Vaxt.Az

Klipmeykerlər nə edir?


 

Kimisi film çəkir, kimisi söyüş söyür...

Klipmeykerlər nə edir? İllər öncə klip çəkmək dəb halında idisə, hazırda barmaqla sayılacaq qədər müğənni mahnısına ekran həyatı verir. Ülviyyə Könül, Fuad Əlişov, Kənan M.M, Aqil M. Quliyev klipmeyker olaraq adını sənət aləminə yazdıranlardır. Populyar və səs gətirən ekran işlərinə imza atan klipmeykerlər hazırda klip bazarından çəkiliblər. Onların bu addımı atmasına səbəb isə müğənnilərin klipdən imtina etməsi, həm də yaxşı gəlir əldə etməmələridir. Bəs, hazırda onlar hansı işlə məşğuldurlar?

Rejissor Ülviyyə Könül sonuncu dəfə «Həddən artıq uyğunluq» filmini çəkib. Romantik-komediya janrında olan ekran işi tamaşaçılar tərəfindən sevildi. Onu isə film təqdimatlarında demək olar ki, görmürük.

Rejissor saytımıza açıqlamasında yeni çəkilən filmləri belə qiymətləndirib: «Hazırda klip və film  çəkmirəm. Yeni iş var. Bu haqda tam hazır olandan sonra məlumat verəcəyəm. Son lentə aldığım «Həddən artıq uyğunluq» filmi maraqla qarşılandı. Son zamanlar işıq üzü görən filmlərdən xəbərim yoxdur, izləmirəm. Ondan əvvəlkilərdən 5-6 filmə baxmışam. Yumor tərəfdən məni qane etməyən filmlər də, qane edənlər də var. Komediya filmlərini sevmirəm. Mən romantik komediyanı sevirəm. «Həddən artıq uyğunluq» romantik-komediya janrında çəkilib. Komediya filmlərindən «Oğlan evi-1» maraqlı olub. Mən nə desəm də, onsuz filmlər çəkiləcək. Hazırda inkişaf gedir. Bayağı yumor da çoxdur. O filmləri də izləyənlər də çoxdur. Filmə pul xərcləyənlər maliyyəsini çıxartmaq istəyir. Ona görə tamaşaçının istədiyi filmlər çəkilir».

Rejissor Fuad Əlişov isə ancaq reklam çəkməklə məşğuldur. O, bu haqda musavat.com saytına açıqlamasında deyib: «Hazırda nə klip, nə film çəkirəm. Film çəkmək arzum var. Amma hələ saxlamışam. Zamanı gələndə ekranlaşdıracağam. Hazırda çox film çəkilir. Bəzilərinə dəvət edirlər. Gedib izləyirəm. O filmlərin çoxu müvəqqətidir. Azərbaycan film  tarixində iz qoymayacaqlar. Zamanla hər şey yoluna düşəcək. İndi tamaşaçı o filmləri bəyənib baxırsa, deməli, indi onlar lazımdır».

Rejissor Kənan M. M ard-arda filmlər çəksə də, onun daha çox sosial şəbəkədə yazdığı statuslar müzakirələrə səbəb olub. Media nümayəndələri ilə ulduzu barışmayan rejissor onları təhqir etməkdən də çəkinmir. Bu səbəbdən də son təqdim etdiyi «Ağ qazan» filmi istədiyi uğuru əldə etmədi. Çünki mediada piarı aparılmadı. «Gecə qonağı-1» qalmaqallarla gündəmi zəbt etdiyi üçün «Gecə qonağı- 2» film onun hesabına izləndi. Sözügedən ekran işi hazırda ərəblərə satılıb.

Rejissor Aqil M.Quliyev isə hazırda reklamlar çəkməklə məşğuldur. O həm reklam çəkir, həm də aktyor kimi sözügedən reklamlarda rol alır. O, eyni zamanda ATV-də yayımlanan «Ər-arvad» serialının rejissorudur.

 





22.02.2018    çap et  çap et