Bundan sonra mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar (kupça), texniki pasportları da «ASAN» Xidmət mərkəzlərindən əldə etmək mümkün olacaq. Bu məqam prezident İlham Əliyevin «ASAN xidmət» mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsinə dair verdiyi fərmanda öz əksini tapıb.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən aldığımız məlumata görə, artıq mənzillərlə yanaşı, fərdi yaşayış evləri üçün də qeydiyyat sənədlərini ASAN-dan almaq mümkün olacaq.
İndiyə qədər vətəndaşlar «ASAN» Xidmət Mərkəzlərindən ilkin qeydiyyat istisna olmaqla mənzillər üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (Forma 1) ala bilirdilər. Lakin artıq bundan sonra təkcə mənzillər deyil, hətta fərdi yaşayış evləri üzərində də mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışlar («kupça»), texniki pasportlar da verə biləcək.
çap et