Bu tendensiya soyuq müharibə vaxtı pik həddini yaşasa da, xoşbəxtlikdən soyuq müharibə bitdikdən sonra zəifləməyə başladı. Və bir neçə dəfə bu silahların zərərsizləşdirilməsi haqda razılığa da gəlindi. Hətta rəsmi surətdə artıq nüvə silahlanması getmir. Bəs bu qədər silah necə olacaqdı, axı hər bir şeyin istifadə müddəti var.
Analitiklər qeyd edirlər ki, Rusiya və Çin nüvə proqramlarını ABŞ-dan 20 il sonra yenilədikləri üçün onların istifadə möhləti daha uzundur.
İndi isə soyuq müharibədən 30 il keçir. ABŞ-ın nüvə arsenalının hava, quru və dəniz əsaslı komponentlərinin istifadə müddətinin növbəti on ildə bitəcəyi gözlənilir.
Ekspertlərin fikrincə, ABŞ yaxın zamanda nüvə arsenalını yeniləməyi prioritet elan etməlidir. Mütəxəssislər düşünür ki, əks təqdirdə başqa ölkələri nüvə silahlarından istifadə etməkdən çəkindirmək o qədər də asan olmayacaq.
ABŞ bu sahədə müəyyən hazırlıqlar edir. Və artıq Pentaqon bu ay nüvə raketlərinə qarşı quru, hava və dəniz əsaslı müdafiə sistemlərini müasirləşdirməyi nəzərdə tutan yeni planını açıqlayıb. Bundan əlavə isə onlar nüvə arsenalına iki əlavənin olmasını istəyir.
Biri dənizdən atılan qanadlı raket, digəri isə yerdən atılan ballistik raketlərdir. Hər iki silah nüvə başlığı daşımaq qabiliyyətinə malikdir.
Bu dəyişiklərin nüvə silahlanmasında ABŞ-ın ən böyük rəqibi olan Rusiyanı kiçik münaqişələr zamanı çox güclü olmayan dağıdıcı silahlardan istifadədən çəkindirəcəyi düşünülür.
Brukinq İnstitutunun eksperti Maykl Ohanlon bildirib ki, bir neçə il əvvəl hər iki tərəf nüvə silahlarının xarici siyasətdəki rolunu azaltmışdı.
«Amma, hazırda Rusiya bizim qarşımızda belə bir seçim qoymayıb. Ona görə də məncə biz daha da iddialı olmalıyıq», - ekspert bildirib.
«Amerikanın səsi» radiosu yazıb ki, bu qeyd olunan proses ABŞ siyasətində də özünü büruzə verir. Belə ki, Obama administrasiyası nüvə silahları olmayan daha təhlükəsiz dünya yaratmaq məqsədi ilə təhlükəsiz və effektiv arsenal saxlamaq arasında balans yaratmağa çalışırdı.
Donald Tramp administrasiyası isə daha çox ikinci məsələyə diqqət ayırır. Bu da ABŞ-ın silah arsenalını qoruyub saxlayaraq, silahlara nəzarət məsələsini ikinci plana atır.
ABŞ müdafiə nazirinin nüvə və raket məsələləri üzrə köməkçisi Robert Sufer Vaşinqtonda keçirilən nüvə silahlarının məhdudlaşdırılması mövzusunda sammitdə belə bir çağırış edib:
«Əgər Rusiya dünya arenasında aqressiv geopolitik siyasətindən əl çəkər, orta və yaxın mənzilli raketlərin məhvi haqqında razılıqda göztərilmiş öhdəliklərini yerinə yetirməyə və nüvə başlıqlı taktiki silahların azaldılması barədə danışıqlara başlayarsa biz də dəniz əsaslı qanadlı raketlərin yerləşdirilməsi haqda danışıqlara başlaya bilərik. Yəni, bizə bunları yerləşdirməyə ehtiyac olmayacaq».
Eyni zamanda o, Rusiyanın qeyri strateji nüvə silahlarını çoxaltmasından narahatçılığını da bildirib.
Qeyd edək ki, 1987-ci ildə ABŞ-la SSRİ arasında «Orta və kiçikmənzilli raketlərin ləğvi» haqqında müqavilə imzalanıb.
Müqaviləyə görə, uzaqlığı 500-5500 kilometrə qədər çatan raketlərin istifadəsi qadağan edilirdi. Bununla da 2962 SSRİ və ABŞ raketləri məhv edilmişdi.
Buna baxmayaraq hazırda hər iki tərəf sürətlə silahlanır və bir-birini razılaşmanı pozmaqda ittiham edir.