Vaxt.Az

İmpiçment TRAMPlini


 

Daha bir vəkil « ABŞ prezidentinin axırının çatdığını» deyir

İmpiçment TRAMPlini Britaniya mətbuatı ABŞ prezidenti Donald Tramp və Rusiya sövdələşməsi mövzusunu yenə diqqətdə saxlayıb. «The Independent» yazır ki, ABŞ-da prezident Niksonun hakimiyyətinə son qoymuş «Watergate» qalmaqalı zamanı onun vəkili olmuş qocaman hüquqşünas Trampın prezidentliyi üçün çox böyük təhlükənin yarandığını deyib.

1970-ci ilin iyulundan 1973-cü ilin aprelinədək Riçard Niksonun (Richard Nixon) vəkili olmuş 79 yaşlı Con Din (John Dean) o vaxt təkcə bir ittiham üzrə günahını etiraf edərək müttəhimdən şahidə çevrilə bilmişdi.

İndi isə Din deyir ki, Rik Qeytsin (Rick Gates) təqsirini boynuna alması Trampın prezidentlik taleyində həlledici rol oynaya bilər.

«Prokuror Müller Trampın kampaniya başçısı olmuş Manaforta qarşı əlindən nə gəlirsə, edir. O, indi Manafortu, Geytsdən istifadə edərək bitirmək istəyir. Getdikcə daha çox görünür ki, Manafort Rusiya ilə sövdələşmədə əsas zəncirdir», - Din «Twitter»də yazıb.

«Əgər Qeyts Manafortun Trampın göstərişləri ilə hərəkət etdiyini desə, bu, Trampın prezidentliyinin sonu olacaq. Bu, çox tutarlı dəlil olardı», - qocaman hüquqşünas yazıb.

Trampın seçki kampaniyası meneceri Pol Manfortun (Paul Manafort) müavini olmuş 45 yaşlı Rik Qeyts ötən həftə prokuror Müllerin apardığı təhqiqatın gedişində təqsirini boynuna alıb. Müller Trampla Rusiya arasında mümkün sövdələşməni araşdırır.

Qeyts özünə qarşı ittihamlardan ikisi üzrə təqsirini etiraf edib. Bunlardan biri Amerikaya qarşı qəsd və ikincisi isə Federal Təhqiqatlar Bürosuna yalan məlumat verilməsinə dair ittihamdır.

Beləliklə, Qeyts təqsirin etiraf edilməsinə dair sazişi imzalayaraq, təhqiqatla «tam, həqiqi və səmimi» əməkdaşlığa razılıq verib.

İndi belə söhbətlər dolaşır ki, Qeyts Manafortun mühakiməsində ona qarşı əsas şahid kimi çıxış edəcək.

Din başqa bir tvitində yazır ki, Trampın Manafortu əfv edəcəyinə dair söhbətlər məhz buna görə narahatlıq doğurmuşdu.

Lakin hüquqşünas yazır ki, Tramp Manafortu əfv etmək səlahiyyətlərinə malik deyil.

«Beləliklə Manafiorta mat elan edilə bilər», - Din yazıb.

Manafort çirkli pulların yuyulması və qəsd barədə bir çox ittihamlar üzrə təqsirini boynuna almır.

 





27.02.2018    çap et  çap et