almaza, erməni məsələsinə olduğu kimi, parlaqlıq verilir. Sonradan brilyantlar sınaqdan keçirilmiş korrupsiya sxemi üzrə sertifikatlaşdırılır və Avropanın brend butiklərinin piştaxtalarına çıxır.
Parlaq daş-qaşın təmizliyindən Karampetyanın qanlı çirkabına keçək. Erməniliyin Avropa qanadının ən gizli personajlarından biri biznesindən əldə etdiyi gəlirlərin böyük bir hissəsini Qarabağdakı işğalçı rejimin dəstəklənməsinə, radikal erməni təşkilatlarının və terrorçu qruplaşmaların maliyyələşdirilməsinə yönəldir. Həmin pullarla Karampetyan Ermənistanın xarici kəşfiyyatı ilə əlaqədə fəaliyyət göstərən «Ədalət və demokratiya naminə Avropa erməni federasiyası»nı yaradır.
Karampetyanın federasiyası – baş ofisi İrəvanda yerləşən «Erməni məsələləri üzrə Mərkəzi Şura» («Armenian Cause Central Council») təşkilatının bölməsidir.
Karampetyanın qanlı çirkabının izləri nüfuzlu avropalı məmurların və deputatların kabinetlərindən Qarabağdakı döyüş meydanlarına uzanır.
Təzə nümunə
2017-ci ilin mart ayının 15-də Strasburqdakı dəbdəbəli «Le Bartholdi Pub» restoranında Karampetyan naz-nemət düzülmüş masasının arxasına bir çox məşhur avropalı deputatları toplayır. Bundan az sonra onlar işğalçı erməni ordusunun qurduğu rejim zonasında peyda olur və separatçıların liderlərini salamlayırlar. Qarabağa gəlmiş avropalı deputatları və belçikalı siyasətçiləri məhz Karampetyan müşayiət edib. Xankəndinə Belçika parlamentinin üzvləri Andre de Büst de Varnaf, Emanuel de Bok və Pyer Kompani təşrif buyururlar. Karampetyan isə onların arxasındadır.
Daha sonra senator Yoris Poşe gəlir. Fotoşəkildə onun yanındakı yenə Karampetyandır.
Nəyə görəsə aprel müharibəsindən dərhal sonra Pit de Bruyn çox fədakar addım atır: ehtiyatlı avropalı faktiki olaraq həm Azərbaycan, həm də Ermənistan hərbçiləri tərəfindən nəzarət olunan Talış kəndinə yaxın əraziyə gəlir. Lakin bu deputatı da Karampetyan müşayiət edir.
Bəs Karampetyan avropalı siyasətçi və deputatları necə ram edir? Axı Frank Engeli də, Yaromir Ştetinanı da, Eleni Toxarusu da, Çarlz Tennoku da, Piter Omtzixti və bir çox digərlərini də məhz Kaspar Karampetyan sehrləyərək toruna sala bilib. Əlbəttə ki, sıradan bir daşnak nə qara qəlbli dahi, nə də qəlblərə hakim kəsilən iblis deyil. Karampetyan erməni xüsusi xidmət orqanları ilə birgə avrodeputatların düşdüyü tələləri mahirliklə qura bilir.
Boyunbağı, Tatev və homoseksual
Eleni Teoxarusa hədiyyə olaraq bahalı boyunbağı və qızıl külçəli mükafat təqdim olunub, ehtiraslı Frank Engelə gözəlçə Tatev Manukyan hədiyyə edilib, homoseksual Piter Omtzixtə isə gey Karen Oqacanyan qismət olub... Qızıl parıltısı, brilyant sayrışması, çirkin orgiya həvəsi – Avropa siyasətinin qürub etmiş mələkləri İrəvanda və Qarabağda məhz bunları tapır. Bütün bunlar erməni xüsusi xidmət orqanlarının şeytan nəzərləri altında baş verir. Hər şey sənədləşdirilir və protokollaşdırılır. Sonra isə arxivə qoyulur. Seçim edilib, geriyə yol yoxdur. Sistemə giriş bir manatadırsa, çıxış iki manatadır.
Onilliklər, bəlkə də yüzilliklər boyunca sınaqdan keçirilmiş avropalıların ələ keçirilməsi metodologiyası Azərbaycan üçün Avropa Parlamentinin divarları arasında başağrısına çevrilib – «qanlı çirkab siyasi texnologiyası» Strasburqda və Brüsseldə əməlli-başlı ermənipərəst lobbi qrupu yaratmağa kömək edib. Qrupun işi-gücü Azərbaycan və Türkiyə hökumətlərinin tənqidi, neft-qaz və nəqliyyat-kommunikasiya layihələrinin denonsasiyası və imzalanmamasına, işğalçı rejimin legitimləşdirilməsinə və separatçı Qarabağa səfərlərin təşkilinə çağırışlar etməkdir...
Kürdləri də Kaspar gətirib
Ən nəhayət, çoxüzlü Kaspar Karampetyanın son missiyası barədə. Azərbaycan müəyyənləşdirə bilib ki, kürd silahlılarının Qarabağda və Ermənistanda yerləşdirilməsinə K.Karampetyanın bilavasitə aidiyyəti var. Hələ bir neçə ay bundan əvvəl Türkiyədə fəaliyyət göstərən Əsassız İddialara Qarşı Beynəlxalq Assosiasiyanın (ASİMDER) rəhbəri Göksəl Gülbəy Türkiyənin nüfuzlu «Milliyet» qəzetinə müsahibəsində açıq şəkildə bildirmişdi ki, terrorçu PKK təşkilatı Ermənistanın işğal etdiyi ərazilərdə fəaliyyət göstərir: «PKK sıralarının Avropadan, İrandan, İraqdan və Suriyadan gələnlərlə doldurulması üçün ara məntəqə rolunu oynayan Ermənistandan savayı, kürd terrorçuları Gürcüstanın da ərazisindən istifadə etməyə başlayıblar. Ermənistandakı düşərgələrinin fəaliyyətini bərpa etmiş PKK Türkiyədən gənclərin gəlişini təmin edir. Düşərgələr Gümrüdə, Spitakda, İrəvanda və işğal altında olan Laçında və Kəlbəcərdə fəaliyyətdədir. Ermənistanda PKK-ya ən böyük dəstəyi Daşnaksütun və Ay data verir».
Ola bilsin ki, əcnəbi ekspert cəmiyyətinə Gülbəyin bəyanatı şişirdilmiş və həqiqətə uyğun olmayan kimi görünsün – deyə bilərlər ki, türkiyəli ekspert hansısa yoxlanılmamış məlumatla siyasi informasiya qarşıdurmasına qatılıb. Lakin elə təxminən Gülbəyin bəyanatı ilə eyni vaxtda Rusiya erməniliyinin görkəmli nümayəndəsi Semyon Baqdasarovun bəyanatı səsləndi. Onun Moskva-İrəvan videokörpüsünün gedişində söylədikərinə fikir verin: «Kürd liderləri Stepanakertə (işğal olunmuş Xankəndi – red.) dəvət edin, qoy göstərsinlər ki, canlı qüvvədə və texnikada dəfələrlə üstün olan düşmənlə necə mübarizə aparmaq lazımdır. Göstərsinlər ki, düşmənin arxasına və cinahlara birbaşa çıxış açan hərbi tunellərdən necə istifadə etmək lazımdır». Baqdasarov Ermənistan iqtidarına yol göstərdi – kürd üsyançılarını Türkiyədən və Suriyadan dəvət edərək yerləşdirmək.
Baqdasarovun Daşnaksütunun və Ay datanın missiyası və ələlxüsus da şəxsən Karampetyanın kürd üsyançılarını Qarabağda yerləşdirməsi ilə bağlı nə qədər məlumatlı olduğunu demək çətindir. Lakin təkrar edirəm ki, Azərbaycan belə informasiyaya malikdir!..
K.Karampetyan ümumdünya erməniliyinin geniş spektrli və çoxsəviyyəli sisteminin yalnız bir nümunəsidir. Qan və qisas prinsipi üzrə bir qapalı dairədə toplanmış, bütün dünyadan olan minlərlə, bəlkə də on minlərlə nüfuzlu insan Azərbaycana qarşı təbliğat işi aparır. Bu maşını necə saxlamalı? Necə qarşı durmalı? Necə sındırmalı? Gəlin düşünək və sındıraq!