O vaxtkı cəbhəçi rəhbərlik Yeni Azərbaycan Partiyasının ölkənin siyasətinə və insanların düşüncəsinə təsir etməsinə yol verməməyə çalışırdı, lakin buna baxmayaraq, adamlar Heydər Əliyevin arxasınca getdilər. Ölkədə hərcmərcliyin baş alıb getdiyi, Qarabağda qanlı döyüşlərin davam etdiyi Azərbaycan üçün ağır dövrdə ona inandılar.
Zaman Yeni Azərbaycan Partiyasının tədbirinin Bakıda – siyasi və iqtisadi mərkəzdə keçirilməsini tələb edirdi, lakin Xalq Cəbhəsinin silahlılarının qorxusundan heç kim yeni partiyanın toplantısı üçün yer verməyə cürət etmirdi. Fəqət cəsarətli, Vətəninin gələcəyi naminə öz həyatını risk altında qoymaqdan çəkinməyən insan tapıldı. Bu, sadə, siyasətdən uzaq alim, Elektrotexnika Elmi-Tədqiqat İnstitutunun direktoru Həşim Sadıxov idi.
***
1995-ci il. Prezident Heydər Əliyev, xoşladığı kimi, hər şeyi öz gözləri ilə görmək və aydınlaşdırmaq üçün ölkənin sənaye müəssisələrini gəzir. Eyni zamanda, «Azərelektromaş» Elm-İstehsalat Birliyinə gəlir. Direktor Elman Əliverdiyev məlumat verir ki, sahə ETİ-nin rəhbəri Həşim Sadıxov da burdadır.
- Konkret hansı institutun? – dövlət başçısı maraqlanır.
- Elektrotexnika ETİ. Partiyamızın Bakıdakı ilk iclasını xatırlayırsınızmı? O vaxt məhz bu direktor bizə yer verməyə cürət etmişdi, - Bakının o vaxtkı meri Rafael Allahverdiyev qeyd edir.
- Necə, bu həmin Sadıxov idi? – Heydər Əliyev dəqiqləşdirir.
- Bəli, məhz o. Bilirsinizmi, bu addımı ona nələrə başa gəlmişdi?.. Təhdid edirdilər, işdən qovmuşdular. Axı bizim iclasa qumbaraatanlarla silahlanmış OMON-çular gəlmişdilər, iclas zalını boşaltmağı tələb edirdilər. Biz getmədik, direktor Sadıxov da bizimlə qaldı. ETİ-dəki həmin o kabinet indi az qala xatirə guşəsinə çevrilib. Onu hamıya Yeni Azərbaycan Partiyasının yarandığı yer kimi nümayiş etdirirlər, burada partiya geri çəkilmədi, duruş gətirdi...
- Elədir. O günü də xatırlayıram, qapılarını üzümüzə açmış direktoru da, - Heydər Əliyev gülümsəyərək bildirdi.
Həşim Sadıxov Elektrotexnika ETİ-yə 1982-ci ildən rəhbərlik edirdi. Moskvada aspiranturanı bitirdikdən sonra əvvəlcə şöbə müdiri təyin olunmuşdu, 34 yaşında isə artıq bu iri elmi müəssisəyə rəhbərlik edirdi. Həmin vəzifəsində 20 il işlədi, ta ki dünyadan köçənə qədər...
1993-cü il. H.Sadıxovun qərarı ilə «Nəriman Nərimanov» metro stansiyasının yaxınlığında yerləşən ETİ-nin binası (hazırda Vergilər Nazirliyinin Lokal gəlirlər departamenti burada yerləşir) Yeni Azərbaycan Partiyasının ilk Bakı toplantısının keçirildiyi yer olur. Hazırda binanın üstündə Azərbaycan üçün həmin əlamətdar hadisəni xatırladan lövhə mövcuddur.
Xalq Cəbhəsi iqtidarı dövründə Sadıxova müxtəlif hədələr gələrək bu hərəkətini dəfələrlə xatırlatmışdılar. Günlərin birində o, həyat yoldaşına telefon nömrələri yazılmış siyahı verir: «Məni tutsalar, kömək üçün bu adamlara müraciət et».
Bəzən gizlənməli, şəhəri tərk etməli olurdu. Həbs etmədilər, amma rəhbər vəzifədən uzaqlaşdırdılar. Doğrudur, bu çox çəkmədi, elə anarxist hakimiyyətin öz ömrü kimi.
***
Həmin vaxt onu bu çətin addımı atmağa nə sövq etmişdi? Sadıxov yenicə yaranmış Yeni Azərbaycan Partiyasından bir çoxları ilə dostluq münasibətində idi, lakin AXC-də də yaxşı tanışları yox deyildi. Ölkə bölünmüşdü, amma yaxın zamanlara qədər bir yerdə işləmişdilər, qonşu olmuşdular – bu cür əlaqələr birdən-birə qırılmır. Lakin Sadıxov birilərinin minnətdarlığını gözləmədiyi kimi, o birilərindən də əfv ummurdu. Bu onun seçimi idi, qərarı idi. O anlayırdı ki, ləngimək olmaz – söhbət onun ölkəsinin, xalqının taleyindən gedirdi vı vicdanının, ağlının, qəlbinin səsini dinlədi.
Sonralar təklif edilən yüksək vəzifələrdən imtina etməsi Sadıxovun bu işdə heç bir maddi marağının olmadığını bir daha sübut etdi. O, alim olaraq qaldı, elmi axtarışlarını davam etdirir, taleyinə çevrilmiş ETİ-yə rəhbərlik edirdi.
Təhlükə barədə unudaraq yeni partiyaya və onun lideri Heydər Əliyevə əl uzatmağa onu vadar etmiş şəxsi düşüncələri və arqumentləri barədə o, heç vaxt heç kimlə bölüşməmişdi. Atasının xasiyyətinə bələd olduğundan, onun bu hərəkətini Sadıxovun oğlu Fuad izah edir:
«O vaxt ölkədə nələrin baş verdiyi görərək, atam sadəcə olaraq, kənarda qala bilməzdi, baxmayaraq ki, bütün dünyasını öz laboratoriyasında cəmləşdirdiyi tipik alim idi. O, sovet illərində də Heydər Əliyevin gücünə və müdrikliyinə şübhə etmirdi. Yeni hakimiyyət isə... Yalnız ağıldan kəmlər onun arxasınca gedə bilərdi. Ən maraqlısı isə odur ki, atam YAP-a üzv olmadı. Hesab edirdi ki, siyasət seçilmişlərin işidir. Sümüyünün iliyinə qədər vətənpərvər olaraq əmin idi ki, Azərbaycanın xeyrinə hərəkət edir. Buna görə bütün tanıyanlar atama hörmətlə yanaşırdı.
Əslən Yardımlıdan idi. Xatırlayıram, Yardımlı İcra Hakimiyyətinə başçı təyin edərkən tövsiyə üçün atama müraciət etmişdilər. Zarafatla demişdilər ki, namizəd işinin öhdəsindən gəlməsə, rayona özü rəhbərlik edəcək. Qoca olmasa da, ona Yardımlıda ağsaqqal kimi hörmət bəsləyirdilər».
Partiya Həşim Sadıxovun 1993-cü ildəki fədakar addımını unutmadı və ağır vaxtlarında ona hər zaman kömək oldu. 1990-cı illərin sonlarında Cənubi Dağıstan Universitetinin filialı həmin o tarixi binanı Elektrotexnika ETİ-nin əlindən almağa çalışırdı. Direktora qarşı qondarma cinayət işi də başlanmışdı ki, təzyiq göstərmək mümkün olsun. İşə Həşimovun dostu – Sirus Təbrizli qarışdı və vəziyyət barədə Heydər Əliyevə məlumat verdi. Prezident vəziyyəti araşdırmaq üçün göstəriş verir və Sadıxovu rahat buraxırlar.
***
2002-ci il. Həşim Sadıxovun namizədliyi təsdiq edilib. Onu nəhayət ki, yüksək vəzifə tutmaq üçün razı sala biliblər. Bundan sonra vaxtının az olacağını bilən Sadıxov təyinatdan öncə müayinə üçün Moskvaya yollanır. Rusiyalı həkimlər pis xəbərlər verirlər: həyatının sonuna çox qalmayıb... 2002-ci ilin iyun ayının 14-də Sadıxov gözlərini həyata yumur.
«Lakin onun xatirəsi yaşayır! Yalnız yaxınlarının və dostlarının qəlbində deyil, - oğlu Fuad Sadıxov əminliklə bildirir. – Onu Yeni Azərbaycan Partiyasında da tez-tez xatırlayırlar».
Həşim Sadıxovun vəfatından sonra Heydər Əliyev onun ailəsini diqqətdən kənarda qoymamağa göstəriş verir.