Bura Quba rayonunda yerləşən «Nizami», Şamaxıda «Şirvan», Tovuzda «Şəfəq», Astarada «Azərbaycan», Gədəbəydə «Aydınlıq», Gəncə şəhərindəki «Xronika» kinoteatrı və digərləri daxildir. İllər əvvəl hind, türk, eləcə də, yerli filmlərin nümayişi üçün insanların növbəyə düzüldüyü bu mədəniyyət mərkəzlərinin demək olar ki, hamısının qapısı qıfıllı idi. Özəlləşdirilərək təyinatı dəyişdirilən bu obyektlərin yerində isə ehtimal ki, restoran və kafelər, ən yaxşı halda isə mebel salonları açılacaq. Bəs yerli film sənayesinin az da olsa inkişaf etməyə başladığı bir vaxtda bu kinoteatrları ləğv etmək kimə lazımdır? Onları bərpa etmək mümkün deyilmi?
Bu suallarla Mədəniyyət və Turizm Nazirliyinə müraciət etsək də, cavab ala bilmədik.
Məlumat üçün bildirək ki, vaxtilə Bakıda fəaliyyət göstərən onlarla kinoteatrdan yalnız biri – Nizami Kino Mərkəzi öz fəaliyyətini davam etdirir. Bundan başqa, alış-veriş mərkəzlərinin tərkibində yaradılmış bir neçə özəl kinoteatr da var. «Sevinc», «Xəzər», «Qələbə», «Sülh», «Azərbaycan", «Vətən», «Dostluq» , «Moskva» kimi kinoteatrlar isə bir müddət öz profilini yeni dövrün tələblərinə uyğunlaşdıraraq çayxana, mebel salonu, mağaza və oyun zallarına çevrilmişdi. Sonra isə onları ümumiyyətlə sökdülər və yerində daha gəlirli obyektlər tikdilər.