Vaxt.Az

Zakir Həsənovdan general davranışı


 

Vigen Sərkisyan Moskva, Azərbaycanın hərb naziri isə Belarus paytaxtındakı yubiley törənində - Kremlə mesaj?

Zakir Həsənovdan general davranışı Bu gün - fevralın 23-də Rusiyada silahlı qüvvələrinin yaradılmasının 100-cü ildönümüdür. Bu münasibətlə Moskvada təntənəli mərasim planlaşdırılıb. Söhbət təbii ki, bolşevik-sovet ordusunun yubileyindən gedir. Demək, bu yubileyin Azərbaycana da dəxli var. Çünki 1918-ci ilin fevralında yaradılan bu ordu, daha doğrusu, onun tərkib hissəsi olan XI ordu cəmi bir neçə il sonra - aprelin 28-də müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin mövcudluğuna (AXC) son qoyub.

Müstəqilliyi o vaxta kimi artıq 20-yə yaxın dövlət tərəfindən tanınmış AXC-yə qarşı Rusiyanın bu hərbi təcavüzünün sonucu bəllidir: on minlərlə günahsız insan məhv və şurfun edildi, 23 aylıq gənc dövlət, onun paytaxtı talan olundu; Azərbaycan siyasi və hərbi elitasının, az sonra - 37-ci illərdə isə həm də ziyalı elitasının qaymağı aradan götürüldü, milli ordu buraxıldı, AXC-nin torpaqlarının bir hissəsi (Zəngəzur) Ermənistana peşkəş edildi, Cümhuriyyətin yerində formal, demək olar, suverenlik və müstəqillik atributlarından məhrum, bilavasitə Moskvadan asılı olan Azərbaycan SSR yaradıldı - tərkibində gec, 70 il sonra partlayacaq bir «mina» ilə - DQMV ilə birgə.

Təbii ki, əsas təbii sərvətimiz olan neftə və ondan istifadəyə nəzarət də bütünlüklə Rusiyanın nəzarətinə keçdi. Bu da azmış kimi, rus-alman savaşında işğalçı sovet (bolşevik) ordusunun tərkibində daha 300 min insanımızı zorən faşizm-bolşevizm davasına qurban verməli olduq. Bakı neftinin müharibənin taleyində oynadığı rol da öz yerində.

Ancaq bunun qarşılığında xalqımızın nəsibi müharibədən dərhal sonra - 40-50-cı illərdə Ermənistandan, öz dədə-baba torpaqlarından kütləvi deportasiya oldu. O, Ermənistan ki, tarixi və əzəli Azərbaycan torpaqlarında yaradılmışdı. Daha 30-40 il sonra isə Azərbaycana qarşı Kremlin erməninin əli ilə körüklədiyi və 30 ildir davam edən Qarabağ avantürası baş qaldırdı. Sonrası məlumdur...

 

***

 

Bunları xatırlatmaqda məqsədimiz odur ki, 100 il öncəki kimi bu gün də regionu qarışdıran xarici oyunçunun və onun burdakı əsas maşasını bir daha yaxşı tanıyaq. Bu, əlbəttə ki, Rusiya və ermənilər, onların kağız üzərində olan, faktiki surətdə isə Moskvanın ucqar əyaləti olan Ermənistan adlı «dövlətdir».

Sanki tarix təkrarlanır. Təkrarlanırsa, demək, ondan yaxşı nəticə çıxarılmayıb. Hər halda, 100 il öncəki kimi, bu gün də Rusiya, onun ordusu «çağırılmamış qonaq» kimi bölgədədir (Ermənistan, Abxaziya, Cənubi Osetiya) və öz tarixi işğalçılıq missiyasını davam etdirir. Moldova və Ukraynadakı qanunsuz rus hərbi birləşmələri də eləcə.

Belə bir işğalçı ordu bu gün 100 illiyini qeyd edir. Yeri gəlmişkən, bu münasibətlə Ermənistanın müdafiə naziri Vigen Sərkisyan dünən - fevralın 22-də Moskvaya yollanıb. Rəsmi məlumatlara görə, o, Qırmızı ordunun 100 illik mərasimində iştirak edəcək. Məntiqlidir. Bu tədbirdə ermənilər, onların hərb naziri başda olmasın da, kim olsun ki?

Hərçənd bununla bağlı erməni nəşrlərinin birində - Larair.am-da Vigen Sərkisyanın Moskva səfərinə sərt etirazı əks etdirən yazı gedib. Yazıda Sərkisyanın həmin mərasimə qatılması tənqid olunur, guya bu ordu «1920-ci ildə 1-ci Ermənistanın süqutuna səbəb olub» və «1-ci Respublikanın 100-cü ildönümünün qeyd olunduğu ildə Rusiya ordusunun yaradılması törəninə qatılmaq» az qala qeyri-səmimi addım kimi təqdim olunur.

Ən absurdu da budur: faktiki, heç bir müstəqilik atributu qalmayan, onların hamısını Qarabağın işğalı naminə əsas havadarı Rusiyaya peşkəş edən və könüllü şəkildə, azı 2047-ci ilədək rusun vassalı missiyasına razılaşan, xarici sərhədlərini (Türkiyə, İran) belə, Rusiya əsgərlərinin qoruduğu Ermənistanda qəfildən «1-ci Respublika» yada düşüb, müstəqillik havası oxumağa başlayıblar.

 

***

 

Maraqlıdır ki, Vigen Sərkisyan Moskvaya yollanan gün - fevralın 22-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov Belarusun paytaxtı Minsk şəhərinə səfərə gedib. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, belaruslu həmkarı general-leytenant Andrey Ravkovun dəvəti ilə həyata keçirilən səfər çərçivəsində Azərbaycanın müdafiə nazirinin Belarus Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyinə həsr olunan təntənəli mərasimdə iştirakı, eləcə də bu ölkənin hərbi-siyasi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşləri planlaşdırılır. Bundan əlavə, general-polkovnik Z.Həsənovun Belarusun hərbi sənaye kompleksinə daxil olan müəssisələri ziyarət etməsi də nəzərdə tutulub.

Bu da tamamilə məntiqlidir. Ən azı o səbəbə ki, Belarus bizim mühüm silah tədarükçülərimizdən biridir və iki ölkə arasında hərb-texniki sahədə əməkdaşlıq ilbəil genişlənir. Necə deyərlər, «Dostunu göstər, deyim kimsən...»

Dünən hörmətli nazirin Belarus səfərindən dərhal sonra Rusiyaya, məlum törənə qatılmağa gedib-getməyəcəyini dəqiqləşdirmək üçün Müdafiə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq. Bəlli oldu ki, belə bir səfər nəzərdə tutulmayıb...

 





23.02.2018    çap et  çap et