Borisova daha sonra qrupun başqa bir üzvü – Mariya Alyoxinanın da fevralın 26-da Krıma gələn kimi saxlandığını bildirib. Borisova bildirib ki, polisə gətiriləndən sonra Alyoxina ilə əlaqə kəsilib.
Krımlı vəkil Emil Kurbedinov fevralın 26-da deyib ki, sözü gedən üç nəfər müayinə üçün tibb təsisatına gətiriliblər. Vəkil bundan geniş açıqlama verməyib.
Borisova müayinədən sonra polis məntəqəsinə gətirilib, Alyoxina sərbəst buraxılıb. Sofeyev haqqında heç bir informasiyanın olmadığı xəbər verilir.
Krımdakı Rusiya hakimiyyət orqanları bu saxlamalar barədə rəsmi məlumat verməyib.
Ötən avqustda Alyoxina və Borisova Sibirdə ukraynalı kinorejissor Oleh Sentsovun saxlandığı ucqar həbsxananın yaxınlığında aksiya keçirdikdən sonra saxlanmış və cərimə olunmuşdular.
Sentsov əslən Krımdandır. O hazırda həbsxanada terror ittihamları ilə bağlı məhkum edildiyi 20 illik həbs cəzasını çəkir. Tərəfdarları ona qarşı ittihamların qondarma olduğunu bildirirlər.
«Pussy Riot» 2012-ci ildə Alyoxina və qrupun üzvü Nadejda Tolokonnikova Moskvadakı Müqəddəs Xilaskar İsa Məbədinin içərisində rəqs etdikdən və ovaxtkı baş nazir Vladimir Putinə «lağlağı dua» oxuduqdan sonra «dini nifrəti qızışdıran xuliqanlıq» ittihamları ilə məhkum olunmuşdular. Putin həmin vaxt prezidentliyə qayıtmaq üçün kampaniya aparırdı.
Alyoxina və Tolokonnikova 2013-cü ildə həbsxanadan azad olunarkən cəza müddətlərinin bitməsinə az qalırdı.
Onlar 2014-cü il Soçi Qış Olimpiadasının ərəfəsində Putinin imicini yüksəltmək məqsədilə əfv edilmişdilər.