Vaxt.Az

Şişani kimdir?


 

Hələbdəki həbsxana uğrunda gedən savaşda azərbaycanlı döyüşçülərin başçısı, çeçen komandiri həyatını bitirdi

Şişani kimdir? Suriyanın ikinci böyük şəhəri Hələbdə yerləşən həbsxana uğrunda müxaliflərlə hökumət qüvvələri arasında döyüşlər davam edir. Ötən gün müxaliflər həbsxananın 3 korpusundan ikisini artıq ələ keçirdiklərini, ancaq 3-cü korpusda möhkəmlənən hökumət qüvvələrinin hələ də müqavimət göstərdiyi haqda xəbər yayıblar. Eyni zamanda Əsəd qüvvələri həbsxananı havadan bombalamaqda davam edirlər.

«Yeni Müsavat» qəzeti yazır ki, təxminən 6 min dustağın saxlanıldığı Hələb həbsxanası bir çox müxalifin orda saxlanılması səbəbindən mühüm əhəmiyyət kəsb edir. Bir neçə gün əvvəl həbsxanaya hücum nəticəsində çeçen əsilli nüfuzlu komandirlərdən olan Seyfullah Şişani öldürülüb. Seyfullah Şişani (çeçen əsillidir-red.) ləqəbli Ruslan Maçalikaşvili Suriya müxalifləri arasında xeyli məşhur olub. 

Daha əvvəl İraq-Şam İslam Dövləti adlı qruplaşmanın tərkibində olan Şişani daha sonra bu qrupdan ayrılaraq «əl-Qaidə»nin əsas silahlı qüvvəsi hesab olunan «ən-Nusra» cəbhəsi qruplaşmasına qoşulub. Şişani özünün yaratdığı «Ceyşul Xilafət İslamiyyə» (İslam Xilafəti Ordusu) adlı dəstəyə rəhbərlik edib. Daha sonra isə onun rəhbərlik etdiyi qruplaşma əsasən xaricilərdən ibarət «Ceyşul Mühacirun və əl-Ənsar» (Mühacir və Ənsar Ordusu) qruplaşmasına rəhbərlik edib. Hələb həbsxanasına təşkil edilən əməliyyatda iştirak edilən Şişani gözündən dəyən güllə ilə öldürülüb. 

Suriyada vuruşan xarici döyüşçülərin simvoluna çevrilən Seyfullah Şişaninin öldürülməsi əvvəlcə təkzib (görünür, digər müxaliflərə pis təsir edəcəyi üçün) olunsa da, sonradan xəbər təsdiqlənib. İki gün əvvəl isə İstanbulun mərkəzi Fatih camisində öldürülən çeçen döyüşçüyə qiyabi cənazə namazı qılınıb. Seyfullah Şişaninin öldürülməsinə Çeçenistan prezidenti Ramzan Kadırov da münasibət bildirib. Sosial şəbəkədən yazdığı şərhində Kadırov bildirib ki, «Suriyada vəhhabilərin komandiri, şeytan Ruslan Maxalikaşvili (Seyfullah Şuşanini) məzlum xalqa zülm edib, insanları öldürüb, yağmalayıb. O, İslamın müqəddəs məkanlarını yox edirdi».

R.Kadırov bildirib ki, Ruslan Maçalikaşvili Gürcüstanın Pankisi bölgəsindən olub. «Bu gün (6 fevral) mülkü vətəndaşların növbəti qarəti zamanı Suriyanın Hələb şəhərində vəhhabi şeytanı Ruslan Maçalikaşvili (Sayfulla Şişani) partlayıb və məhv olub». Kadırov bildirib ki, Maçalikaşvili onu da hədələyirmiş. Sitat: «O, internetdə «Kadırov xüsusi təyinatlıları"nı ora dəvət edirdi. Quldurlar bilmirdilər ki, «Kadırov xüsusi təyinatlıları» hər zaman və yer kürəsinin hər bir nöqtəsində şeytanların ayaqları altında partlaya bilər. Görünür, şeytanın dəvəti eşidilib və quldurun sonu beləcə gəlib. Onu dəfn etmək əvəzinə, torpağa gömüblər - əlbəttə ki, o nəyə layiq idisə onu da aldı".

Mücahid saytlarının verdiyi məlumatlarda qeyd olunur ki, S.Şişani bir müddət Türkiyədə yaşayıb və burda Çeçenistanla bağı müxalif fəaliyyətlərə dəstək verib, Kadırov hökuməti əleyhinə aksiyalara qatılıb. Azərbaycan mətbuatında Çuçani kimi qeyd edilən adı Azərbaycanla heç bir bağlılığı yoxdur. Məsələ ondadır ki, ərəb dilində «ç» hərfi olmadığı üçün bu sözlər bir qayda olaraq «ş» kimi oxunur. O cümlədən «çeçen» kəlməsi də «şişan» kimi tələffüz olunur. Bu baxımdan Seyfullahın ləqəbinin Şuşani deyil, Şişani kimi oxunması daha doğru variantdır.

Suriya müxalif saytları hazırda Hələbdə müxaliflərin «ən-Nusra», «İslam Cəbhəsi», «Fəcr əl-İslam» və digər qruplaşmaları ilə hökumət qüvvələri arasında mövqe döyüşlərinin davam etdiyini yazır. Hələbin həbsxanası, eyni zamanda şəhərin qədim hissəsində müxaliflər hökumət qüvvələri arasında qızğın döyüşlərin getməsi haqda xəbərlər verilir. Yeri gəlmişkən, dahi Azərbaycan şairi Nəsiminin qəbri məhz Hələbin qədim hissəsində, Hələb qalasının yaxınlığında yerləşir. Bundan başqa Hələbin şimalında ə-Ray və Mənbic yaşayış məntəqələri uğurunda «ən-Nusra» və İraq-Şam İslam Dövləti qruplaşması arasında döyüşlər getdiyi haqda məlumatlar yayılıb. «ən-Nusra» Cəbhəsi qruplaşmasının liderlərindən olan Sami əl-Həddad bəyan edib ki, İŞİD-lə aralarında davam edən savaşı dayandırmaq üçün münsiflər məhkəməsi qurulmalıdır.

 





12.02.2014    çap et  çap et