Məlumata görə bir neçə gün əvvəl Bakı şəhəri Dövlət Yol polisi İdarəsinin iki əməkdaşı – polis serjantları Samir Şirinov və Sənan Həsənəliyev günorta saat 15 radələrində Bakıxanov qəsəbəsinin ərazisində xidmətdə olarkən görünüşü məhdudlaşdıran və istifadəsi qanunla qadağan olunmuş tünd rəngli şüşələrlə idarə edilən «Mersedes S65 AMGL» markalı avtomobili saxlayıblar.
YPX əməkdaşları sürücüdən sənədləri təqdim etməyi tələb ediblər. Lakin bu vaxt avtomobilin sərnişini düşərək DYP əməkdaşları ilə onları saxladıqları üçün mübahisə etməyə başlayıb. Polislərin bütün israrlarına baxmayaraq həmin şəxs mübahisəni davam etdirib, DYP əməkdaşlarına müqavimət göstərib. Lakin o, saxlanılıb və şəxsiyyəti aydınlaşdırılanda Bakı şəhər sakini Riyad Əliyev olduğu müəyyən edilib.
Riyad Əliyev mərhum Aqil Əliyevin (prezident İlham Əliyevin əmisi) nəvəsidir və onun adına «Riyad» mühafizə şirkətinin olduğu məlumdur.
Məlumata görə xidməti vəzifələrini yerinə yetirən polis əməkdaşlarına müqavimət göstərən, onlara tabe olmayan R.Əliyevin barəsində toplanmış materiallar Yasamal rayon məhkəməsinə göndərilib. Bu gün fevralın 21-də məhkəmənin qərarı ilə R.Əliyev barəsində 30 sutkalıq inzibati həbs qərarı çıxarılıb.
Bu fakt prezident İlham Əliyevin kimliyindən asılı olmayaraq yol hərəkəti qaydalarını pozanların, özbaşınalıq edənlərin məsuliyyətə cəlb edilməsinə dair DİN qarşısında qoyduğu vəzifələrin necə icra edildiyinə növbəti sübutdur. Hansı ki, bundan əvvəl yol hərəkəti qaydalarını kobud pozaraq qəzalar törədən məmur övladları, o cümlədən yüksək rütbəli şəxslərin ailə üzvləri həbs edilib, törətdikləri əməllərə görə öz cəzalarını alıblar.