Məlumata görə, parlament komitələrinin birgə toplantısında birinci oxunuşdan sonra qanun layihəsinə edilən əlavə və dəyişikliklər müzakirə olunub.
Milli Məclis sədrinin müavini Valeh Ələsgərov dəyişikliklər haqda bilgi verib.
Onun sözlərinə görə, dəyişikliklər azad zona səlahiyyətli qurumun hüququ, vəzifələri, idarə edilməsi, azad zonada gömrük işi, sərhəd rejimi, əmək qaydaları və mübahisələrin həlli qurumlarının qərarlarının icrası ilə bağlı olub. Azad zonada işçi dillər də dəqiqləşdirilib. Azərbaycan və ingilis, eləcə də zərurət yarandıqda başqa dillər həmin zonaların işçi dili olacaq.
Deputatlar qanun layihəsini ikinci oxunuşda bəyənərək, Milli Məclisin müzakirəsinə göndəriblər.
Xatırladaq ki, Ələtdə azad iqtisadi zonasının yaradılması prezident İlham Əliyevin 2016-cı ilin martında imzaladığı sərəncamda nəzərdə tutulurdu. Həmin sərəncam «Ələtdə Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi daxil olmaqla azad ticarət zonası tipli xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı tədbirlər planı haqqında» adlanır.
Prezident ötən ilin mayında yenidən bu məsələyə qayıdıb, azad iqtisadi zonaların yaradılması işinin sürətləndirilməsi haqda sərəncam imzalamışdı.
Fərmana əsasən, azad iqtisadi zonaların yaradılmasının sürətləndirilməsi məqsədilə İşçi qrup yaradılıb və Milli Məclisin sədr müavini Valeh Ələsgərov onun sədri təyin edilmişdi.
Azad zona ölkə ərazisinin xüsusi rejim altında fəaliyyət göstərən bir hissəsidir. Belə zonalarda istehsal olunan məhsullara milli gömrük ərazisindən kənarda olan obyekt kimi baxılır. Həmin məhsullar gömrük nəzarətindən keçirilmir, vergiyə cəlb edilmir.