Vaxt.Az

Uçuş beynimizə necə təsir göstərir?


 

Təyyarədə yaranan mühit bizi daha emosional edə bilər

Uçuş beynimizə necə təsir göstərir? Təyyarə ilə səyahət artıq gündəlik bir anlayışa çevrilsə də, beyin və bədənlərimiz hələ də uçuşdan təsirlənir. Xırda ekranda zəif səs keyfiyyəti və tez-tez edilən müdaxilələrlə film izləmək heç də xoşagələn hal deyil.

Təyyarə ilə tez-tez səyahət edənlər ya özləri, ya da başqalarının təyyarədəki filmlərə baxıb gözlərinin dolması ilə rastlaşıblar. «Bee Movie» (Arı Kinosu), «Bridesmaids» (Gəlinin Sağdışları) və «The Simpsons» (Simpsonlar) kimi ən gülməli filmlər belə, yerdə gözü yaşarmayan şəxsləri göydə sentimental edə bilir.

Fizik və televiziya aparıcısı Brayn Koks (Brian Cox) və musiqiçi Ed Şiran (Ed Sheeran) təyyarədə kinolara baxarkən daha emosionallaşdıqlarını etiraf ediblər.

Londonun «Gatwick» aeroportunda bu yaxınlarda aparılan bir sorğuda müəyyən olunub ki, kişilərin 15 və qadınların 6 faizi uçuş əsnasında film izləyərkən ağlayırlar.

Bir böyük hava yolu şirkəti isə sərnişinlərinə «emosional sağlamlıq xəbərdarlığı» da edir.

Uçuşun sərnişinləri daha da emosional etməsi ilə bağlı bir çox nəzəriyyələr mövcuddur: əzizlərin ilə vidalaşmaq, qarşıdakı səyahətin həyəcanı, vətən həsrəti. Amma buna səbəbin məhz uçuş olduğunu göstərən dəlillər də az deyil.

Tədqiqatın inkişaf edən yeni bir növü göstərir ki, yerdən 10 km hündürlükdə bağlı boru içində səyahət etmək əhvalımıza təsir göstərərək, hisslərimizi dəyişir və hətta, bizə tez-tez qaşınma verərək beynimizi qəribə hallara sala bilər.

«Bu barədə əvvəllər bir elə də araşdırma aparılmayıb, çünki uçuşun sağlam insanlar üçün problem yaradan bir mühit olduğu zənn edilmirdi», Aerokosmik Tibb üzrə Alman Cəmiyyətinin prezidenti və Koloniya Universitetinin təcili tibbi yardım üzrə tibbi direktor köməkçisi Coxen Hinkelbeyn (Jochen Hinkelbein) deyir.

«Lakin hava səyahəti daha ucuzlaşdığına və daha populyarlaşdığına görə yaşlı və nisbətən az sağlam insanlar da təyyarəyə çox minməyə başlayıblar. Beləliklə bu növ araşdırmalara ehtiyac da artıb».

Hinkelbeyn, uçuşun insan bədəni və beyninə təsirini araşdıran azsaylı tədqiqatçılardan biridir.

Heç şübhəsiz təyyarə kabinəsi insan təbiətinə yad məkandır. Təyyarədə təzyiq 2.4 km-lik dağın başındakı təzyiqə bərabərdir və rütubət dünyanın bəzi ən quru səhralarındakından daha azdır.

Kabinəyə nasosla daxil edilən hava isə 10 dərəcəyə endirilir ki, bədənlərdən və cihazlardan ayrılan əlavə istilik ilə qarışsın.

Uçuşlardakı düşən hava təzyiqi sərnişinlərin qanındakı oksigeni 6-25 faiz arası azalda bilir. Yerdə bu baş verdikdə həkimlər bədənə əlavə oksigen verirlər.

Bu, sağlam sərnişinlərə bir o qədər təsir etməsə də, yaşlı və tənəffüs çətinlikləri olan insanlar üçün güclü dəyişiklik yarada bilər.

Bəzi araşdırmalar, nisbətən daha az hipoksiya (qanda oksigen çatışmazlığı) səviyyəsinin belə, bizim aydın düşünməmizə təsir etdiyini göstərib.

3.6 km hündürlükdəki oksigen səviyyəsi ilə nəfəs almaq sağlam yetkin şəxslərin yaddaşı, hesablama və qərar vermə qabiliyyətində dəyişiklik yarada bilər.

Buna görə də aviasiya qaydalarına əsasən, kabinədəki hava təzyiqi 3.8 km-dən artıq hündürlükdə təzyiqə bərabərdirsə, pilotlar əlavə oksigen maskaları geyinməlidirlər.

Amma qəribədir ki, 2.1 km-dən artıq hündürlükdə hava təzyiqi reaksiya vaxtını artırır. Təyyarədə kompüter oyunları oynamağı sevənləri bu xəbər sevindirməz.

Bəzi araşdırmalar, 2.4 km yüksəklikdəki oksigen səviyyəsinin dərrakəmiz və düşüncəmizi azca azaltdığını müəyyənləşdirib. Amma bir çoxumuzu bu narahat etməməlidir.

«İstər pilot, istərsə də sərnişin kimi sağlam şəxslərin bu hündürlükdə idraki problemləri olmamalıdır», Hinkelbeyn deyir.

«Sağlam olmayan yaxud qrip olan və ya əvvəldən hər hansısa problem yaşayan insanlar üçün hipoksiya idraki defisiti daha gözəçarpan hala gətirə bilər».

Hinkelbeyn, uçuşlar əsnasında yaranan hipoksiyanın beyinlərimizə daha yaxın olan bir halı işə saldığını söyləyir: yorğunluq.

«Hər dəfə təyyarə havaya qalxdıqdan sonra, özümü yorğun hiss edirəm və asanlıqla yuxuya gedirəm», Hinkelbein izah edir.

«Buna səbəb oksigen çatışmazlığı deyil, hipoksiyadır».

Heyət kabinənin işığını azaldana qədər yuxulamasanız belə, aşağı hava təzyiqinin başqa bir təsirini hiss edəcəksiniz: görmə. İnsanların görməsi 1.5 km-lik hündürlükdə 5-10 faiz arası pisləşir.

Çünki retinanın qaranlıqda görməyi təmin edən fotoreseptor hüceyrələrinin oksigen ehtiyacı son dərəcə böyükdür və yüksək hündürlükdə ehtiyacı olan oksigeni almaqda çətinlik çəkə bilər. Beləcə də effektivliyi aşağı düşər.

Uçmaq bizim hisslərimiz də qarışdırır. Aşağı hava təzyiqi ilə rütubətin kombinasiyası duzlu və şirin dada hissiyyatımızı 30 faizə qədər azalda bilir. «Lufthansa» hava yolları ilə birgə aparılan bir tədqiqat göstərib ki, uçuş zamanı pomidor şirəsinin tərkibindəki turşular daha yaxşı dadırlar.

Quru hava isə bizim qoxu hissimizə təsir göstərir. Buna görə də bir çox hava yolları təklif etdikləri yeməklərə əlavə ədviyyatlar qatırlar. Qoxu hissimizin aşağı düşməsi bəlkə də yaxşı haldır, çünki hava təzyiqindəki dəyişiklik sərnişinlərin daha çox qaz buraxmasına səbəb olur.

Eləcə də hava təzyiqinin azalması özümüzü narahat hiss etməmizə səbəb olur. 2007-ci ildə aparılan bir araşdırmada ortaya çıxıb ki, üç saat eyni hündürlükdən uçduqdan sonra, insanlar narahatlıq hissindən şikayət etməyə başlayırlar.

Aşağı rütubəti də üzərinə gəlsək, uzun uçuşlar zamanı oturmağa çətinlik çəkməyimiz təəccüblü səslənməz. Avstriyalı tədqiqatçılar tərəfindən aparılan bir araşdırma, uzun məsafəli uçuşların dərimizi 37 faizə qədər qurutduğunu və buna görə də qaşınmanın artdığını göstərib.

Havanın təzyiq səviyyəsi spirtli içkinin effekti və növbəti gündəki məstliyə də təsir edir.

Əsəbi olan insanlar üçün bu heç də yaxşı xəbər sayılmaz.

«Hipokisya ilə bərabər təşviş dərəcəsi də arta bilər», «London King's» Kollecində yerləşən Aerokosmik Tibb Assosiasiyasının prezidenti Valerie Martindale izah edir.

Uçuş nəticəsində aktivləşən əhval forması yalnız təşviş deyil. Bir sıra araşdırmalar da göstərib ki, hündürlükdə vaxt keçirmək gərginlik kimi neqativ emosiyaları artırır, insanları daha az mehriban edir, enerji dərəcəsini aşağı salır və stress ilə başa çıxmaq qabiliyyətinə təsir göstərir.

«Biz, 1.8 - 2.4 km arası hündürlükdə kabinədəki hava təzyiqi nəticəsində əhvalın dəyişməsi hallarının şahidi olmuşuq», Yeni Zelandiyanın «Massey» Universitetinin erqonomika üzrə professoru Stefen Leqq (Stephen Legg) deyir. O, yüngül hipoksiyanın təsirini araşdırır.

Uçuş zamanı daha emosional olmağımızı buna bağlamaq ağlabatandır. Bu yaxınlarda Legg, əhvalımızın uçuş əsnasında yaranan dehidrasiya (susuzlaşma) ucbatından dəyişdiyini aşkar edib.

«Bir sıra yüngül stressorların idrak və əhvala təsiri haqqında bilgimiz çox az olsa da, uzun hava səyahətindən sonra yaranan ümumi yorğunluq hər birimizə bəllidir», o əlavə edir.

«Yəqin ki, uçuş yorğunluğuna səbəb çoxsaylı yüngül təsirlərin məcmusudur».

Bununla yanaşı, hündürlüyün insanları daha xoşbəxt etməsi ilə bağlı tədqiqatlar da var.

Lakin Vaşinqton Universitetindən kinoteatr və media üzrə müəllim Stefen Qroininq (Stephen Groening) inanır ki, xoşbəxtlik özünü göz yaşları ilə də büruzə verə bilər.

Uçuşun darıxdırıcılığı və baxılan filmin ləzzəti ilə çulğalanan özəl kiçik ekran və qulaqcıqlar, kədər yox, sevinc göz yaşları yaradır deyə Qroininq əlavə edir.

«Uçuş vaxtı istifadə olunan əyləncə aparatının konfiqurasiyası bizdə özəllik hissi yaradan, güclü emosional cavaba səbəb ola bilər», Qroininq deyir.

«Təyyarədəki göz yaşları kədərdən yox, rahatlıqdan doğur».

Lakin Hinkelbeyn, bədənimizin normal fəaliyyətini qarışdıran başqa qəribə bir dəyişiklik aşkarlayıb. Koloniya Universitetində həmkarları ilə birgə apardığı, amma hələ nəşr olunmayan yeni bir tədqiqatda o müəyyənləşdirib ki, eyni şərtlərdə hətta 30 dəqiqəlik uçuşlar belə, könüllülərin qanında immun sisteminə bağlı molekulların balansını dəyişir.

Bu isə, aşağı hava təzyiqinin immun sistemi işləkliyini dəyişməsi deməkdir.

«İnsanlar səyahətdən sonra yaranan soyuqdəymə və ya qripin iqlim dəyişməsi nəticəsində yarandığını düşünürdülər», Hinkelbeyn deyir.

«Amma bu, uçuş zamanı immun sisteminin qarışması ilə də baş verə bilər. Bunun üzərində daha detallı araşdırma aparmağa ehtiyac var».

Əgər uçuşlar immun sistemimizə təsir göstərirsə, demək ki, orqanizmlərimiz infeksiyalara qarşı həssaslaşır. Bununla yanaşı, əhvalımız da dəyişir.

 





21.02.2018    çap et  çap et