Hadisə ilə bağlı xəbər Elton və Ziya Məmmədov qardaşlarının ziddiyyətli açıqlamalarından sonra ictimaiyyətdə daha da geniş yayıldı.
Belə ki, ilk olaraq fevralın 19-da APA-nın yaydığı xəbərdə qeyd olunurdu ki, meşəlik və dağlıq ərazidə yerləşən, keçmiş nəqliyyat naziri Ziya Məmmədova məxsus böyük həyətyanı sahədə inşa edilən evlərdən biri yanıb.
Bildirilirdi ki, yanğın Ziya Məmmədovun villasının yanında taxtadan müasir üslubda inşa edilən 3 otaqlı, bir mərtəbəli mənzildə baş verib.
Villanı mühafizə edən və həmin mənzildə yaşayan İsmayıllı rayonu Qubaxəlilli kənd sakini, 1987-ci il təvəllüdlü Bədirov Rəsul Zöhrab oğlu telefonla zəng edərək yanğın barədə FHN-in İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinə məlumat verib.
Ümumi sahəsi 144 kvadratmetr olan mənzildə baş verən yanğının söndürülməsi üçün əraziyə 2 yanğınsöndürən avtomobil və canlı qüvvə cəlb edilib. Hadisə zamanı ev içərisindəki əşyalarla birgə tamamilə yanaraq yararsız hala düşüb.
Daha sonra isə hadisə barəsində ilk olaraq Ziya Məmmədovun qardaşı, keçmiş deputat yanğın faktını təsdiqləsə də bildirdi ki, hadisə sabiq nazirə məxsus villada baş verməyib. O, açıqlamasında jurnalistlərə qarğış da etdi və yanğın hadisəsinin baş verməsində həmin evdə yaşayan bağbanı günahlandırdı: «Hamısı bağbanın səhlənkarlığıdır. Nə villa? Yalandır. Olmayan bir məlumatdır. Heç düşmənə də arzulamıram ki, evi yansın. Azərbaycanlıyıq, ən azı bir təəssüf hissi olmalıdır. Onların özləri yanıb külə donsün».
Daha sonra isə sfera.az saytına açıqlama verən Ziya Məmmədov hadisəni birmənalı şəkildə inkar etdi: «Birincisi, yanğın gözlənilməz hadisədir. Yəni hər kəsin başına gələ bilər. Digər tərəfdən isə mənim nə evim, nə də həyətim yanmayıb. Mənim heç nəyim yanmayıb. Kimin evi yanıbsa, bunun mənimlə heç bir əlaqəsi yoxdur. Bu, tam yalan və uydurma xəbərlərdir. Evim yanıbsa, gedib yoxlaya bilərlər. Bunu rayon icra hakimiyyətindən də çox asan öyrənə bilərlər. O zaman bilərlər ki, yanan ev mənə məxsus deyil» deyə, sabiq nazir bildirdi.
Hadisə ilə bağlı daha dəqiq məlumat əldə etmək üçün İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Rövşən Ağayevlə əlaqə saxladıq. R. Ağayev fevralın 19-da Buynuz kəndində yanğın hadisəsinin baş verməsini təsdiqlədi. Lakin bildirdi ki, yanan ev Ziya Məmmədova məxsus deyil: «Yayılan məlumat doğru deyil. Mülkiyyətçi barədə elə bir məlumat getməyib ki, ona istinad edib desinlər ki, yanan ev kimindir. Bu barədə Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Yəni bizim verdiyimiz və ya bizə daxil olan məlumatda həmin evin Ziya Məmmədova məxsus olması ilə bağlı heç bir məlumat yoxdur».
Hadisə baş verən gün isə Buynuz kəndinin icra nümayəndəsi Gülzar Şirəliyeva femida.az-a bildirib ki, yanğına evi isitmək üçün istifadə olunan sobadan çıxan qığılcım səbəb olub. İcra nümayəndəsinin sözlərinə görə, yanğın olan evdə gözətçi qalırmış: «Yanan evdə Ziya Məmmədovun bağına baxan gözətçi qalırdı. Sabiq nazirin kəndə gələndə qaldığı ev həmin həyətdən bir qədər aralıdadır. Yanan ev gözətçi üçün nəzərdə tutulmuşdu. Məndə olan məlumata görə, evə quraşdırılan soba işıqla işləyib. Elektrik enerjisi kəsildiyindən sobada odun yandırıblar. Sobadan çıxan qığılcım evi yandırıb. Ev taxtadan hazırlandığından tamamilə yanıb, içəridən heç nə çıxarmaq olmayıb».
Yanğın hadisəsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Həmin məlumatda qeyd olunur ki, fevralın 19-da İsmayıllı rayonun Buynuz kəndində ümumi sahəsi 144 m2 olan birmərtəbəli 3 otaqlı evin yanar konstruksiyaları yanıb. Hadisə zamanı yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.