Səbəblər çoxdur. Ukraynaya tətbiqən iş ondadır ki, bunlar keçmiş Maydan əhlinə, o cümlədən də indiki prezident P.Poroşenkoya dərin bir nifrət bəsləyir, onların da cəzalandırılmasını arzulayırlar. O biri tərəfdən də anlayırlar ki, bunu etsə, ancaq indi Saakaşvilinin də iştirak etdiyi proses edə bilər, bunu isə artıq istəmirlər. Nəticədə də isterik bir vəziyyət yaranır və biri-birindən ziddiyyətli mövqelər sərgilənir.
Deyə bilərsiniz ki, Ukrayna hadisələrilə bağlı başqa mənbələrdən də informasiya almaq olar. Tamamilə düzdür, amma bizi proseslərə məhz Rusiyanın münasibəti maraqlandırdığından onları diqqətə gətiririk.
M.Saakaşvililə bağlı heç vaxt böyük planlar qurmamışıq. Onun siyasi avantürizmə meylliyini də qeyd etmişik, müsbət cəhətlərini də. İndi də heç də ümidli deyilik ki, M.Saakaşvili tərəfdarları Ukraynada çox böyük dəyişikliklərə nail olacaqlar.
Sadəcə, bircə məsələ var. Cari ildə bir neçə post-sovet ölkəsində prezident seçkiləri olacaq. Bunlardan yalnız Ukraynadakı seçki bir azca maraqlı olmağı vəd edir. O da yalnız Saakaşvili tərəfdarlarının sayəsində ola bilər...
Hadisələr göstərir ki, Ukraynada oliqarxlar mövqelərini vermək istəmirlər. Onların bu istəyini heç olmasa, bir az məhdudlaşdıran amil varsa da, o, da yenə Saakaşvili tərəfdarlarıdır. Ona görə də periodik olaraq bu mövzuya qayıdırıq, çalışırıq ki, hər dəfə nəsə ümidverici detal qoyaq ortaya.
O ki qaldı Rusiya mediasının və yaxud siyasi isteblişmentinin çabalarına, ərz edim ki, bəndəniz dərin bir psixologiya bilicisi deyil. Ziqmund Freydin iki cildliyi, Karl Qustav Yunqun bir əsəri - oxuduğum əsasən bunlardır; təbii ki, sosial və siyasi psixologiyayla bağlı nisbətən kiçik həcmli daha bir neçə əsəri çıxmaq şərtilə...
Həmin əsərlərdə diqqətimizi çəkən isə daha çox «kollektiv patologiya»lar, böyük sosial qrupların, hətta cəmiyyətlərin davranışında müşahidə olunan bəzi psixi məqamlar olubdur.
Sözsüz, Freydin individlərə tətbiqən yazdıqlarının Yunq tərəfindən bütöv cəmiyyətlərə şamil edilməsi hətta indi də mübahisələrə səbəb olur. Elə etnoloqlar və etnoqraflar var ki, onlar hətta «kollektiv arxetip»lər haqda eşitmək belə istəmir,- xüsusən də etnizmin özünü ötəri fenomen kimi qəbul edən «instrumentalist»lər arasında...
Təbii ki, biz bu mübahisələr nöqtə qoymaq iqtidarında deyilik, gücümüz yalnız bu və digər cinahın tərəfini tutmağa çatar.
Ona görə də etiraf edirik ki, K.Q.Yunqun sağlam və qeyri-sağlam cəmiyyətlər, «kollektiv arxetip»lər haqa yazdıqları daha çox inandırıcı görünür bizə, çünki böyrümüzdə Rusiya və Ermənistan cəmiyyətləri var və illərdir onların davranışını müşahidə edib bircə nəticəyə gəlmək olur: vallah, Yunq kişi düz yazıbdır...
Bəs nədən birdən Freyd və yaxud Yunq kimi psixoloqlar yadımıza düşdü? «Söz sözü çəkər» deyiblər. Böyük fizik Lev Landau hələ sovetin vurhavurunda deyirdi ki, fənlər var, onlardan üçdən artıq qiymət almaq sadəcə, ayıbdır. Güman ki, L.Landaunun hansı fənləri nəzərdə tutduğunu təxmin etmək sizin üçün elə də çətin olmaz.
Siyasətdə və politologiyada da belədir - elə fikirlər və ya elə münasibətlər var ki, yaxşısı, onları, ümumiyyətlə, dilə gətirməməkdir. Amma Rusiya cəmiyyətinə baxanda biz bu imperativin təzühürünü az hiss edirik. Yox, Rusiya çox böyük ölkədir və real prosesləri soyuqqanlı, dərin intellektual səviyyədə təhlil edən çox insanlar var və biz də daim onları oxuyuruq. Amma bunlar çox təəssüf, Rusiya cəmiyyətində əsas vektorlar deyillər.
Əsas olanlar, daha çox diqqətə gələnlər «ura-patriotlar», «Putindən başqası yoxdur!» qışqıranlar, «Ukrayna «faşist»lərinə ölüm!» deyənlər, «Bizə Krım lazımdır!» hayqıranlardır. O gün baxıram, belə məlum olur ki, hətta A.Navalnının saytını bağlayıblar! Bunu eşidəndə bir daha ağla gələn bu, oldu ki, əcaba, keçmiş sovet məkanının böyük bir hissəsi eyni siyasi texnoloqların yazdığı ssenarilərlə idarə olunmurmu?
Elə bu səbəbdən bütün bunları düşünəndə bir daha Freyd və bir daha Yunq yadımıza düşdü. Hara çək-çevir edirsən, yenə də baxıb görürsən ki, vallah, Yunq kişi düzünü deyib; elə həqiqətən kollektiv patologiyalar olurmuş...