Ən qəribəsi isə xilas olunduqdan sonra, yenə suya tərəf cumub, batmağa çalışır.
Sonda bu yaraşıqlı it intihar arzusuna çatır və ölür.
Viktoriya dövrünün mətbuatına əsasən, həmin it özünü öldürməyə cəhd edən yeganə heyvan olmayıb. Bu hadisədən çox keçməmiş mətbuatda iki buna bənzər hal yer alır: bilərəkdən özünü suda boğan ördək və balaları öləndən sonra, özünü asan pişik.
Bəs bu insidentlərdə hansı həqiqət gizlənirdi?
Bilirik ki, heyvanlar da insanların yaşadığı əqli sağlamlıq problemlərindən əziyyət çəkə bilirlər. Xüsusilə də stressi hiss edir və depressiyaya qapılırlar. Bu, insanlarda intihara yol açan faktorlardan biridir.
Biz həm də bir vaxtlar yalnız insanlara aid olan davranışların artıq heyvanlarda da olduğunu bilirik.
İntihardamı onların arasındadır? Həqiqətənmi heyvanlar bilərəkdən intihara cəhd edirlər?
Əslində bu yeni sual sayılmır: qədim yunanlar da eyni sualı veriblərmiş.
2000 il əvvəl Aristotel bir ayğırın özünü boşluğa atdığını yazırdı. Ayğır, eynilə Oedipus kimi bilməyərək anası ilə cinsi əlaqədə olduğunu öyrənmişdi.
Eramızın 2-ci əsrində yunan filosofu Klaudius Aulian (Claudius Aelian) mövzu üzrə bir kitab da yazıb. O, kitabında 21 heyvan intiharı hadisəsini təsvir edib. Buraya özünü balıqtutanların toruna bilərəkdən atan delfin, sahiblərinin ölümündən sonra, aclıq çəkərək intihar edən itlər və «özünü ölən sahibinin dəfnində yandırılan cəsədin alovlarına atan» qartal daxildir.
Suda boğulan «yaraşıqlı itdən» sonra heyvan intiharı ideyası 19-cu əsr Viktoriya dövrünün insanları arasında məşhur mövzu olub. Uilyam Louder Lindsay (William Lauder Lindsay) adlı bir psixiatr heyvanların bu hərəkətini «intihar melanxoliyası» kimi izah edib və intihardan əvvəl onların «qəzəbli olduqları və dəlilik həddinə çatdıqlarının» təsvirini verib.
O zaman bu fikirlər, Birləşmiş Krallıqda (BK) yerləşən Heyvanlara Qarşı Qəddarlıq Əleyhinə Kral Cəmiyyəti (RSPCA) kimi heyvan haqları qrupları tərəfindən dərhal tətbiq olunmağa başlanıb.
«Heyvan haqları fəalları heyvan emosiyalarının humanistləşdirilməsi uğrunda mübarizəyə başladılar», tarixdəki heyvan intiharlarını tədqiq edən BK-nın «Manchester» Universitetindən tibbi tarixçi Dunkan Uilson (Duncan Wilson) izah edir.
Bunu edərək onlar, tarixçi deyir, göstərmək istəyirdilər ki, «heyvanların da insanlar kimi özünütənqid və niyyət kimi bacarıqları var və buraya kədər və ya qəzəbdən özünü öldürmək də daxildir».
Məsələn, RSPCA-yin Heyvan Dünyası adlı jurnalının 1875-ci ildə buraxılışında özünü ataraq intihar edən erkək maralı təsvir edən şəkil dərc olunub. Şəkli müşayiət edən yazıda deyilir: təqibçilərinin əlinə keçməkdənsə, özünü ölümə atan vəhşi maral.
20-ci əsrdə tibbin inkişafı ilə insanların intihara münasibəti klinik bir mərhələyə keçir və heyvanların bənzəri hərəkətini «qəhrəmanlıq» kimi təsvir edən izahlar azalır.
Uilson deyir ki, diqqət artıq sosial təzyiq nəticəsində baş tutan intiharın daha böyük kütlələrə təsirinə verilir. İntihar daha çox sosial xəstəliyə çevrilir. Dəstə ilə yeriyən və özlərini qayadan atan lemminqlər və ya kütləvi şəkildə sahilə atılan balinaları misal çəkmək olar.
Amma Uilson heyvanların intihara cəhd etməsi sualına cavab axtarmayıb. Onun işi, bizim heyvanlar haqqında hekayətlərimizdə əks olunan insan intiharına qarşı dəyişən münasibəti üzə çıxarıb.
Bu suala cavab axtaran bir tədqiqatçı da var.
İtaliyada yerləşən Kalyari Universitetindən heyvan intiharı üzrə elmi ədəbiyyatı araşdıran psixiatr Antonia Preti deyir ki, bənzəri hekayələr bizi aldatmamalıdır.
O, ötən 40 ildən çox müddət ərzində dərc olunan təqribən 1000 araşdırmanı nəzərdən keçirib və vəhşi təbiətdə bilərəkdən intihara cəhd edən bir heyvan haqqında məlumata rastlamayıb. Aulianın kitabındakı halları isə Preti «antropomorf əfsanələr» adlandırır.
Artıq tədqiqatçılara bəllidir ki, lemminqlərin kütləvi ölümünə səbəb saylarının artması nəticəsində bir yerdə köçməyə çalışmaq niyyətidir.
Sahibinin ölümündən sonra, ölən ev heyvanları hallarını isə Pretiyə görə, sosial əlaqənin pozulmasına bağlamaq lazımdır.
Heyvanlar bilərəkdən ölmək haqqında qərar qəbul etmirlər. Əksinə, sahibinin əlinə öyrəşən heyvan başqasından yemək qəbul edə bilmir.
«Heyvanın da intihar nəticəsində öldüyünü düşünmək, insanların romantik izahıdır».
Bu misal bir mühüm faktı irəli sürür. Stress heyvanın davranışında həyatı bahasına başa gələn dəyişiklik ola bilər.
Belə bir hadisə 2016-cı ilin mayında Tenerifdə yerləşən «SeaWorld»də baş verib.
İnternetdə yayılan videoda, «SeaWorld»in parklarından birində bir orka balinası təxminən 10 dəqiqə akvariumdan çıxmaq üçün özünü divara çırpır. Qeyd etmək lazımdır ki, həmin orka okeanda doğulub. Onun intihara cəhdi ilə bağlı onlarla məqalə yazılmışdı.
Orkaların vəhşi təbiətdən fərqli olaraq, əsirlikdə fərqli davrandığını bilirik. Bu heç də təəccüblü deyil. Nə də olsa, akvariumu okeanla müqayisə etmək olmaz.
Qeyri-təbii mühitlərin orkalara stress yaşatdığı da bizə bəllidir. Onlar akvariumun divarlarına çırpılmaq və dişləri ilə onu deşmək cəhdi kimi təkrar hərəkətlərə yol verirlər.
ABŞ-ın Virciniya ştatında yerləşən «William & Mary» Universitetindən Barbara Kinqə (Barbara King) görə, bu, heyvanların nə qədər dərin emosiyalar yaşadığından xəbər verir. Belə hadisələr həm də onların özlərinə qarşı destruktiv münasibətinin səbəbi barədə xəbərdarlıqdır.
«İstər qaçaqmalçılıq olsun, istərsə də qanuni ov məncə, halların əksəriyyəti insan müdaxiləsi nəticəsində baş verir», heyvan kədəri və intiharı haqqında çoxsaylı yazıların müəllifi Kinq deyir.
Travmatik şəraitdə saxlanılan bir çox heyvan stress, post-travmatik stress pozuqluğu (PTSD) və depressiya kimi hallar yaşayırlar.
Çində yerləşən bir ayı fermasında ana ayının əvvəl oğlunu boğduğu, sonra isə özünü öldürdüyü deyilir. Hadisə, bəzən Çin təbabətində istifadə olunan bala ayının öd şirəsinin kateter vasitəsilə çəkilməsindən sonra baş verib. İynə son dərəcə ağrılı imiş.
Qəzetlər, ana ayının gələcəkdə əziyyətə dözmək əvəzinə bu hərəkəti etdiyini yazırdı.
Bu da stress və uzun müddət süni mühitdə yaşamağın tətiklədiyi qeyri-təbii davranışlardan biridir. Preti deyir ki, biz belə halları «heyvanın həbsdən qaçışı» kimi qiymətləndirməliyik.
İntihara cəhd edən başqa heyvanlar arasında vəhşi təbiətdə yaşayan balinaları misal çəkmək olar.
Balinaların sahilə atılmasının səbəbi hələ ki bilinmir. Belə bir fikir mövcuddur ki, buna səbəb hansısa xəstə balinanın dayaz suda təhlükəsizlik axtarışı ola bilər. Balinalar qrup şəklində yaşadığına görə digərləri də xəstə balinanı izləyə bilərlər.
Bu ideyaya «xəstə lider hipotezi» adı verilib. Amma bu intihar hesab olunmur.
Özünə zərər davranışı kimi görünən hərəkətin daha ağıllı izahı da ola bilər. Bəzi parazitlər artmaq üçün bədəninə düşdükləri canlıların beyinlərinə təsir edirlər və fərqli davranışlara səbəb olurlar. Proses əsnasında adətən bədənin sahibi ölür.
Məsələn, toksoplazma gondii adlı parazitinə tutulan siçanlar pişiklərdən qorxmurlar. Əgər bir pişik həmin siçanı yeyərsə, parazit artmaqda davam edər. 2013-cü ildə aparılan bir araşdırma göstərib ki, parazit yoxa çıxdıqdan sonra belə, infeksiyanın sildiyi qorxu geri qayıtmır.
Eləcə də «ofiokordiseps unilateralis» adlı parazitli göbələk qarışqaların beyninə təsir edərək, onları zombiyə çevirir. O, həşəratın ölümünə səbəb olur.
Ana hörümçəklər balalarının onları yeməsi üçün şərait yaradırlar. Ölsələr belə, bu intihar sayılmır. Əksinə valideyn qayğısının ifrat əksi hesab olunur. Balalarının böyüməsi üçün ana hörümçək özünü qida kimi qurban verir.
Əgər bu hərəkət intihar deyilsə, bəs nədir?
İntihar adətən «birinin özünü bilərəkdən öldürməsi» kimi tərif olunur.
Biz, bəzi heyvanların özlərini öldürdüyünü bilirik. Bəs onların bunu bilərəkdənmi edirlər?
Ana hörümçək, misal üçün, bəlkə də bunu ölmək yox, qida niyyəti ilə edir. Bəlkə də ana ayı bu hərəkəti özünü və balasını öldürmək məqsədilə yox, stress ucbatından edib.
Bəzi ekspertlər suala cavab tapmağın qeyri-mümkün olduğuna inanırlar.
Heyvanın ağlını oxumaq olmur.
«Mən hələ də elmin cavab axtardığı sualın (heyvan intiharı) başqa olduğunu düşünürəm», King deyir.
«Biz onların bu davranışına kədərlə baxırıq, amma davranışın heyvana nə qədər ziyan vurduğu və bunun bilərəkdən və ya əksinə edildiyini görə bilmirik».
Bu fikirlə razılaşmayanlar çoxdur. Onlar deyirlər ki, insanlar özlərini öldürmək niyyəti ilə intihar etdikləri halda, heyvanlar idraki fərqlərə görə bunu məqsədli şəkildə etmirlər. Onlara görə, əsas fərq bizim gələcəyi düşünmək qabiliyyətimizdir.
Bir çox heyvanlar da qabaqcadan planlamaq bacarığına malikdirlər. Yeməyini daha sonra yemək üçün gizlədən quşlar, gələcəkdə istifadə üçün alətlərini saxlayan bonobos və oranqutanqlar haqqında məlumatımız var.
İntiharı planlamaq üçün bir kəsin dünyadakı yeri haqqında detallı anlayışı olmalıdır və dünyanı özü olmadan təsəvvür etməyi bacarmalıdır. Bunun üçün təxəyyül lazımdır.
«İnsanların, hadisələri təsəvvür etmək, münasibət bildirmək və dilə gətirmək bacarığı var», Avstraliyanın «Queensland» Universitetindən təkamül psixoloqu Tomas Sadendorf (Thomas Suddendorf) deyir.
«Bu, insanı ən yaxın heyvan qohumundan fundamental şəkildə fərqləndirən amildir».
«Biz çarəsiz hallarda çox narahat oluruq və bəlkə də heç baş verməyəcək hadisələr haqqında dərin nigarançılıq keçiririk», Saddendorf izah edir.
Əksəriyyətimiz narahatçılıqların öhdəsindən gəlirik. Bizim daxili optimist yanaşmamız var ki, gələcək üçün xoş ümidlər bəsləməmizə səbəb olur.
Amma gələcəyi qaranlıq görüb, depressiya keçirən biri üçün bunu demək olmaz.
«Klinik psixoloqlar, bizim əqli sağlamlığımız üçün gələcəyə baxışın mühümlüyünü anlamağa və açmağa başlayıblar», Suddendorf söyləyir.
ABŞ-ın San Dieqo ştatında yerləşən Kaliforniya Universitetindən Acit Varki (Ajit Varki) də, depressiyada olan insanları gələcəyə önəm verməsi fikri ilə razıdır. O, insanın unikallığı və ölümü inkar etmək qabiliyyəti barədə çoxsaylı yazıların müəllifidir.
«Reallıqlardan biri də odur ki, hər kəs öləcək».
Bu sonluğu isə demək olar ki, heç birimiz nəzərdə saxlamırıq. Varki bunu «təkamül qəribəliyi» kimi izah edir.
«Bizim həmin inkara ehtiyacımız var», o deyir.
«Yoxsa həyatdan küsər və heç bir şey etmərik».
Əvəzində bəzilərimiz təhlükəli dağlara dırmanır, maşınları sürətlə sürür və beynimizi alt-üst edən narkotik vasitələr qəbul edirik.
Varki, heyvan intiharı hallarına başqa cür izah verməyi təklif edir.
Heyvanlar yas saxlayır, ölü bədənləri tanıyır və qorxurlar. Amma ölümü «aktuallıq» kimi qiymətləndirib qorxmurlar.
«Ölüm, ona aparan təhlükəli vəziyyətin yaratdığı qorxudur», - Varki deyir.
Bu cür düşünmək ağlabatandır. Əgər heyvanlar da insanlar kimi ölümü inkar etsəydilər, zebrlər şirlərin yanında dolaşar, balıqlar timsahların yanında üzər və siçanlar ilanın gözünün içinə baxardılar.
Onlar da bizim qədər özlərini tanışaydılar, ərazilərini müdafiə etməyi dayandırar və ya yemək üçün mübarizə aparmazdılar. Qorxuya qarşı onların daxili cavabı da müvafiqdir: bu onların sağ qalmasına kömək olur.
Varki iddia edir ki, biz, ölümü anlayan və onunla başa çıxmağı bacaran yeganə heyvanlarıq. Çünki biz, özünü anlayan ən ağıllı məxluquq.
«İntihar nədir?» Varki sual edir.
«Ölümünü tətikləməkdir. Sonda öləcəyini bilə-bilə özünə necə qıya bilərsənki? Ona görə də intiharın insana xas bir davranış olması kifayət qədər məntiqlidir».